Bizim torpaqların, Mərkəzi Aran ellərinin ən gözəl nemətlərindən olan narın dərilən vaxtıdır. İndi bu tərəflərə kimin yolu düşürsə, həyətlərdəki ağaclara yaraşıq verən qırmızıyanaq narla dolu budaqlara heyranlıqla tamaşa edir. Göyçay, Sabirabad, Hacıqabul, digər rayonlarda bağbanlar narın vaxtilə 67 növünün olduğunu, bizə onun ən azı 30 növünün gəlib çatdığını deyirlər. Gülöyşə, Şişbaşı, Balmürsəl, Purnur, Şah, Kazaki, İradə, Nəsimi, Məhsəti, Zibeydə, Humay və digər növlərə bağbanlar xüsusi üstünlük verirlər.
Narın insan orqanizminə faydalı olduğu çoxdan öz təsdiqini tapıb. Buna baxmayaraq, bəzi xatırlamalar aparmaq yerinə düşər. Məsələn, ordan başlayaq ki, insan gündə neçə ədəd nar yeyə bilər? 100 kiloqram çəkidə olan bir insan gündə 500 qram təmiz nar şirəsi qəbul edərsə, faydalı təsir bağışlayar.
Alimlər sübut etmişlər ki, narın tərkibi kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2, B3, C vitaminləri ilə zəngindir. Tərkibindəki kalium və natrium bədənimizin su balansını qoruyur, kalium həm də yığılmış artıq mayeni və ödemləri xaric edir, ürək, qan-damar sistemini qüvvətləndirir, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradır.
Nar mədənin divarlarını içdən təmizləyir və əzələsini möhkəmləndirir. Nar ürək əzələsinin ritmini artırır, ishalın qarşısını alır, qabığı qurdqovucu təsir göstərir. Nar şirəsini buruna tökən zaman burundakı poliplər kiçilməyə başlayır. Şirin nar yeyilməsi öskürəyi kəsir, ağciyərləri təmizləyir. Turş nar isə ürəkbulanmanı azaldır, sidikqovucu təsir edir, mədə və qida borusundan qaynaqlanan ağız qoxusunun qarşısını alır.
Öd durğunluğu zamanı turş nar yemək faydalıdır. 1 ədəd orta ölçülü narın şirəsini çəkib, bir o qədər bal ilə qarışdırıb 5 dəqiqə qaynadanda, alınan qarışığı göz xəstəlikləri zamanı sürmə kimi gözümüzə çəksək həmin xəstəlik aradan qalxacaq, sağalmaz ağız və damaq yaralarının üstünə çəkəndə də eyni faydalı təsirlə qarşılaşacağıq. Bu qarışığı dırnaq dibinin iltihabı zamanı şişmiş nahiyənin üzərinə qoyanda iltihab sorulur.
Nar qanda yüksəlmiş xolesterini aşağı salır, damarların mənfəzini təmizləyir, beyin qan dövranını yaxşılaşdırır, yaddaşı və zehni qabiliyyəti gücləndirir, qanı durulaşdırır, artmış ürək döyüntülərini normallaşdırır. Nar qabığını suda 5 dəqiqə qaynadıb, bir az bal əlavə edib koliti və bağırsaqlardakı yaraları müalicə etmək olar, bu qarışıq çox güclü ishalkəsicidir. Şirin nar qabığını qurudub, qəhvəüyüdəndə üyüdərək toz halına salıb, sulu yaraların üzərinə tökən zaman yaralar həm sulanmır, həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb yaraların üzərinə məlhəm kimi çəkmək olar.
Amma burada diqqəti çəkən bir məqam daha vardır. Nar nə qədər faydalı olsa da, onun zərərləri də mövcuddur. Tərkibindəki meyvə şəkəri - fruktozanın ifrat qəbulunun artıq çəki və şəkərli diabet əmələ gəlməsindəki rolundan tutmuş, pelletrein və onun bənzəri polifenolların genlər üzərindəki toksik təsirinə qədər müxtəlif zərərlərinə də təcrübədə rast gəlinib.
Təbiətin bizə bəxş etdiyi bütün nemətləri israfçılığa yol verməyib, qədərində qəbul etmək insan orqanizminə müsbət təsir göstərir. Nar da bu nemətlərdən biridir.
Tofiq HÜSEYN,
“Respublika”.