“Müzəffər Sərkərdənin igid əsgərləri” adlı tədbirlər
Digər xəbərlər

“Müzəffər Sərkərdənin igid əsgərləri” adlı tədbirlər

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən uğrunda canlarından keçən şəhidlərimizin tanıdılması və onların keçdiyi şərəfli döyüş yolunu gənclərə aşılamaq məqsədilə “Müzəffər sərkərdənin igid əsgərləri” adlı silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir Naxçıvan Qarnizonu tam orta məktəbində təhsil almış şəhid baş leytenant Orxan Quliyev və gizir Bağır Ələkbərova həsr edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə şəhidlərimizin ailə üzvləri, qazilər, Naxçıvan Qarnizonu tam orta məktəbinin pedaqoji və şagird kollektivi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Digər çıxış edənlər ordumuzun qüdrətindən, şəhidlərimizin döyüş zamanı qəhrəmanlıqlarından danışıblar.

Bildirilib ki, kəşfiyyatçı zabitimiz baş leytenant Orxan Quliyev 13 mart 2015-ci ildə Lələ-təpə istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Vətən Müharibəsinin də iştirakçısı olan gizir Bağır Ələkbərov 2020-ci il oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Hər iki qəhrəman Vətən oğlu bir çox orden və medallara layiq görülüblər.

Tədbirdə ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub.

“Respublika”.