NAFTALANIN  QIŞ QAYĞILARI      
Region

NAFTALANIN  QIŞ QAYĞILARI      

Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyası, qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası öz səmərəli nəticəsini vermiş, respublikamızın şəhər, qəsəbə və  kəndlərinin siması köklü şəkildə dəyişmişdir. Bu gün hər bir ailə, hər bir vətəndaş sözügedən Dövlət proqramlarının real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir. Azərbaycanın hər bir guşəsində aparılan abadlıq, tərəqqi və yüksəliş, qədim Oğuz yurdu, dünyanın nadir incisi olan, nəhəng Qafqazın ən zəngin torpaqlarında yerləşmiş Azərbaycanın möcüzəli və əfsanəvi məkanlarından olan şanlı Naftalanda daha qabarıq görünür.

Şəhərdə həyata keçirilmiş çoxsahəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması infrastrukturların yeniləşməsi, vətəndaşlara keyfiyyətli xidmətin yaxşılaşması, rifah halının daha  da yüksəlməsi ilə diqqəti çəkir.  

Yer üzünün sehrli və ecazkar məkanlarından olan şanlı Naftalan dövlət başçısı cənab İlham Əliyevin sonsuz diqqət və qayğısı nəticəsində, öz keçmiş şöhrətini bərpa etmiş, sözün əsl mənasında, dünya səviyyəsində  təbabəti, təbiəti və qonaqpərvərliyi ilə xalqımızın imicini zənginləşdirmişdir. Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər xidmət sahələrinin rəhbərləri ilə birgə tərtib olunmuş qrafik əsasında səyyar görüşlər keçirir. Bu görüşlərdə çoxlu sayda vətəndaşı fərdi dinləyir, onların  sosial problemləri və həyat tərzi ilə yaxından tanış olur, problemləri  yerindəcə müvafiq qurumların köməyi əsasında həll olunur. Şəhərdə  yenidən yüksək zövqlə qurulmuş, geniş parklar, xiyabanlar sakinlərin asudə vaxtlarında   istirahətinə, körpələrin əyləncələrinə böyük önəm verir. Hər yerdə səliqə-sahman, payız-qış mövsümü olmasına baxmayaraq, yaşıllıqlar arasında boylanan gül-çiçəklər ətrafa xüsusi gözəllik verir, ürəkləri riqqətə gətirir. Ümumiyyətlə, Naftalanda  ilin bütün fəsilləri gözəl və mənalıdır, füsunkardır. Məhz bunun üçün də turistlər ilin bütün fəsillərində dincəlməyə, müalicəyə və gəzməyə bura üz tuturlar.

Naftalan Şəhər İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, şəhər polis şöbəsinin rəisi, icra hakimiyyətinin  məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların, şəhərin xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Şəhər rəhbəri, payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də  əhalinin rahatlığı və rifahının yüksəldilməsi istiqamətində infrastruktur layihələr, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı işlər uğurla həyata keçirilir.

Payız-qış mövsümü ilə əlaqədar şəhər icra hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq fəaliyyət göstərən ayrı-ayrı təsərrüfat xidmətlərinin soyuq havalarda gücləndirilmiş iş rejimində çalışacağı, yaranan çatışmazlıqların operativ aradan qaldırılması məqsədilə təxirəsalınmaz  tədbirlərin görüləcəyi də diqqətə çatdırılıb. Şəhərin xidmət sahələrinin rəhbərləri qış mövsümünə hazırlığın yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzələri ilə çıxış ediblər.

Müzakirələr zamanı mövsümi məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Zabit XƏLİLOV,

“Respublika”.