Müstəqilliyimiz qürur mənbəyimizdir
Siyasət

 Müstəqilliyimiz qürur mənbəyimizdir

“Müstəqillik bizim ən böyük sərvətimizdir,ən böyük   dəyərimizdir.Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq”.

                                                                        İlham ƏLİYEV,

                                                Azərbaycan Respublikasının Prezidenti.

1991-ci ilin 18 oktyabrı xalqımızın yaddaşına əbədi həkk olunaraq qızıl hərflərlə yazılıb. XX əsrin əvvəllərində xalqımız öz azadlığı uğrunda apardığı mübarizəni uğurla tamamlayaraq Şərqdə ilk demokratik əsaslarla idarə olunan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Lakin daxili çəkişmələr və xarici müdaxilə nəticəsində cümhuriyyətimiz cəmi 23 ay yaşadı. Əsrin əvvəllərində müstəqilliyə yol açmış şərait əsrin sonunda bir daha təkrarlandı. SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulu ilə respublikamızda müstəqilliyinn bərpası  rəsmən elan olundu.

Dövlət müstəqilliyimizin etibarlı əsasları 1993-cü ilin ortalarından sonrakı dövrdə Heydər Əliyevin bilavasitə  rəhbərliyi altında, onun qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində  yaradılıb. Daxili sabitliyin bərqərar olması, dövlətçilik ənənələrinin yaradılması, demokratik-hüquqi islahatların həyata keçirilməsi, ölkəmizin zəngin təbii ehtiyatlarından Azərbaycanın maraqlarına uyğun istifadə edilməsi, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər respublikamızın müstəqilliyinin dönməzliyinin, əbədiliyinin etibarlı əsaslara malik olmasının nəticəsidir.

Azərbaycan çoxəsrlik tarixi və zəngin mədəni ənənələri olan dünya dövlətlərindən biridir. Mürəkkəb beynəlxalq vəziyyətə, Ermənistan tərəfindən işğala məruz qalmasına və ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədaxili vəziyyətin ağır olmasına baxmayaraq, respublikamız 30 illik dövlət müstəqilliyi dövrü ərzində siyasi və sosial-iqtisadi inkişafında böyük uğurlar əldə etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin bu siyasi kursunu inamla həyata keçirməsi ölkəmizə dünya iqtisadiyyatına inteqrasiya yolunda uğurla addımlamağa, müxtəlif beynəlxalq maliyyə və iqtisadi qurumlarla əməkdaşlığı daim genişləndirməyə, dünya və regional əhəmiyyətli qlobal məsələlərdə milli maraqların tarazlığının saxlanılmasına imkan vermişdir. Müstəqil və qüdrətli dövlət qurmaq xoşbəxtliyi yalnız güclü şəxsiyyət, qüdrətli lider yetişdirmiş xalqlara nəsib olur. Bu, tarixin sınağından çıxmış gerçəklikdir. Xalqı vahid milli ideya ətrafında birləşdirməyi bacaran lider onu öz müqəddəs arzularına qovuşdurmağa qadirdir. Heydər Əliyev məhz belə bir nadir şəxsiyyət kimi XX əsrin sonlarında Azərbaycanı bütün bəlalardan qorudu, onun suverenliyini möhkəmləndirə bildi. Həmin dövrdə Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Ölkədə xaos, özbaşınalıq, anarxiya hökm  sürürdü. 

