Müstəqil siyasəti olan qalib ölkəmizin mövqeyini heç bir qüvvə dəyişə bilməz
Siyasət

Müstəqil siyasəti olan qalib ölkəmizin mövqeyini heç bir qüvvə dəyişə bilməz

30 il Ermənistanın işğalına məruz qalan, əraziləri zəbt edilən, sərvətləri talanan, şəhər və kəndləri dağıdılan Azərbaycan uzun illər ərzində Ermənistanın yaratdığı Qarabağ münaqişənin sülh yolu ilə həllinə çalışsa da, bu, mümkün olmadı. Əksinə, işğalçı ölkə öz ərazilərini genişləndirmək, "böyük Ermənistan" yaratmaq arzusu ilə yaşayır, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürürdü. Regionda sülhün bərqərar olması, xalqların sülh şəraitində yaşaması, təhlükəsizliyin, əmin-amanlığın bərpa olunması naminə ölkəmiz tərəfindən atılan addımları isə Azərbaycanın "zəifliyi", "torpaqlarını müdafiə etməyə gücünün yetmədiyi" kimi qiymətləndirirdi. Ermənilər gündən-günə daha böyük xəyallara düşürdülər. Lakin 30 il ərzində bütün sahələrdə inkişafa, tərəqqiyə nail olan, iqtisadi, hərbi cəhətdən güclənən Azərbaycanın səbri artıq tükənmiş, Ermənistana dərs verməyin vaxtı gəlib çatmışdı.

2020-ci il sentyabr ayının 27-də Azərbaycan öz ərazilərində əks-hücum əməliyyatına başladı. Azərbaycanla sərhəddə növbəti təxribat törədən düşmən ölkəyə bu dəfə layiq olduğu cavab verildi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu döyüş əməliyyatları nəticəsində erməni silahlıları məhv edildi. 30 il müddətində dilənib-dolanıb aldıqları silah-sursat döyüş meydanında buraxıldı, qurduqları istehkamlar öz başlarına uçuruldu. Silahlı quldur dəstələri döyüş meydanında diz çökdülər. Qəhrəman Azərbaycan əsgəri düşməni təslim edərək torpaqlarımızı azadlığına qovuşdurdu. Cəmi 44 gün ərzində Vətən müharibəsi başa çatdı. Azərbaycan zəfər çaldı.

Qarabağ Azərbaycandır! Bu sözü eşitmək və sübut etmək üçün xalqımız 30 ilə yaxın səbir, təmkin göstərdi. Ali Baş Komandanımız bu illər ərzində məqsədyönlü, düşünülmüş siyasət həyata keçirdi. Beynəlxalq tribunalardan, ali məclislərdən Azərbaycanın haqq səsi dünyanın dörd bir yanına çatdırıldı. Və nəhayət, haqq-ədalət bərpa olundu. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu öz təsdiqini tapdı. Bunu bütün dünya ölkələri, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar təsdiqlədi. Elə Ermənistanın özü də bu ilin oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı.

Riyakar, sözü ilə əməli tərs mütənasib olan düşmən ölkənin verdiyi vədini yerinə yetirdiyi, boynuna götürdüyü öhdəliyə əməl etdiyi hələ tarixində görünməyib. Həmişə saxtakar, yalançı kimi tanınan Ermənistan bu gün də əzəldən boyuna biçilmiş imicinə xələl gətirmək fikrində deyil. Dünyada necə qəbul olunubsa, o cür də əməllər törədir: işğalçı, talançı, yaltaq...

