NAFTALANDA ABŞERON RAYONUNUN ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİ MÜALİCƏ OLUNUR
Region

NAFTALANDA ABŞERON RAYONUNUN ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİ MÜALİCƏ OLUNUR

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqımızın milli iftixar və qürur mənbəyinə çevrilib. Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhid ailələrinə, müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük qayğı göstərilir.

Abşeron rayon və Naftalan şəhər icra hakimiyyətlərinin birgə təşəbbüsü ilə rayonun bir qrup şəhid ailəsi və qazilər "Gold Naftalan" Müalicə və Sağlamlıq Mərkəzində müalicə alırlar.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov mərkəzdə Şəhid ailələri və qazilərlə görüşüb, onların şəraiti ilə yaxından tanış olub, müalicənin gedişi ilə maraqlanıb. Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı icra başçısı qeyd edib ki, ölkəmizdə bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bacı və qardaşlarımızın ailələri, onların övladları, Qarabağ müharibəsi əlilləri və iştirakçıları dövlətimizin qayğısı ilə əhatə olunublar. Möhtərəm Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər an onların sosial-məişət problemlərini daim diqqətdə saxlayır.

  Görüş zamanı şəhid ailələri və qazilər işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən qürurla danışaraq, ölkə rəhbərliyinə onlara daim göstərilən yüksək diqqətə görə öz dərin minnətdarlıqlarını bildiriblər.       

Zabit XƏLİLOV,

"Respublika".