NAFTALAN: Döyüş medalı şəhidin atasına təqdim olunub
Region

NAFTALAN: Döyüş medalı şəhidin atasına təqdim olunub

Naftalan şəhərində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Bəhruz Firuz oğlu Quliyevin ildönümü şəhidin məzarı önündə, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri ilə birgə qeyd olundu. Məzarın önünə gül dəstələri düzüb ruhuna dualar oxundu.

Mərasim iştirakçıları şəhidimizin şərəfli, qısa və mənalı həyat yolundan əhatəli söz açaraq vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildiriblər. Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış və qəhrəman oğullarımızın cəsurluq göstərərək, son nəfəsinə qədər vuruşaraq həyatları bahasına torpaqlarımızı düşməndən  azad etdiklərini xüsusi vurğulayıblar. Şəhər rəhbəri şəhidin  ailə üzvlərinə təskinlik verərək bildirib ki, şəhid Bəhruz Quliyevlə hər kəs fəxr edir, o, bütün gənclərə örnəkdir. O öz qəhrəmanlığı ilə tarixin yaddaşına qızıl hərflərlə elə bir ad yazdı ki, o adı zaman tarixdən-tarixə, əsrdən-əsrə özü ilə yaşadacaq. O ad övladlarının  ömür yolunda bir çırağa dönəcək. Şəhidin atası Firuz kişi  özünü tox tutaraq dedi:-”Oğlumuzdan qürur duyuruq. Təki Vətən sağ olsun”.                                                                               

Bəhruz  Firuz oğlu Quliyev 1990-cı il may ayının 9-da Naftalan şəhərində anadan olub. Ailəli idi, iki qız övladı əmanət qalıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Quliyev Bəhruz Firuz oğlu (ölümündən sonra) “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Şəhidin medalı ildönümü günü atası Firuz Quliyevə təqdim olunub.

            Zabit XƏLİLOV,

     “Respublika”.