Müzəffər ordu, qalib xalq
Siyasət

Müzəffər ordu, qalib xalq

Dövlət başçısı cənab İlham Əliyev bildirib ki, biz bütün gücümüzü səfərbər edərək düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik

Müstəqillik illərində iqtisadiyyatını sürət və yüksək templə inkişaf etdirən Azərbaycan regionda müdafiə sənayesi və ordu quruculuğunda da öndədir.

Bu fakt və fikir Vətən müharibəsində “Dəmir yumruq” adı ilə başlayan, 44 gün davam edən döyüşlərdən sonra tarixi Qələbənin qazanılması, Silahlı Qüvvələrimizin böyük peşəkarlıqla qısa müddətdə Qarabağı işğalçılardan azad etməsi ilə bir daha təsdiq olundu. Dövlətin Silahlı Qüvvələrin qüdrətinin davamlı surətdə artırılması istiqamətində aktivliyi həm müasir beynəlxalq vəziyyətin çağırışları və həm də qonşu dövlətin regionda apardığı işğalçılıq siyasətilə bağlıdır.

Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, bu günü biz hər il təntənə ilə qeyd edirdik, müxtəlif tədbirlər keçirilirdi: “Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir. Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Bəli, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hakimiyyətdə olduğu 17 ildən artıq bir dövrdə dəfələrlə müxtəlif səviyyələrdə keçirilən tədbir və görüşlərdə bəyan edirdi ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, dövlətimiz bu məsələni hərbi yollarla həll edəcək. 2003-cü ildə Prezident seçiləndə cənab İlham Əliyev müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəkdir. Bu gün böyük qürur və iftixar hissi ilə deyirik ki, andına sadiq qalan dövlət başçısı tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Azərbaycan Vətən müharibəsini qələbə ilə başa çatdırdı. Bu gün Prezident, Ali Baş Komandan ən yüksək kürsülərdən əsgər və zabitlərimizin haqq-ədalət uğrunda mübarizəsi, savaşı haqqında qürur doğuran fikirlərini bəyan edir. Azərbaycan 44 gün ərzində apardığı döyüşlərdə Ermənistanı məğlub etdi, parlaq qələbəsiylə işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycan əsgər və zabitinin şanlı tarixidir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, strateji yüksəkliklər azad edilirdi. Əsgər və zabitlərimiz bu işğala, bu haqsızlığa son qoymaq amalı ilə vuruşurdu. Qələbə qazanmaq, Zəfər çalmaq üçün gecə-gündüz demədən döyüşürdü. Vətən sevgisi deyilən bu yolun sonunda Böyük Qələbə vardı. II Qarabağ savaşında Azərbaycan əsgəri bu Qələbəni, bu Zəfəri tarixin səhifəsinə qızıl hərflərlə yazdı.

Uzun illər ərzində münaqişənin həlli istiqamətində heç bir irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv mövqeyi və bir xeyli dərəcədə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin effektsizliyi və məsələyə ikili standartlarla yanaşılması ilə izah olunur. Məsələnin sülh yolu ilə həlli üçün aparılan danışıqlarda Ermənistanın vaxtı uzatmaq üçün müxtəlif bəhanələrə və davamlı təxribatlara əl atmasından aydın görünürdü ki, işğal altında saxladıqları torpaqlarımızı azad etmək fikrində deyillər. Azərbaycan məsələnin sülh yolu ilə həllini istəsə də, Ermənistan buna hazır deyildi. Beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymurdu. Qeyd edək ki, müstəqilliyin ilk illərində iqtisadi tənəzzülə uğrayan Azərbaycanın bütün sənaye sahələri məhv olmuşdu. Bir milyon qaçqını və məcburi köçkünü olan ölkə böyük humanitar fəlakət içində yaşayırdı. Azərbaycanın belə ağır günlərində yenidən hakimiyyətə gələn fenomen siyasətçi, uzaqgörən dövlət rəhbəri Heydər Əliyev milli neft strategiyasını hazırladı. Bu strategiya həm Azərbaycanın neft və qazını dünya bazarlarına çatdırmağı, həm də Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisi vasitəsilə Avropa bazarlarına çıxarılmasını, beləliklə ölkəmizin mühüm beynəlxalq hasilatçı, istehsalçı və tranzit mərkəzinə çevrilməsini təmin etdi. Bu proses Azərbaycanı regionda mühüm iqtisadi, siyasi mərkəzə çevirməklə yanaşı, onun siyasi nüfuz və qüdrətinin artmasına, həm də müstəqilliyinin möhkəmlənməsinə güclü təməl yaratdı.

