Nailiyyətlərlə zəngin 25 illik çətin və şərəfli yol
Mədəniyyət

Nailiyyətlərlə zəngin 25 illik çətin və şərəfli yol

Bu gün ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində əhəmiyyətli addımlar atılır, qloballaşan dünyamız informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqini zərurətə çevirir. Müasir media informasiya təminatı dövrün çağırışlarına cavab vermək baxımından yeni forma və metodlara əsaslanır.

Cəmiyyətin aynası olan Azərbaycan mətbuatı şərəfli bir yol keçmiş, 70 illik bir dövrün qadağa və basqılarına baxmayaraq, özünün milli ruhunu qoruyub saxlaya bilmiş, peşəkarlıq səviyyəsi və digər parametrlərinə görə İttifaq miqyasında seçilmiş, milli mətbuatımızın əsası sayılan “Əkinçi” qəzetinin ideyalarını yaşatmışdır.

Azərbaycan mətbuatının çoxsaylı ailəsinin üzvü olan “Respublika” qəzetinin ilk nömrəsi 1996-cı il martın 20-də işıq üzü görüb, həftədə bir dəfə çıxan qəzet qısa zamanda gündəlik çap olunmağa başlayıb. İlk nömrələrindən Azərbaycan dövlətçiliyinə, milli maraqlara xidmət edən qəzet oxucuya obyektiv və qərəzsiz informasiya çatdırmaq, respublikamızda və dünyada baş verən hadisələri doğru-dürüst işıqlandırmaq, hadisə və faktlara daha dərindən nüfuz etməklə geniş oxucu auditoriyası qazandı. Çətin sınaqlardan keçən “Respublika”  bu gün 25 illiyini qeyd edir.

Milli mətbuatımızın 146-cı ildönümü və “Respublika” qəzetinin  25 illiyi münasibətilə keçirilən tədbirdə dövlət siyasətinin əsasını təşkil edən mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq  təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik islahatların həyata keçirilməsi sahəsində düzgün istifadə edilməsi və s. məsələlərdən danışıldı.

Tədbiri giriş sözü ilə açan “Respublika” qəzetinin Baş redaktoru Hümbət Musayev iştirakçıları salamladıqdan sonra, “Respublika” qəzetinə uzun illər rəhbərlik etmiş Teymur Əhmədovun və Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Baş redaktor Hümbət Musayev dövlət  qayğısının  və gərgin əməyin sayəsində ərsəyə gələn “Respublika” qəzetinin nailiyyətlərlə zəngin 25 illik çətin və şərəfli yolundan danışdı, kollektivi zamanın tələbi ilə ayaqlaşmaq, yeni çağırışlara cavab vermək istiqamətində səfərbər olmağa səslədi. Milli mətbuatımızın inkişaf mərhələlərindən danışarkən o bildirdi ki, Azərbaycan mətbuatı ulu öndərin respublikaya rəhbərliyinin bütün dövrlərində dövlət qayğısı ilə əhatə olunub və bu ənənə dövlət başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir. Media işçilərinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların əməyinin stimullaşdırılması istiqamətində davamlı işlər görülür. Çox sahədə öncül  olan “Respublika” qəzetinin bundan sonra da liderliyini qoruyub saxlayacağına əminliyini bildirən Baş redaktor Hümbət Musayev daha sonra qeyd etdi ki, bu gün milli mətbuatımızda aparılan  islahatlar fonunda ənənəvi çap mediası da inkişaf etməli və dövrün çağırışlarına cavab verməlidir. Media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi yaradılan MEDİA Agentliyinin məqsədi də bu sahədə innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. Qəzetin hər bir əməkdaşı işinə məsuliyyətini artırmalı, oxucuya informasiyanın operativ şəkildə çatdırılmasını təmin etməlidir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişaf tarixinə qısaca nəzər salaraq  bu sahədə  xidmətləri olan insanları yada saldı, mətbuatımızın himayədarı, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Jurnalist əməyinə böyük hörmətlə yanaşan, həqiqətlərin xalqa çatdırılmasında KİV-in əvəzsiz vasitə olduğunu qeyd edən ümummilli lider Heydər Əliyevin onun inkişafında böyük rol oynadığını, “Respublika” qəzetinin  əhalinin müxtəlif təbəqələri arasında geniş yayılmaqla rəsmi  qəzetlər arasında daim seçildiyini dedi.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev jurnalistikamızın mütərəqqi ənənələrinə xidməti özünün əsas qayəsi hesab edən “Respublika” qəzetinin müasir və müstəqil Azərbaycanın şanlı tarixinin yeni salnaməsini yaratdığını, onun səhifələrində hüquqi, demokratik Azərbaycan dövlətinin  quruculuğu naminə görülən  işlərdən bəhs edən yazılara üstünlük verildiyini dedi, qəzet rəhbərliyi ilə Mətbuat Şurasının birgə, faydalı əməkdaşlığından  söz açdı, bundan sonra da bu istiqamətdə  işlərin davam etdirilməsinin vacibliyini vurğuladı.

Tədbirin sonunda uzun illər səmərəli  fəaliyyətinə, işə peşəkar və məsuliyyətli yanaşdığına  görə “Respublika” qəzetinin bir qrup əməkdaşı  Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olundu.

Milli mətbuatımızın 146-cı ildönümü və “Respublika” qəzetinin 25 illiyi münasibətilə  redaksiya kollektivini təbrik edir, onlara şərəfli işlərində uğurlar arzulayırıq.

Zümrüd QURBANQIZI,

“Respublika”.