Müstəqil və dəyişməz, güclü  xarici siyasət kursu
Siyasət

Müstəqil və dəyişməz, güclü  xarici siyasət kursu

Beynəlxalq təşkilatlarla, mötəbər qurumlarla  əməkdaşlığın daha da gücləndirilməsi Azərbaycanın zəngin diplomatik fəaliyyətində xüsusi ayrıcalıq təşkil edir

Ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, milli maraqların təmin olunmasına və beynəlxalq arenadakı nüfuz və təsir gücünün artırılmasına istiqamətlənmiş Azərbaycan Respublikasının diplomatik  fəaliyyəti  üçün 2010-2021-ci illər dolğun və dinamik dövr olmaqla daha da zəngin olmuşdur.

Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İKT-yə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir.Ölkəmiz bu qurumla fəal əməkdaşlıq əlaqələri qurmuş, konfrans və iclaslarında  öz mövqeyini ortaya qoymuşdu. İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin  üzləşdiyi aktual problemlərin həlli zamanı birləşməyə çağıran 2010-cu il may ayının 18-də  Düşənbədə keçirilən  Xarici İşlər Nazirləri  Şurasının 37-ci toplantısında bildirilib ki, ümumdünya maliyyə böhranı və müxtəlif yeni çağırışlar ilk öncə birlik və həmrəylik tələb edir. Azərbaycanın xarici işlər nazirinin də iştirak etdiyi sessiyada  vurğulanıb ki, terrorizm, ekstremizm və separatçılıqla mübarizə məsələlərinin müzakirəsi və həllində İslam Konfransı Təşkilatının rolu önəm daşıyır. Xatırladaq ki, 2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur. 2012-ci ilin oktyabr ayında Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 39-cu iclasının yekun qərarında Azərbaycanın siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə və münaqişənin bu prinsiplər çərçivəsində həllinə dəstək ifadə olunmuşdur. Bununla münaqişə həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılıq səviyyəsi daha da artmış və bunun nəticəsində müxtəlif  instansiyalarda münaqişənin bu və ya digər aspektlərinə münasibət bildirən qərarlar qəbul olunmuşdur. Beləliklə, İƏTXİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır.Qətnamə layihəsində Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi   Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından həyata keçirilən "Xocalıya ədalət" kampaniyasına dair xüsusi bənd ayrılmışdır. Bu bəndə əsasən, İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır.

2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakri şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının “Sivilizasiyalararası dialoq: Sülh və davamlı inkişaf amili” mövzusunda 40-cı sessiyası keçirilmiş, iclasda Azərbaycanı xarici işlər nazirinin  rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. Tədbirdə xarici  işlər naziri çıxış edərək diqqəti Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfəsinə, İƏT ölkələri və üzv dövlətlər ilə əməkdaşlığın inkişafı məsələlərinə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu ağır fəsadlara cəlb etmişdir. İclasın nəticəsi olaraq İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş yekun Konakri bəyanatında Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb olunmuşdur. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni izlərin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir. 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 2016-cı il oktyabr ayının 18-19-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Xatırladaq ki, bu mərkəzin yaradılması barədə  təklif  İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 2013-cü ilin 25-26 aprel tarixlərində Bakı şəhərində keçirilmiş ikinci konfransı çərçivəsində Azərbaycan  Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Həmin tədbirdə dövlətimizin başçısı Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan uğurlu təcrübənin digər dövlətlər üçün maraqlı olacağını qeyd edib, İƏT-in Bakıda belə bir qurumunun yaradılmasının Təşkilata üzv dövlətlər arasında birliyi daha da möhkəmləndirə biləcəyini vurğulayıb. Təklif konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib və yekdilliklə dəstəklənib. Bu tədbirin ardınca 2014-cü ilin iyunun 18-19-da İƏT Xarici İşlər Nazirləri Şurasının Ciddə şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul olunmuş iqtisadi məsələlər üzrə Qətnamədə İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycanın fəallığı qeyd olunub. Qeyd edilən mərkəzin Bakı şəhərində yerləşməsi Azərbaycan və İƏT arasında davamlı əsasda və hərtərəfli genişlənən əməkdaşlığın və təşkilat daxilində ölkəmizin nüfuzunun göstəricisi olmaqla yanaşı, əmək, məşğulluq və sosial müdafiə kimi sahələrdə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin İƏT tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

Daha bir uğurlu tarixi yada sala bilərik. Belə ki, 2017-ci il 10-11 iyul tarixlərində Kot Divuar Respublikasının Abidcan şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyası çərçivəsində Azərbaycanla bağlı mühüm qətnamələr qəbul edilib.

