MÜZƏFFƏR ORDUMUZUN MÖHTƏŞƏM ZƏFƏRİ
Siyasət

MÜZƏFFƏR ORDUMUZUN MÖHTƏŞƏM ZƏFƏRİ

Azərbaycan xalqının böyük səbirsizliklə gözlədiyi qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, qəhrəman ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu təsdiqlədi. Müzəffər ordumuz işğal altında olan ərazilərimizi öz gücü ilə azad etmək iqtidarında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bir il əvvəl qazanılan bu şərəfli qələbə Ermənistanın 30 illik işğalına son qoydu. Azərbaycan Prezidenti, Ali Baş Komandan, şanlı ordumuz, müzəffər xalqımız Zəfər gününü qalib kimi qeyd etdiyi bu günlərdə qürur hissi keçirməklə bərabər, həm də sülhün, əmin-amanlığın təmin olunması üçün dünyaya çağırışlar edir, millətləri, xalqları həmrəyliyə səsləyir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi yalnız Ermənistanın işğalına son qoymaqla deyil, həm də xalqımızın təcavüzkar, xəbis erməni faşizmi üzərindəki möhtəşəm qələbəsi ilə başa çataraq tarixə qızıl hərflərlə yazıldı.      

Artıq təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı, bütün təbii resurslarını, dini, mədəni abidələrini vəhşicəsinə talan və təhqir etdiyi tarixi Azərbaycan ərazilərinin cəmi 44 günlük Vətən müharibəsi ilə azad edilməsindən bir il ötdü. Qələbə Azərbaycanı bütövləşdirdi və ərazi bütövlüyümüz təmin olundu, ölkəmizin dünya birliyindəki nüfuzu daha da yüksəldi. Onu qeyd edək ki, bu 44 günlük Zəfər yürüşündə, haqq savaşında hərbçilərimizlə yanaşı, qismən səfərbərlik əsasında cəbhəyə yollanan ədliyyə işçiləri də çox idi. Bu vətənpərvər gənclər peşələrini silaha dəyişərək cəbhəyə yollandılar: "Vətən məni səsləyir" - dedilər. Ön cərgədə, qızğın döyüşlərdə qəhrəmanlıq, şücaət göstərdilər, nümunə oldular. Torpaqlarımızın azad olunması uğrunda vuruşan bu hüquqşünaslar ən yüksək, ali adlara layiqdirlər. Şəhidlik zirvəsinə ucalanlar da oldu... Azərbaycan xalqı və tarix heç vaxt bu igidləri unutmayacaq, daim qəlblərdə yaşayacaqlar.

Bəli, müdrik dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsi dövlətçilik tariximizi qürurlandırdı, hər birimizdə iftixar hissi yaratdı. Haqq-ədalətin bərpası olan bu müharibə xalqımızı mübariz etdi və milli həmrəyliyimizi gücləndirdi. Bu günə qədər dünyada baş verən müharibələrin heç birində 44 gün ərzində düşmən diz çökdürülməyib və kapitulyasiya aktına imza atılmayıb. Bu tarixi nailiyyəti yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti, qəhrəman ordumuz qazanıb.

