MÜSTƏQİLLİYİMİZİ MÖHKƏMLƏNDİRƏN MİLLİ BİRLİYİMİZDİR
Region

MÜSTƏQİLLİYİMİZİ MÖHKƏMLƏNDİRƏN MİLLİ BİRLİYİMİZDİR

1993-cü ilin avqust ayında Lənkəranda baş vermiş hadisələr bunu əyani sübut etdi

Avqustun 13-də Azərbaycan Respublikasının Ali Sovetində respublikanın Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş deputatlar, həmin rayonlardan olan rəhbər işçilər və ziyalılar ilə keçirilən görüşün materialları avqustun 14-ü və 15-də respublika televiziyası ilə yayımlandı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin geniş, dərin məzmunlu nitqi və digər natiqlərin çıxışları təkcə cənub bölgəsində deyil, respublikamızın hər yerində böyük əks-səda doğurdu. Lənkəran hadisələrinin mahiyyəti, məqsəd və məramı xalqa çatdırıldı.

O günlər respublikamızda tanınmış ziyalılar, ağsaqqallar, sadə zəhmət adamları Ali Sovetin sədri Heydər Əliyevə teleqram, məktub və müraciət göndərərək Lənkəran bölgəsində yaranmış ağır vəziyyətdən dərin narahatçılıqlarını ifadə edir, müdrik rəhbərin atdığı qətiyyətli addımları dəstəkləyirdilər.

Xalq şairi Məmməd Araz əsl ziyalı, vətəndaş yanğısı ilə mətbuatda mövqeyini bildirirdi: "Hələ bu separatçı ünsürlərin siyasi dərrakəsinə fikir verin?! Gözümüzün qabağında ermənilər yurdumuzu didib parçalayıb, öz torpaqlarını "dənizdən-dənizə" böyütmək iddiasında ikən "bizimkilər" bölgə psixologiyası ilə yurdumuzu parçalamaq, durduğumuz yerdə bir lazımsız, lüzumsuz münaqişə ocağı yaratmaq meylini hardan alıblar görəsən?

...Vətən ayrı-ayrılıqda heç kəsə haqq vermir ki, onun taleyi ilə oynaya. Vətən bütün halda hamımızındır, xalqındır. Vətən onun vətəndaşı olanındır, vətəndaş isə Vətəni qoruya bildikdə vətəndaşdır".

Görkəmli dövlət xadimi, akademik Ziyad Səmədzadə narahatçılığını bu cür ifadə edirdi: "Lənkəran bölgəsində yaranmış vəziyyət haqlı olaraq narahatlıq doğurur. Mən Azərbaycanın Konstitusiyasına, müstəqillik aktına zidd olan bir qurumun - Talış-Muğan respublikasının yaradılması ideyasını Azərbaycan xalqının birliyinə sarsıdıcı zərbə kimi qiymətləndirirəm".

Lerik rayonunun tanınmış ziyalıları, ağsaqqalları və əmək adamlarının bir qrupunun Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən respublika Ali Sovetinin sədri Heydər Əliyevə ünvanladığı müraciətdə deyilirdi: "İyun ayının ortalarında hakimiyyətə gəlməyinizi bütün leriklilər dəstəkləmiş, ümidlərini Sizə bağlamışlar. Son iki ayda Azərbaycanın bütövlüyü və dövlətçiliyi uğrunda atdığınız addımları bəyənib müdafiə edirlər.

...Kəndlərdə keçirilən yığıncaqlarda, rayon mərkəzindəki mitinqdə leriklilər Ə.Hümbətovun, onu bu iyrənc yola sürükləyən R.Qazıyevin, A.Mütəllibovun və başqalarının hərəkətlərini Azərbaycan Respublikasına, onun bütövlüyünə və dövlətçiliyinə xəyanət saymışdır. Lerik camaatı Sizin ətrafınızda sıx birləşib həyata keçirdiyiniz düzgün və məqsədyönlü siyasəti dəstəkləyir".

Görüşdən 4 gün sonra Milli Məclis Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında qərar qəbul etdi. Qərarda qeyd edilirdi ki, son zamanlar Azərbaycanda yaranmış gərgin ictimai-siyasi və hərbi vəziyyətdən istifadə etməyə çalışan bir sıra qanunsuz silahlı birləşmələr Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə xəyanət etmək qəsdinə düşmüşlər. Belələrindən biri Lənkəranda uzun müddətdən bəri Əlikram Hümbətovun başçılıq etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olmayan qanunsuz silahlı birləşmədir.

