Nail İbrahimli
Sosial həyat

Nail İbrahimli

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" adı altında əks-hücum əməliyyatlarına başladı. Dövlətimizin başçısının qətiyyəti, əsgər və zabitlərimizin cəsarəti və igidliyi sayəsindı tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər əldə edildi və bununla da otuzillik işğala son qoyuldu.

44 günlük Vətən müharibəsində mərdlik, vətənpərvərlik nümayiş etdirən, şücaət göstərən qəhrəman Azərbaycan oğullarından biri də kiçik gizir, qəlbi Azərbaycan, Vətən eşqi ilə döyünən Nail İbrahimli idi. O, Vətən müharibəsində, çətin döyüş əməliyyatlarının yerinə yetirilməsində iştirak edərək Qarabağ uğrunda gedən ölüm-dirim savaşında qəhrəmancasına həlak oldu...

Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açmışdır. 2001-2011-ci illərdə V.İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almış, kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi bacarıqla təmsil etmiş və tərifnamələrə layiq görülmüşdür.

Nail İbrahimli hərbi xidməti uğurla başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi birləşməsinə daxil olmuşdu.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutdular.

Torpaqlarımıza güllə yağışı yağanda, yurdumuza qara əllər uzananda Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Nail İbrahimli düşmənə sarsıdıcı zərbələr endirməyi qarşısına məqsəd qoydu, odlu səngərlərə atıldı. O, Murovdağ istiqamətində gedən ağır döyüşlər zaman düşmən postlarının darmadağın edilməsində, bir neçə hakim yüksəkliklərin nəzarətə götürülməsində yaxından iştirak etmişdir.

Nail İbrahimli daha sonra Füzuli, Qubadlı və Zəngilan istiqamətlərində aparılan əməliyyatlarda iştirak etdi. Füzuli şəhəri və rayonun böyük bir hissəsi azad edildikdən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələr gizir Nail İbrahimlinin üzvü olduğu dəstənin əks-hücumu nəticəsində Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olundu. Həmçinin, 18 oktyabr tarixində Azərbaycan Ordusu Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünü də işğaldan azad etdi. Uğurlu döyüşlərdə pulemyotçu Nail İbrahimli şücaət göstərdi.

Kiçik gizir Nail İbrahimlinin iştirakı ilə Qubadlı istiqamətində strateji yüksəkliklər, yaşayış məntəqələri, sərhədyanı ərazilər və Qubadlı şəhəri azad edildi və bundan sonra Laçın dəhlizi istiqamətində əməliyyatlara başlandı.

Vətən müharibəsi qəhrəmanı, mayor Elçin Səfərovun dediklərinə görə kiçik gizir Nail İbrahimli pulemyotçu kimi dəstədə çətin və vacib vəzifələri yerinə yetirmiş, döyüşlərdə fəallıq göstərmişdi.

Nail İbrahimli bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi. Tale elə gətirdi ki, noyabrın 8-də Şuşa şəhərinin alınmasında qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucalan Vətənin bu cəsur, igid oğlu doğma kəndlərində - Oğuz rayonunun Xaçmaz kəndindəki Şəhidlər Xiyabanında dəfn olundu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsində göstərdiyi rəşadətə görə Nail İbrahimliyə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

Həmçinin, Nail İbrahimli "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülmüşdür.

Qədir ASLAN,

"Respublika".