Artıq İkinci Qarabağ müharibəsindən iki il ötdü. Ermənistanın yaratdığı Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olundu. Azərbaycanın mərd oğullarının qanı, canı bahasına ərazi bütövlüyümüz təmin edildi. Xalqımız öz tarixi torpaqlarına qovuşdu. Azərbaycanın dilbər guşəsi, əzəli, əbədi yurd yeri olan Qarabağ və ətraf rayonlar işğaldan azad olundu. Bu gün Azərbaycan işğaldan azad etdiyi bütün ərazilərində vəziyyətə nəzarət edir. Lakin alçaq niyyətindən əl çəkməyən ermənilər vəziyyəti yenidən gərginləşdirir, ölkəmizin maraqlarına xələl gətirən addımlar atmağa çalışır. Sözsüz ki, onun bu səyləri heç bir nəticə vermir və verməyəcək də. Belə ki, bu günlərdə Qarabağda qondarma qurumun başçısı Araik Arutunyanın bir sıra "nazirləri" postlarından azad etməsi, yaxud da "səlahiyyətləri icra edən" statusuna keçirməsi barədə məlumatlar verilir. Gülünc də olsa, belə demək mümkünsə, Araik qondarma qurumda struktur dəyişikliyi edir ki, prosesləri Ermənistanın xeyrinə həll etsin, yeni təyin olunmuş "kadrlar" Ermənistanı düşdüyü vəziyyətdən çıxarsınlar. Hətta Ermənistanın keçmiş XİN rəhbəri Vardan Oskanyanın qondarma qurumun "xarici işlər naziri" təyin ediləcəyi barədə də aralarında söz-söhbət gəzir. Lakin nə Ermənistan rəsmiləri, nə də erməni xalqı anlamır ki, bu, yalan vədlər, boş xülyalar onların sonunu gətirəcək, Azərbaycan ermənilərin bu oyunlarına uzun müddət səbir edə bilməyəcək. Və Ermənistan da, erməni havadarları da Azərbaycanın səbir kasasının daşmasının, dəmir yumruğunun işə düşməsinin nəticəsini də çox yaxşı bilirlər. Ermənilər bir həqiqəti anlamırlar ki, onların qondarma qurumlarına istər rusiyalı milyarder Ruben Vardanyanın, istərsə Vardan Oskanyanın, istərsə də hər hansı bir "yan"ın gəlməsindən asılı olmayaraq, vəziyyət heç bir yöndə dəyişməyəcək. Qarabağ Azərbaycana məxsus olduğu üçün oradakı bütün proseslərə də Azərbaycan nəzarət edir, eyni zamanda Qarabağda ermənilərin yaşadıqları ərazilərdə baş verən hadisələr də Azərbaycanın diqqət mərkəzindədir. Bir sözlə, nə Ermənistan hökuməti, nə onun havadarları, nə də digər qüvvələr Azərbaycanın yaratdığı reallığı dəyişdirə bilmək iqtidarında deyil.

İstər 30 illik işğal, istər müharibə, istərsə də postmüharibə dövründə beynəlxalq hüququn normalarına, konvensiyalara məhəl qoymayan Ermənistan hər zaman cinayət əməlləri törətmişdir. Ermənilər qanına, canına hopmuş bu əməllərini davamlı olaraq həyata keçirirlər. Rusiyalı Ruben Vardanyanın, suriyalı Vardan Oskanyanın Azərbaycanın tarixi ərazisi olan Qarabağa qeyri-qanuni olaraq gəlməsi də onların növbəti cinayət əməlidir və Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan hadisə ilə bağlı qəti tədbir görmək səlahiyyətinə sahibdir.

Qondarma qurumun yüksək postlarına təyinat alacaq bu cinayətkarlar Qarabağa gələrək erməni xalqını "xoş" günə çıxaracaqlar. Bəli, Azərbaycanın səbri tükənəcək, dəmir yumruq işə düşəcək və olan yenə də sıravi ermənilərə, onların övladlarına olacaq. Necə ki, vaxtilə Robert Köçəryan, Serj Sarkisyan hakimiyyətə gəlmək üçün xalqdan istifadə edərək onları öz ambisiyalarının qurbanına çevirmişdilər. Bu gün də Vardanyan, Oskanyan erməni xalqına bu acını yenidən yaşatmaq niyyətindədirlər. Sıravi ermənilər onların üzərində qurulan bu oyunları tez bir zamanda anlayıb tədbir görməsələr, bu oyunların acı nəticələrini təkrar yaşayacaqlar. Çünki Azərbaycan dönə-dönə vurğuladığı kimi, bu gün də dediyi sözün üstündə dayanır: Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Bundan əlavə, onlara veriləcək heç bir statusdan söhbət belə gedə bilməz. Eyni zamanda, bu məsələlər ilə bağlı Azərbaycan kimliyindən, vəzifəsindən asılı olmayaraq heç kimlə dialoq aparmayacaq.

Bu, heç kimdən, heç bir ölkədən, təşkilat və qurumdan asılı olmayan, müstəqil daxili və xarici siyasət yürüdən qalib Azərbaycanın mövqeyidir. Və bu mövqeyi heç bir qüvvə dəyişmək iqtidarında deyil.

Mehparə ƏLİYEVA,

"Respublika".