Əlikram Hümbətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayır, onlara qarşı qanunsuz hərəkətlər edir, dövlət orqanlarına hədə-qorxu gəlir, onları özünə tabe olmağa məcbur edir. O, silahlı təzyiqlə Lənkəran şəhərində və qonşu rayonlarda hədə-qorxu yolu ilə şəhər və rayon xalq deputatları sovetlərinin sessiyalarını keçirmiş, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olan qərarlar qəbul etdirmişdir.

Əlikram Hümbətov onun qanunazidd və cinayətkar hərəkətlərinə etiraz edənlərə qarşı zorakılıq edir, divan tutur, onları həbs edir. Heç bir səlahiyyəti olmadan Əlikram Hümbətov cinayət əməllərinə görə həbsdə olan Ə.Quliyevi və R.Nuriyevi azad etmək haqqında göstəriş vermişdi. Bu qanunsuz göstərişi yerinə yetirmədiyinə görə Əlikram Hümbətov Cəlilabad rayon prokuroru K.S.Tağıyevi həbs etməyə cəhd göstərmiş, onu tapa bilmədikdə rayon prokurorluğunun işçilərindən M.Kazımovu, K.Qasımovu, S.Mirzəyevi və rayon polis idarəsinin rəisi A.Hacıyevi zor gücünə Lənkərana aparıb həbs etdirmişdir. Astara rayon polis şöbəsinin rəisi İbrahim Quliyev də Əlikram Hümbətovun qanunazidd tapşırıqlarını yerinə yetirmədiyinə görə girov götürülmüşdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı H.Məmmədov Əlikram Hümbətovun göstərişlərini yerinə yetirmədiyinə görə həbs olunmuşdur.

Əlikram Hümbətov özünü qondarma Talış-Muğan respublikasının baş komandanı elan etdikdən sonra Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında qanuni yolla təyin edilmiş icra hakimiyyəti başçılarını vəzifədən kənarlaşdırmış, həmin vəzifələrə əqidəcə özünə bağlı səriştəsiz adamları təyin etmişdir. Yerli əhali bu təyinatlara qarşı etirazlarını bildirsə də, Əlikram Hümbətov qanunları tapdalayaraq qaragüruh yolu ilə həmin rayonlarda istədiyi adamları hərbi komendant təyin etmiş, onlara texnika və hərbi sursat vermişdir.

Beləliklə, Əlikram Hümbətov ətrafındakı cinayətkar ünsürlərlə Azərbaycan Respublikasının Konstitusiyasını pozaraq qanuni hakimiyyəti zəbt etmişdir. Onların hərəkətləri həmin rayonlarda dərəbəylik və qanunsuzluq şəraitinə gətirib çıxarmışdır.

Milli Məclisin  qərarında qeyd edildiyi kimi, Astara rayon polis şöbəsinin rəisi İbrahim Quliyev Əlikram Hümbətovun qanunazidd tapşırıqlarını yerinə yetirmədiyinə görə avqust ayının 11-də girov götürülmüşdür. Görkəmli dövlət xadimi, hüquq elmləri doktoru, professor, Əməkdar müəllim, Qarabağ müharibəsi veteranı İbrahim Quliyev o günləri belə xatırlayır: "1993-cü ilin yanvar ayından Astara rayonunda polis rəisi işləyirdim. Fövqəladə vəziyyətin qanunlarına görə aprel ayında rayonun hərbi komendantı təyin olundum.

Qondarma qurumun rəhbərinin qanunsuz göstərişlərini yerinə yetirmədiyim üçün mənə təhlükəli oyun oynadığım barədə xəbərdarlıq etdilər. Onlara cavab verdim ki, mən heç vaxt qanunların əleyhinə getmərəm və Konstitusiyaya zidd əməllərin rayonda icrasına da imkan vermərəm.

Avqust ayının 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda hamının gözü qarşısında 7-8 hərbçi məni əhatəyə alıb onlarla gedəcəyimi dedilər. Etirazımı bildirəndə mənə qarşı zor işlədib döyə-döyə "Niva" markalı maşına saldılar. Üz-gözüm qan içində idi. Məni əvvəl yaxınlıqdakı ələ keçirdikləri hərbi hissənin təcridxanasına, oradan isə naməlum istiqamətə apardılar. Hər gün işgəncə verərək "bəyin tapşırıqlarını niyə icra etmirsən, ölkə rəhbərliyi ilə niyə əlaqə saxlayırsan", - deyə məndən  soruşurdular. Onlara mən öz vəzifə borcumu yerinə yetirirəm, qanun mənim üçün hər şeydən yüksəkdir, sizin tutduğunuz yol bu bölgəni uçuruma aparacaqdır, - deyirdim.

