Müstəqil siyasət, qətiyyətli mövqe və reallıqlar
Digər xəbərlər

Müstəqil siyasət, qətiyyətli mövqe və reallıqlar

Qalib ölkəmizin artan nüfuzu informasiya sahəsindəki uğurlarla daha da güclənir

"Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və deyə bilərəm ki, bütövlükdə müharibə zamanı gedən informasiya müharibəsində də biz qalib gəldik. Həm ənənəvi informasiya resurslarından istifadə edərək, eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək. Biz bir daha gördük ki, gənclər arasında Vətənə nə qədər böyük sevgi var". Bu fikirləri Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda deyən ölkə başçısı bildirmişdir ki, təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da bu işlərə qoşuldular. Onlar könüllü olaraq, öz təşəbbüsləri ilə bu informasiya meydanında bir əsgərə çevrilərək Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsində 30-a yaxın xarici televiziya və KİV-lərə verdiyi müsahibələr Qarabağ probleminin tarixi kökü və erməni faşizminin həyasız iddiaları, törətdiyi vəhşiliklər haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında müstəsna rol oynadı. Məhz Müzəffər Ali Baş Komandanın informasiya məkanındakı fəallığı sayəsində Azərbaycan dövləti bütün cəbhələrdə olduğu kimi, informasiya cəbhəsində də diktə edən tərəf kimi çıxış etdi. Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində xarici mediaya verdiyi açıqlamalar, o cümlədən jurnalistlərimizin fədakarlığı informasiya müharibəsinin taleyini həll etdi. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə mediaya verdiyi açıqlamalarda erməni faşizminin sadəcə Azərbaycan xalqı üçün deyil, ümumilikdə bütün xalqlar və dövlətlər üçün son dərəcə təhlükəli olduğunu faktlar əsasında sübuta yetirdi. Ali Baş Komandan media müstəvisində də dəmir məntiqi ilə hamıya sübut etdi ki, Ermənistan son 30 ildə sadəcə Azərbaycan torpaqlarını işğal altında saxlamayıb, həm də beynəlxalq ictimaiyyətə mütəmadi surətdə yalan informasiyalar təqdim edib, işğalçılıq siyasətini pərdələməyə çalışıb. Dövlətimizin başçısı müsahibələri zamanı bəzi iri dövlətlərin ədalətsiz siyasətinə də açıq şəkildə etirazını bildirərək, Azərbaycanın dövlət maraqlarını qətiyyətlə müdafiə etdi və dünyanı ölkəmizin həqiqətlərinə inandıra bildi. Ali Baş Komandan bu gün də media müstəvisində erməni təxribatlarına qarşı mübarizənin önündə çıxış edir və bu mübarizədə şəxsi nümunə ortaya qoyur.

İnformasiya müharibəsi heç də hərbi sahədə aparılan müharibələrdən geridə qalmır. Bəlkə də bəzi məqamlarda daha çox əhəmiyyət kəsb edir. Bu məsələdə sözsüz ki, liderlik ölkənin Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə aiddir. Bir neçə dildə danışa bildiyi üçün dünyanın əksər ölkələrinin aparıcı televiziyalarını, qəzetlərini özünə cəlb edir. İlham Əliyevin yüksək intellektə sahib olması, hazırcavablığı, mövzuya dərindən bələd olması müsahibələrində öz sözünü deyir. Dünyada beynəlxalq münasibətlərin kəskinləşməsi, böhran və münaqişələrin dərinləşməsi ilə müşayiət olunan mövcud vəziyyətdə hər bir ölkə öz informasiya məkanına nəzarəti daha da gücləndirməli, informasiya resurslarının mühafizəsi uğrunda mübarizədə sayıqlığını itirməməlidir. Dövlətlər əsas məqsədlərini həyata keçirmək, siyasi, iqtisadi və hərbi sahələrdə müvəffəqiyyətlər əldə etmək üçün vacib olan informasiyanı əldə etmək uğrunda gizli və açıq şəkildə intensiv mübarizədə və yarışmadadırlar. Əks tərəfin informasiya resurslarını ələ keçirən dövlət üçün bu resurslar və onlardan əldə edilən bilik öz gücünü artırmaq, bütün sahələrdə rəqibdən üstün olmaq, gələcəkdə onun istənilən sahədə hücumlarını dəf etmək, eyni zamanda, öz maddi-mənəvi dəyərlərini qorumaq üçün bir vasitədir. İnformasiya müharibələri zamanı informasiya üstünlüyünə nail olmaq vacib şərtdir. İnformasiya şəbəkələrində müharibənin aparılması daha rahat olur və neqativ, anonim, həqiqətdən uzaq məlumatların nəzarətsiz yerləşdirilməsi imkanı yaradır.

Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradan Azərbaycanın dünya diplomatiyasında rolu və mövqeyi getdikcə daha da möhkəmlənir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə dünya arenasında etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Eyni zamanda, deyə bilərik ki, rəsmi Bakı həm də qlobal məsələlərin həllinə öz töhfələrini verməklə, dünyanı narahat edən problemlərin həllində yaxından iştirak edir və qlobal böhranlar vəziyyətində öz təşəbbüsləri ilə seçilir. Azərbaycanın BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına, Türk Dövlətləri Təşkilatına sədrlik etməsi ölkəmizin beynəlxalq nüfuzunun kifayət qədər yüksək olmasından və bunun da münaqişənin həllində xüsusi rol oynamasından xəbər verir. Çünki Azərbaycan sədrlik etdiyi dövrdə də keçmiş Dağlıq Qarabağ məsələsini diqqət mərkəzində saxlamağa müvəffəq oldu. Bununla yanaşı, Azərbaycan pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərməklə dünya birliyinin etibarlı tərəfdaşı olduğunu bir daha sübut etdi. 19 illik fəaliyyəti dövründə Prezident cənab İlham Əliyev iqtisadi və hərbi sahədə də inanılmaz tərəqqiyə nail olaraq öz sözünü əminliklə deyə bilən bir ölkəyə çevirdi.

"Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bu faciəvi hadisələr baş verir". Bu fikirləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ifadə edib. Müharibədə Zəfər çaldığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi xatırladan dövlətimizin başçısı bildirib: "Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha sərt olacaq, daha da peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq". Azərbaycan Prezidenti vurğulayıb ki, bizim istəyimiz erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etmələridir. Bu, Ermənistanın öhdəliyidir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib.

Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin avqustun 26-da səbirsizliklə gözlədiyimiz tviti bizə Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyinin, Zabux və Sus kəndlərinin tam nəzarətə götürüldüyünün müjdəsini verdi. Rəşadətli Ordumuzun əsgər və zabitlərinin Laçın şəhərinin mərkəzində dalğalanan üçrəngli Azərbaycan bayrağı altında Ali Baş Komandana raportunun yer aldığı görüntüləri qürur hissi ilə izlədik. Laçın yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün son dərəcə önəmi olan şəhərdir. Ona görə də Laçının 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsi və alternativ yolun çəkilməsi ilə yenidən aid olduğu Azərbaycanın nəzarətinə keçməsi qürur və iftixarımızı artırır. Bu tarixi günlər həm də informasiya sahəsində uğurlarımızın təntənəsidir.

Mustafa KAMAL,

"Respublika".