MÜSTƏQİL HƏYATIN ASTANASINDA
Region

MÜSTƏQİL HƏYATIN ASTANASINDA

Lənkəran Dövlət Universiteti cənub bölgəsinin yeganə ali təhsil ocağıdır. Ölkəmizdə milli kadr potensialının möhkəmləndirilməsi və daha da təkmilləşdirilməsində universitetin özünəməxsus rolu vardır.

Son illər təhsil sahəsində islahatların, Dövlət proqramlarının uğurlu icrası sayəsində təhsil ocağının nailiyyətləri xeyli artıb. Bu il bakalavriat səviyyəsində 26 ixtisas üzrə 784 nəfər, magistratura səviyyəsində 24 ixtisas üzrə 111 nəfər məzun universiteti bitirib. Bu münasibətlə universitetdə Məzun Günü keçirilib.

Dövlət Himnimizin səslənməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov təhsilin inkişafı istiqamətində qazanılan uğurlardan, tədrisin maddi-texniki bazasının əsaslı şəkildə yenilənməsindən və dünya standartlarına uyğunlaşdırılmasından ətrafı söhbət açıb. Rektor təhsilin keyfiyyətinin yüksəldilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində kompleks tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına ardıcıl, davamlı şəkildə qayğı göstərdiyini diqqətə çatdıraraq universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblər səviyyəsində kadrların hazırlanması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Təhsilini fərqlənmə diplomu ilə bitirən bakalavr və magistrlərə diplomlar, universitetdə təhsil göstəriciləri, ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna isə diplom, fəxri fərman və təşəkkürnamələr təqdim edilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".