Müzəffər sərkərdəyə ümumxalq sevgisi
Siyasət

Müzəffər sərkərdəyə ümumxalq sevgisi

Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı əhali tərəfindən coşqu ilə qarşılanması bunun parlaq ifadəsidir

“Biz müntəzəm olaraq Azərbaycan ictimaiyyətini gedən işlərlə bağlı məlumatlandırırıq. Görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir. Əlbəttə, o bölgələrdən olan insanlar - keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır” - deyən möhtərəm Prezidentimiz qeyd edir ki, müharibədən qısa müddət keçməsinə baxmayaraq, çox böyük işlər görülüb. Dövlət başçısı işğaldan azad olunan bölgələrə müntəzəm səfərlər edir.

Dövlət başçısının hər biri tarixi hadisəyə çevrilən Qarabağa çoxsaylı səfərləri böyük siyasi, iqtisadi əhəmiyyəti ilə yanaşı,  xalqın inam və məhəbbətinin əyani nümayişi olaraq yaddaşlara həkk olunur. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tarixinin yeni şanlı səhifələri qızıl hərflərlə yazılır. Son 17 il ərzində Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. İkinci Qarabağ savaşında şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində də tarixi nailiyyətlərə imza atdı. Fəxarət hissilə bildiririk ki, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Zəfər və mütləq Qələbə olmamışdır. Beynəlxalq aləm Azərbaycan xalqının öz müdrik liderinin, qətiyyətli Sərkərdəsinin ətrafında sıx birləşərək 30 ilə yaxın davam edən münaqişədə erməni faşizmini məhv etdiyinin, düşmən üzərində parlaq Qələbə, Zəfər qazandığının, böyük geosiyasi məkanda proseslərin bütöv məcrasını tamamilə dəyişdiyinin şahidi oldu.

Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu gün müharibədən sonra yeni dövr başlayır. İndi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız genişlənsin və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri quruculuq, yenidənqurma işlərinin sürətlə aparılmasının təsdiqidir. əfər çərçivəsində iştirak etdiyi açılışlar, əslində, görülən işlərin həcmini göstərir. Eyni zamanda, onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir, həm də yeni infrastruktur layihələrinin, sənaye müəssisələrinin, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına ötən ilin 16 noyabr tarixində səfərlərini yada salıram. Bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır. Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirir. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan cənab Prezidentin xalqın dərin məhəbbəti ilə qarşılandığını görürük. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bir daha bölüşdü. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Vətəndaşlarımızın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Prezident İlham Əliyev tarix yazan ordunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi mənəvi dəyər, məna daşıyır.

Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi. Vətən müharibəsində şanlı sınaq bizə bir məsələni gün kimi aydın etdi. Azərbaycanda xalq-iqtidar birliyi var. Milli məsələlərdə isə bu birlik istənilən gücə qarşı yumruğa çevrilir. Mən deyərdim ki, ümumən son dönəmlərdə həyata keçirilən sosioloji sorğuların nəticələrinə baxsanız, görərsiniz ki, Azərbaycan xalqı öz liderini sevir, ona inanır, onu dəstəkləyir. Bu, son hadisələrdə bir daha özünü göstərdi. Cənab Prezident öz növbəsində lider kimi bütün məsələləri xalqa müraciət edərək açıq-aydın, şəffaf şəkildə çatdırır. Bu müraciətləri dinləyən hər bir azərbaycanlı qürur hissi keçirir. Eyni zamanda Prezidentinə güvəni daha da artmış olur.  Biz millət olaraq çox şanslıyıq ki, bizim İlham Əliyev kimi liderimiz var. Qətiyyəti, idarəetmə bacarığı, uzaqgörən siyasəti ilə cənab İlham Əliyev Azərbaycan xalqının dərin hörmət və ehtiramını qazanmışdır. Xalqın sevgisi İlham Əliyevi daha uca zirvələrə qaldırır. Çünki Prezidentimiz buna layiqdir. Mən inanıram ki, bu gün ümummilli liderin ruhu şaddır. Şaddır ona görə ki, cənab Prezidentin rəhbərliyi altında biz öz dədə-baba torpaqlarımıza qayıtdıq. Şaddır ona görə ki, İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək İlham Əliyevi özünün siyasi varisi elan etdi və “ona özüm qədər inanıram. Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” dedi. Ulu öndər elə bir siyasi məktəb yaratmışdı, elə bir siyasi kurs müəyyənləşdirmişdi ki, onu ancaq cənab İlham Əliyev kimi müdrik və praqmatik lider başa çatdıra bilərdi. Zaman bir daha ümummilli lider dühasının bənzərsizliyini sübut etdi. Bu günlərdə hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O, həm də güclü bir xalq - iqtidar birliyini formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır. Ən çətin məqamlarda belə dövlətin, xalqın maraqlarına uyğun qərarlar verməsi cənab İlham Əliyevin qətiyyətli mövqeyindən, siyasi iradəsindən, liderlik fəlsəfəsindən, dövlətçilik təcrübəsinin zənginliyindən irəli gəlir. Müasir şəraitdə Azərbaycanın intellektual potensialının inkişafı, texnoloji innovasiyaların təkmilləşdirilməsi, bütün sahələrdə tərəqqi möhtərəm Prezidentimizin titanik fəaliyyətinin başlıca hədəflərindəndir.

Zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Yaddaşımızda babalarımızın “El gücü, sel gücü”, “El bir olsa, dağ oynadar yerindən” deyimləri yeni, əməli fəaliyyət müstəvisində təzələndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn təmiz milli-mənəvi dəyərlərinin, azadlıq uğrunda mübarizə ruhunun imtahanı, onun dəyanətliliyinin və mətinliyinin ayarı sayıla bilən məhək daşı oldu. Biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi, əlbəttə, çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Bu Vətən müharibəsində qəhrəman ordumuzun Müzəffər  Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi qələbəsinin bütün milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacağıq. Biz həmişəlik yadda saxlamalıyıq ki, bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

Hamıya gün kimi aydındır ki, müharibədə qələbə olduqca çox amillərin bir-birini tamamlaması, ardıcıl, məqsədyönlü, kəsərli, ölçülüb-biçilmiş kompleks səylərin və mübarizənin nəticəsində əldə edilir, lakin müharibənin ilham verəni, bütün xalqı ətrafında birləşdirib vahid məqsəd üçün səfərbər edəni və hər anına rəhbərlik edib yönəldəni olmasa hazırki ağır şərtlər altında bu möhtəşəm qələbəyə nail olmaq mümkün olmazdı. Prezident İlham Əliyev düşmənin başı üstündə tutduğu yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi. Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq da bütün vətəndaşların güc və enerjisini qələbəyə yönəltdi. Qələbə isə, milli varlığımızı, milli kimlik və mənsubiyyət fəlsəfəmizi, bütövlükdə milli ruhumuzu yeni-yeni keyfiyyətlərlə doldurur, onu yaşadır, əbədi edir. Aydın dərk edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür sürməyə və əməli ilə vətəni, dövləti şərəfləndirməyə sövq edir.

Yusif ƏLƏKBƏROV,

“Prant” şirkətinin prezidenti.