1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 Transmilli neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Bu sazişlə MDB məkanında Xəzər dənizi hövzəsində ilk beynəlxalq strateji iqtisadi, siyasi əməkdaşlığın bünövrəsi qoyuldu. Bu kontraktın reallaşmasının nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri inşa edildi və Azərbaycan iqtisadiyyatının dirçəldilməsinə, çoxşaxəliliyinə zəmin yarandı. Hazırda reallaşan “Cənub qaz dəhlizi” Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Avrasiya materikində Azərbaycanın tranzit və iqtisadi mərkəz kimi əhəmiyyətini kifayət qədər artırır və geosiyasi mövqeyini möhkəmləndirir. Azərbaycanın dinamik iqtisadi inkişafı, artan siyasi nüfuzu ordu quruculuğuna güclü stimul verdi.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ölkəni, Azərbaycanı parçalanmaqdan, bölünməkdən xilas etdi. Azərbaycanda bütün sahələrdə, xüsusilə, xaotik vəziyyətdə olan Silahlı Qüvvələrdə dəmir nizam-intizam yarandı. Güclü iqtisadi zəmində ordunun qüdrətinin artırılmasına böyük önəm verən cənab İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordunun hərbi məhsullarla təminatında əsaslı dönüş oldu. Azərbaycan hərbçiləri Qarabağ münaqişəsi başlayan gündən daim yanımızda olan, öz təmannasız dəstəyini nümayiş etdirən dost-qardaş Türkiyənin yüksək səviyyəli ali hərbi məktəblərinə oxumağa, təcrübə keçməyə göndərildilər. İstər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də 2018-ci ilin uğurlu Günnüt əməliyyatında bu sahədə atılan addımlar öz müsbət səmərəsini verdi. Günü-gündən güclənən, mətinləşən Azərbaycanın Silahlı Qüvvələri öz sözünü dedi. Təhlilçilərin də qeyd etdiyi kimi, 2020-ci ilin iyul - Tovuz hadisələrindən başlanan yol, 27 sentyabr - 9 noyabr tarixində yaşanan savaş dastanı tarixi Qələbəni Azərbaycan əsgərinin və zabitinin adına yazdı.

Ölkəmiz iqtisadi cəhətdən nə qədər güclü, silahlı qüvvələrimiz texniki təchizat baxımından nə qədər yüksək təminatlı olsa da, düşmən üzərində möhtəşəm zəfərin qazanılması qəhrəman əsgər, gizir və zabitlərimizin misilsiz hünəri, cəsarəti, Vətən sevgisi, yenilməz döyüş ruhu sayəsində mümkün oldu. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi hər birimiz üçün əziz və unudulmazdır. Onlara Allahdan rəhmət diləyir, valideynlərinə dərin hüznlə başsağlığı verir, yaralılarımızın tezliklə sağalmasını, itkin düşənlərimiz haqqında təsəlliverici məlumatın əldə olunmasını arzulayırıq. Vətən müharibəsi xalqımızın mətin, mübariz simasını, zəngin mənəviyyatını, yüksək əxlaqi keyfiyyətlərini, qalibiyyət əzmini, milli ideallarımız uğrunda qurbanlar verməyə daim hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Övladı şəhid olan ata, analarımızın, həyat yoldaşını itirmiş gəlinlərimizin, qardaş həsrətli qızlarımızın böyük səbir və dəyanətlə bu ağrı-acıya tab gətirməsi, vüqarla, qürurla “Vətən sağ olsun!” - deyib təskinlik tapması xalqımızın vətən və dövlət sevgisinin yenilməzliyindən xəbər verir və heç kim unudulmur, heç kim yaddan çıxmır...

Heç bir əsgər və zabit diqqətdən kənarda qalmır. Ötən müddətdə hərbçilərin mənzil-məişət problemlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun yenidən qurulması, “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Prezident İlham Əliyevin və dövlətin hərbçilərə diqqət və qayğısının növbəti nümunəsidir. Sərəncama əsasən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir; Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində olacaq; Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlərin diqqətdə saxlanması da bu qayğının ifadəsidir.

24 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş, döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin 76 mindən artıq hərbi qulluqçularının müxtəlif orden və medallarla təltif edilməsi, iyunun 25-də isə onlara maaşlarının 20-60 faizi həcmində əlavələri nəzərdə tutan Sərəncamın imzalanması dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıran hər əsgər və hər zabitə diqqət və qayğı dövlət başçısı cənab İlham Əliyevin prioritetlərindəndir. Bu gün Azərbaycan xalqı hərbçilərimizin düşmənə qarşı mübarizədə göstərdikləri rəşadətə, hünərə görə sonsuz qürur və fəxarət hissi keçirir. 26 İyun - Azərbaycanın Silahlı Qüvvələr Gününə həsr edilən tədbir və təntənələr də paytaxtımızda və bölgələrdə müstəqillik illərində ilk dəfə olaraq tam fərqli əhvalda və təəssüratda Qələbə və Zəfər ovqatında keçirildi. Bu bayram gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd etdik.

Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir, - deyən dövlət başçısı cənab İlham Əliyev bildirib ki, o cümlədən bizim hərbi gücümüz artacaq: “Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq”.

Şükür ƏLİZADƏ,

“Respublika”.