Artıq bu reallıqdır ki, biz azad respublikayıq. Son dərəcə böyük iradə, mübarizə bahasına əldə etdiyimiz müstəqiliyimiz daimidir. Müstəqil ölkəmizin təməli ümummilli liderimiz Heydər Əliyev kimi dərin zəkaya malik dahi insan tərəfindən qoyulduğu üçün sarsılmazdır. Ümummili liderimizin ən böyük arzusu və məqsədi güclü, müstəqil, demokratik və dünyəvi dövlət qurmaq idi. O bu məqsədinə nail oldu, nəsillərə ən qiymətli bir miras qoydu. Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, qoruyub saxlaması, müasir dövlətçilik mexanizminin yaradılması Heydər Əliyev kimi güclü bir şəxsiyyətin adı ilə bağlıdır.1988-ci ildən başlayaraq dövlət idarəçiliyində buraxılan kobud səhvlərin məntiqi nəticəsi olaraq 1993-cü ildə ağır sosial-iqtisadi gərginliyin yüksək həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı vaxtda xalqımız ümummilli lider Heydər Əliyevə üz tutdu. Heydər Əliyevin yürütdüyü müdrik, uzaqgörən siyasət nəticəsində üzləşdiyimiz təhlükələrin qarşısı alındı, bütün çətinliklər dəf edildi. Həmin günü də öz tarixinə qızıl hərflərlə yazmış xalqımız, sözün həqiqi mənasında parçalanmaq və məhv olmaq təhlükəsindən, anarxiya və xaosdan qurtuldu. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli-mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi. Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Zəngin dövlətçilik təcrübəsinə malik ulu öndər Azərbaycanın sürətli inkişafını təmin edən iqtisadi və siyasi kursu müəyyənləşdirərək həyata keçirməyə başladı. Cəmiyyətin bütün sahələrində sürətli islahatlar aparıldı, nizami ordu yaradıldı, vətəndaş cəmiyyəti bərqərar edildi.  Respublikamız beynəlxalq təşkilatlara üzv qəbul edildi.

Müstəqilliyimizin əbədi olması, demokratik, hüquqi dövlət quruculuğu məsələləri bilavasitə ümummilli liderimizin  fəaliyyəti ilə bağlıdır. Bu dahi şəxsiyyətin gördüyü işlər, yeritdiyi düzgün, məqsədyönlü daxili və xarici siyasət, həyata keçirilən  uğurlu islahatlar Vətənə və xalqa sədaqətlə xidmətin ən bariz nümunəsidir. Bu dahi şəxsiyyət elə bir zəngin irs qoyub gedib ki, bu gün xalqımızın öyünməyə haqqı var. O, azərbaycanlı olması ilə fəxr etdiyi kimi, biz də onun əlləri ilə yaradılan bir ölkənin–müstəqil Azərbaycanın vətəndaşı olmağımızla sonsuz qürur duyuruq. 

Dövlət müstəqilliyimizin otuzuncu ildönümünü böyük qürur hissi ilə qeyd edirik. 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Ötən ilin dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Ali Baş Komandan bununla bağlı deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik”.

Vətən müharibəsində tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın dünyada layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi. Bu baxımdan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisə təqdim olunan Qanun layihəsi  üçüncü oxunuşda qəbul edildi.28 may tarixinin Müstəqillik Günü,18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına dəlalət edir.Bundan sonra 28 May-Müstəqillik Günü,18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunacaq.

30 il ölkənin, dövlətin tarixində o qədər də böyük zaman deyil.Lakin Azərbaycan bu illər ərzində çox böyük tarixi yol keçmişdir.Xalqımız Azərbaycanın dövlət müstəqilliyinin otuzuncu yubileyini  möhtəşəm nailiyyətlərlə, dünyada analoqu olmayan uğurlu nəticələrlə qarşılayır. 

Müstəqilliyimizin 30-cu ildönümünü qeyd edərkən biz qürur və iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan iqtisadi sahədə dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu, özünü təkcə makroiqtisadi göstəricilərdə deyil, eyni zamanda əhalinin gündəlik həyatında da büruzə verir. Ötən 30 il ərzində respublikamızda demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində çox böyük işlər görülmüşdür.

Bəli, müstəqillik tariximiz ilbəil əlamətdar hadisələrlə zənginləşir, Azərbaycan bəşəriyyətin geopolitik güc mərkəzinə çevrilir. Dövlət başçısının rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan müstəqil Azərbaycan möhtəşəm nailiyyətlərə doğru irəliləyir. Bu da ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənəcəyinə qəti əminlik yaradır.  Bu gün çox sevindirici haldır ki, ümummilli liderimizin ideyaları yaşayır, onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətcə davam etdirilir.

                                                                          Nəsib MƏHƏMƏLİYEV,

                                            Milli Məclisin deputatı.