Avqustun 13-də Ali Sovetdə keçirilən görüşdə də çıxış edən natiqlərin bir neçəsi qanunsuz həbs olunmağım barədə məlumat verdilər. Təəssüf ki, o vaxt respublika Daxili İşlər Nazirliyinin rəhbərliyi taleyimlə heç maraqlanmadı. Yalnız ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli tədbirlər, Lənkəran, Gəncə şəhərlərinin və Astara rayonunun ağsaqqallarının təkidləri sayəsində avqustun 17-də girovluqdan azad olundum".

Milli Məclisin qərarında deyilirdi: "Əlikram Hümmətov Azərbaycan hökumətinə qarşı özünü saymazyana aparmış, MDB-yə daxil olmaq üçün Rusiyanın rəhbər orqanlarına müraciət etmişdir. Rusiyanın müvafiq təşkilatları onun müraciətinə məhəl qoymamışlar. Əlikram Hümbətov özbaşına qondarma Talış-Muğan respublikası yaratmaq iddiası ilə Azərbaycan Respublikasının Konstitusiyasını kobudcasına pozmağa, Azərbaycan dövlətçiliyinə xəyanət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çalışmışdır.

Əvvəllər Talış Milli Partiyası kimi yaradılmış Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası (sədri Hilal Məmmədovdur) qondarma Talış-Muğan respublikası yaradılmasının ilk təşəbbüskarıdır. Bu partiya millətçilik xətti götürərək, hər vasitə ilə separatçılıq mövqeyində durur, talışlarla başqa xalqlar arasında qarşıdurma yaradırdı. Həmin partiya, əslində öz proqramına və nizamnaməsinə zidd gedərək pozuculuqla məşğul olur, əhali arasında qondarma Talış-Muğan respublikasının zəruriliyi barədə geniş təbliğat aparır.

Buna baxmayaraq, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisi Əlikram Hümbətovun, eləcə də onun azsaylı tərəfdarlarının fitnəkar hərəkətlərini, çirkin niyyətlərini rədd edirlər. Bölgənin rayon sovetlərinin iclaslarında, siyasi partiyaların və ictimai təşkilatların rayon şöbələrinin yığıncaqlarında qəbul edilən bəyanatlarında, tanınmış alim və ziyalıların, xalq deputatlarının Milli Məclisə müraciətlərində və Ali Sovetin ünvanına daxil olmuş minlərlə teleqramlarda bölgədə gedən proseslərə mənfi münasibətlərini bildirir və qətiyyətlə pisləyirlər.

Milli Məclis böyük təəssüf hissi ilə qeyd edir ki, həmin bölgədən olan bir sıra deputatlar, vəzifəli şəxslər, yerli sovetlərin deputatları, ağsaqqallar, ziyalılar və digər hörmətli şəxslər bu özbaşınalıqlara, qiyamçılıq və millətçilik hərəkətlərinə qarşı prinsipial mövqe tutmamış və qətiyyət göstərməmişlər. Bəziləri isə təsir altına düşmüş və qiyamçılara havadarlıq etmişlər.

Belə havadarlardan biri Azərbaycan Respublikasının keçmiş müdafiə naziri, Milli Məclisin üzvü Rəhim Qazıyev olmuşdur. O, tez-tez Lənkərana gedir, Əlikram Hümbətovu dəstəkləyir, ona kömək edir və istiqamət verir. Məhz R.Qazıyevin müdafiə naziri işlədiyi dövrdə Əlikram Hümbətov qanunsuz yolla həmin hərbi hissələri ələ keçirmiş, özünü komandan təyin etmişdir. Bu müddətdə Müdafiə Nazirliyi həmin hissələrin özünə tabeliyini təmin etməmiş, yaxud təmin etmək üçün heç bir tədbir görməmişdir".

Milli Məclis Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış belə bir vəziyyəti eyni zamanda, hakimiyyət orqanlarının - respublika Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin, Respublika Prokurorluğunun, onların yerli orqanlarının Əlikram Hümbətov və onun havadarlarının cinayətkar hərəkətlərinə qarşı vaxtında lazımi tədbirlər görməmələrinin nəticəsi kimi qiymətləndirmişdir.

Milli Məclisin qərarında respublika Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə və Ədliyyə nazirliklərinin rəhbərlərinə, Baş prokurora cənub bölgəsi rayonlarında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qüvvəsini, dövlət hakimiyyəti orqanlarının fəaliyyətini tam təmin etmək, insan hüquqlarının pozulmasının, cürbəcür cinayət əməllərinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görüb müqəssirləri məsuliyyətə cəlb etmək vəzifəsi tapşırılıb. Milli Məclisin qərarından irəli gələn vəzifələrin icrasına isə üç gün vaxt verilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".