Sessiyada Azərbaycan nümayəndəsinin çıxışı zamanı 2017-ci ilin dövlətimizin başçısı tərəfindən İslam həmrəyliyi ili elan edilməsi, ölkəmizdə İslam Həmrəylik Oyunlarının uğurla keçirilməsi kimi məsələlərə toxunulub. Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib. Həmçinin, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İƏT və ona üzv dövlətlərin bu soyqırımın qurbanları ilə həmrəyliyini ifadə edən, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili ölkəmizdə İslam Həmrəyliyi ili elan etməsini alqışlayan ayrıca qətnamələr qəbul edilib. 2018-ci ilin 5-6 may tarixlərində Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında ölkəmizin nümayəndə heyəti  bir sıra fundamental məsələlərə dair  Azərbaycanın   mövqeyini iştirakçıların diqqətinə çatdırıb.Sessiyada qəbul olunmuş Dəkkə bəyanatının 18-ci bəndində İƏT üzv ölkələrində olan münaqişə və böhranların BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu neqativ və dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd olunaraq, bu xüsusda Azərbaycanla qəti həmrəylik bir daha ifadə olunur və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğu vurğulanır. Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

Abu-dabi şəhərində 02.03.2019-cu il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri  "Üzv dövlətlər arasında inkişafın təşviq edilməsində İƏT-in rolu" adlı konsepsiya sənədinin müzakirəsi ilə bağlı keçirilən iclasda iştirak edib. İclasda çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycanın konsepsiya sənədinə tam dəstək verdiyini bildirib, İƏT çərçivəsində iqtisadi əməkdaşlığa səmərəli və hərtərəfli yanaşmanın zəruriliyini vurğulayıb. Həmçinin nazir İƏT-in fəaliyyətinin spesifik prioritetlərə əsaslanaraq aydın hədəflərə malik olmasının və təşkilatın potensialına, eləcə də insan və maliyyə resurslarına uyğunluğunun vacibliyini diqqətə çatdırıb. Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini və təşkilatın səmərəliliyinin gücləndirilməsində maraqlı olduğunu xüsusilə qeyd edib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və regionlararası ticarətin genişlənməsini hədəfləmiş genişmiqyaslı nəqliyyat, enerji və İKT layihələri haqqında məlumat verən nazir  İƏT-ə üzv dövlətləri Azərbaycanın təşəbbüs və layihələrindən yararlanmağa dəvət edib. Nazir bu layihələrin rifah gətirəcəyindən, ölkələr arasında dostluğu və əməkdaşlığı gücləndirəcəyindən əminliyini bildirib. 2020-ci il noyabrın 27-28-də Niger Respublikasının paytaxtı Niameydə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası keçirilməli idi. “Sülh və inkişaf naminə terrorizmə qarşı səylərin birləşdirilməsi” mövzusunda keçiriləcək sessiyada İslam dünyası üçün aktual problemlər – ekstremizm və terrorizmə, həmçinin islamafobiya və dini ayrı-seçkiliyə qarşı mübarizə məsələləri müzakirə ediləcəkdi. Sessiyada qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqların problemləri ətrafında da fikir mübadiləsi aparılmalı, İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri, həmçinin təşkilatın siyasi, humanitar, sosial-iqtisadi, texnoloji və digər sahələr üzrə inkişafa dair qəbul etdiyi 2025-ci ilədək fəaliyyət planının yerinə yetirilməsini də nəzərdən  keçirəcəkdilər. Amma Niger hökuməti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının  paytaxt Niamey şəhərində keçirilməsi planlaşdırılan 47-ci sessiyasını qeyri-müəyyən vaxta təxirə salıb. Tədbirin təxirə salınmasına səbəb dünyada yayılan koronavirus  infeksiyasının yaratdığı epidemioloji vəziyyətdir. Buna baxmayaraq Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki Humanitar və İnkişaf İdarəsinin Regional ofisə çevrilməsinə dəstək verilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.Qeyd olunub ki, İƏT-in sözügedən idarəsinin Regional ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu il tarixlərində Əbu Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 may tarixində Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü sammitində qəbul olunub.

Ötən bu illər ərzində xarici siyasət kursu möhkəm və dəyişməz olaraq qalmış və dünya   ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və daxili inkişaf üçün həmin münasibətlərdən effektiv şəkildə istifadə edilməsinə, qlobal risklər və təhdidlərlə mübarizəyə, regionda təhlükəsizlik və stabilliyin  gücləndirilməsinə, ölkənin əhəmiyyətli coğrafi mövqeyindən istifadə edərək milli iqtisadiyyatın inkişaf etdirilməsinə,  demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsinə, xarici mədəni və humanitar əlaqələrin inkişafına  yönəlmişdir. Azərbaycan hüquqi dövlətə və açıq cəmiyyətə malik, beynəlxalq miqyasda nüfuzu artan, beynəlxalq təhlükəsizlik və əməkdaşlığa töhfələr verən, dinamik templə inkişaf edən və zəngin mədəniyyətə sahib olan ölkə olaraq güvənilən və arzu olunan tərəfdaş kimi beynəlxalq aləmdə öz mövqelərini daha da möhkəmləndirmişdir.  Bu prioritetlərə uyğun olaraq Ölkəmiz xarici ölkələr və beynəlxalq təşkilatlarla, mötəbər qurumlarla  əməkdaşlığını daha da gücləndirmişdir. 

Mustafa KAMAL,

“Respublika”.