Müstəqil siyasət, güclü dövlət
Siyasət

Müstəqil siyasət, güclü dövlət

Ölkəmizin yeni dünya nizamında mövqeyi uğurlu gələcəyə təminat verir

2003-cü ildən həyata keçirilən Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar kursu respublikanın iqtisadi potensialının gücləndirilməsində sürətli inkişaf mərhələsini şərtləndirməklə bərabər, yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına, firavanlığın təminatına doğru mühüm addımların atılmasına zəmin yaradıb. Ötən müddət ərzində müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin yazdığı uğurlu səhifələrin sayı getdikcə artır.

Dövlətimizin başçısı yurdumuzun işğaldan tam azad edilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, Azərbaycan bayrağının 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Hazırda isə Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyət və əzmkarlıq göstərir.

Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir. Bütün bunlar ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir. Politoloqlar vurğulayırlar ki, hazırda yeni dünya nizamı və Azərbaycanın müasir geostrateji situasiyada mövqeyi, respublikamızın etibarlı əməkdaşa çevrilməsi, Azərbaycanın regionda və ümumilikdə dünya siyasətində tutduğu yerin təhlili olduqca zəruridir.

Təsadüfi deyildir ki, bu gün Azərbaycan regional lider olaraq xarakterizə olunur və dünya birliyinin etibarlı, sadiq tərəfdaşı imicini qazanmışdır. Bu isə öz növbəsində Azərbaycanın xarici siyasət prioritetlərində, strateji konsepsiyasında öz əksini tapmışdır. Azərbaycan artıq yeni dünya nizamının formalaşmasında iştirak etməkdədir.

"Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Yeni dünya düzəni yenidən formalaşmaqdadır". Bu fikirləri Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə bildirib. Onu da qeyd etmək lazımdır ki, Qafqaz hazırda Rusiyanın təsiri altında olsa da, regionun açarı rolunu oynayan dövlətimiz və ən yaxın müttəfiqimiz olan Türkiyə də yeni nizam formalaşdırmağa başlayıblar. Müəyyən dairələr artıq bunun qarşısını almaq iqtidarında olmadıqlarını başa düşürlər. Beləliklə, Azərbaycanın yeni dünya nizamında öz yerinin və imzasının olacağı aydın görünür.

Ölkəmiz öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə və onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm amilə çevrilir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü kimi qlobal siyasətin formalaşmasında iştirak edir, sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir. Avropa Birliyi Şərq-Qərb arasında nəqliyyat-logistika imkanlarımızdan yararlanır. Yeni dünya nizamı, təhlükəsizlik sistemi qurulur. Güclü Azərbaycan qardaş, dost ölkələrlə birlikdə qlobal çağırışlara uyğun siyasətini uğurla davam etdirir. Yeri gəlmişkən, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, həmrəylik və sıx birlik daha da möhkəmlənib. Təşkilatın tarixində ilk dəfə onun parlament və gənclər şəbəkələri yaradılıb. Özbəkistan lideri xüsusi vurğulayıb: "Bütün bu nailiyyətlər mənim hörmətli həmkarım İlham Heydər oğlunun böyük səyləri və təşəbbüsləri, üzv dövlətlərin maraqları naminə onun praktiki fəaliyyəti sayəsində mümkün olub". Özbəkistan dövlətinin başçısı Azərbaycan Prezidentinin ölkə regionlarının bərpasına yönəlmiş səmərəli səylərinə də diqqəti cəlb edərək deyib ki, burada tarixi ədalət, sosial-iqtisadi infrastruktur bərpa olunub, yeni obyektlər ucaldılıb, əhali üçün əlverişli şərait formalaşıb.

Bütün bunlar həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin nəzərində, habelə dünyanın siyasi elitası arasında Azərbaycan Prezidenti İlham Əliyevin qurucu, yaradıcı, görkəmli dövlət və siyasi xadim obrazını şərtləndirən mühüm amillərdir. İlham Əliyev dövlətimizin möhkəmləndirilməsi, müstəqilliyimizin dönməzliyinin təmin olunması kimi məsul bir vəzifəni yerinə yetirməklə, həm də milli şüurumuzun inkişafı və cəmiyyətimizin müasirləşməsi üçün yorulmadan səy göstərir. O, hər bir situasiya üçün düzgün qərar verərək həyata keçirilməsinə nail olur. Dövlət başçısının qazandığı uğurlar xalqımıza böyük ümidlər verir, gələcəyə geniş yollar açır. Ölkənin inkişaf istiqamətlərini və tutduğu yolu, dövlətin yürütdüyü siyasəti müəyyənləşdirən Prezident İlham Əliyev Azərbaycanda islahatların keyfiyyətcə yeni mərhələsinə keçid dövrünü başa çatdırıb. O, ölkədə idarəetmənin mexanizmlərini, vasitələrini və üsullarını dəyişib. Hakimiyyət piramidasının zirvəsində olan və tam səlahiyyətə malik siyasətçinin cəmiyyətin hər bir fərdini dinləməsi, problemlərin həllini daim nəzarətdə saxlaya bilməsi onun nə qədər dərin zəkaya, böyük iradəyə və gücə sahib olduğundan xəbər verir.

2018-ci ilin aprelində prezident seçkilərində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində ölkə həyatının bütün sahələrini əhatə edəcək dərin islahatların, yeni siyasi konfiqurasiyanın anonsunu vermişdi. Ötən illər Prezident İlham Əliyevin: "Bizim sözümüz imzamız qədər keçərlidir", - fikrinin həyatda növbəti dəfə əyani təsdiqini tapdığını göstərdi. Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. O, dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Azərbaycan Prezidentinin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edir.

Ölkə başçısının prinsipiallığı Azərbaycan dövlətinin bütün sahələrdə ciddi uğurlar qazanmasını şərtləndirir. Prezident İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Yeni dünya nizamının qurulduğu mərhələdə Azərbaycan dövləti bütün dünyaya dərin köklər üzərində dayandığını yürütdüyü daxili, xarici, milli və dini siyasəti ilə, tutduğu qətiyyətli mövqeyi ilə göstərməkdədir. Azərbaycanın, dünyanın narahat bölgəsində bir təhlükəsizlik adası kimi qalması, iri regional layihələrin əsas təşəbbüskarı və aparıcı ölkəsi olması, beynəlxalq terrorizmlə mübarizədə BMT çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməsi, Avropanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış etməsi və müstəqil xarici siyasət yürütməsi bu günün reallıqlarıdır.

Mustafa KAMAL,

"Respublika".