Azərbaycan XXI əsrdə aparılan müharibədə ilk qalib dövlət kimi öz tarixinə şərəfli səhifə yazdı və Zəfər paradı keçirdi. 18 il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti öz bəhrəsini verdi. Dövlət başçısının xüsusi nəzarəti altında həyata keçirilən ordu quruculuğu, hərbi siyasətin səmərəliliyi döyüş meydanında özünü büruzə verdi. Dünya ictimaiyyəti Ermənistanın "məğlubedilməz ordusunun" darmadağın edilməsinin şahidi oldu. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi müharibənin ilk günündən yox etdi. Nəhayət, Ermənistan Azərbaycan xalqının iradəsi ilə hesablaşmaq məcburiyyətində qaldı və ötən il noyabrın 10-da kapitulyasiya aktını imzalamaqla təslim olduğunu rəsmən təsdiqlədi. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu qələbə ilə bütün dünyaya sübut etdi ki, Ermənistan heç vaxt güclü Azərbaycanın qarşısında dura və eyni zamanda, heç bir qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməz. Çox təəssüf ki, torpaqlarımız 30 ilə yaxın işğal altında qalsa da, beynəlxalq təşkilatlar, xüsusən münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri heç vaxt bu məsələ ilə bağlı obyektiv yanaşma ortaya qoymadılar, susdular. Qarabağ bütün dünyada Azərbaycan torpağı kimi tanınsa da, 1993-cü ildə BMT tərəfindən 4 qətnamə qəbul edilsə də, ikili standartlarla üzləşdik, işğalçı öz adı ilə çağrılmadı. Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və barışmadı da. Ulu öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı kimi, Prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Hər zaman vədlərini yüksək səviyyədə yerinə yetirən dövlət başçısı Vətən müharibəsində də öz sözünü dedi. Darmadağın edilən Ermənistanın və dünya erməniliyinin Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq xülyasının üstündən birdəfəlik xətt çəkildi. Şuşanın işğaldan azad edilməsi şanlı Qələbənin rəmzidir. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən bir əməliyyat idi. Belə ki, Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır.

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri bu sərt qayalıqlara dırmaşaraq, yüngül silah-sursat ilə şəhərin istehkamını dağıdaraq, qəhrəmancasına Şuşaya daxil olaraq məğrur Vətən fədailərinə çevrildilər. Eyni zamanda, dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir. Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şər və xeyir qüvvələrinin mübarizəsidir. Çünki Azərbaycan qurub-yaradan, hər şeyə ədalətlə yanaşan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərdi. Bəli, bu, qələbəni təmin edən ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti idi. Dövlət başçısının diqqət-qayğısı və aparılan məqsədyönlü islahatlar nəticəsində, ordu quruculuğunda iri addımlar atıldı, ordumuz daha da gücləndirilərək döyüş imkanları ən müasir səviyyəyə çatdırıldı. Vətən müharibəsi isə ordumuzun gücü və qüdrəti ilə bağlı deyilənlərin tam və əyani təsdiqi oldu. Ordumuzun bütün bölmələri bu döyüşlərdə yüksək döyüş hazırlığı nümayiş etdirdilər. Hərbçilərimiz qəhrəmanlıq salnamələri yazdılar. Eyni zamanda xalqımız bu müharibədə praqmatik dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşdi, milli həmrəyliyin ən möhtəşəm nümunəsini yaratdı. Azərbaycan tək müstəqillik deyil, son bir neçə əsrlik tarixinin ən böyük qələbəsini qazandı. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bölgəyə yeni reallıqlar gətirdi. İndi azad olunmuş bütün torpaqlar nəhəng tikinti və quruculuq meydanına çevrilib. Eyni zamanda bu qələbə regionda yeni iqtisadi əməkdaşlıq üçün geniş perspektivlər açdı. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq, Bakı şəhərində yürüş təşkil edilməsi və möhtərəm Prezidentimizlə birinci xanımın əllərində şəhid portreti tutaraq öndə getmələri şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsinin iştirakçılarına diqqət və qayğının bariz nümunəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bununla da xalqın birliyinin və həmrəyliyinin əbədi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın sonsuzluğunu bir daha nümayiş etdirdi.

İstər birinci, istərsə də İkinci Qarabağ müharibələrində canından keçmiş mərd oğul və qızlarımızın xatirəsi daim uca tutulur, onların ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Dövlət bu gün hər bir qazi və şəhid ailəsinin yanındadır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən daim lazımi köməklik göstərilməkdədir. Eyni zamanda, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, ölkə Prezidenti cənab İlham Əliyev 27 sentyabr Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmur. Məlum olduğu kimi, həmin gün respublikamızın bütün rayonlarında tədbirlər keçirilmiş, saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilmişdir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində vaxtilə işğal altında olan, düşmən tərəfindən yerlə-yeksan edilən torpaqlarımızda həyat yenidən canlanır. Yaxın zamanlarda həmin ərazilər cənnətə çevriləcək və soydaşlarımız doğma yurdlarına əbədi qayıdacaqlar.

Səbinə ƏHMƏDOVA,

Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin rəisi.