MÜSTƏQİL DÖVLƏTÇİLİK ƏNƏNƏSİNİN TƏCƏSSÜMÜ
SİYASƏT

MÜSTƏQİL DÖVLƏTÇİLİK ƏNƏNƏSİNİN TƏCƏSSÜMÜ

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü xalqımız üçün çox əlamətdar vaxtda, tamamilə yeni bir tarixi şəraitdə qeyd olunur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində parlaq qələbə qazanaraq, torpaqlarımızın işğalına son qoyması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması bizə müstəqillik dövründə ilk dəfə bu günü böyük qürur və fərəh hissi ilə qarşılamaq səadəti nəsib edib.

Tariximizin şərəfli səhifələri

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında bu günlərdə Milli Məclisin qəbul etdiyi "Müstəqillik Günü haqqında" Qanunda qeyd edildiyi kimi, "Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir".

Ötən əsrin əvvəllərində milli ruhlu vətənpərvər ziyalılarımız böyük fədakarlıq göstərib, xalqımızın dövlətçilik ənənələrini Şərqdə ilk demokratik respublika yaratmaqla zənginləşdirdilər. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək, müstəqil dövlət forması kimi Xalq Cümhuriyyətinin yaradıldığını bütün dünyaya bildirdi. Mövcud olduğu iyirmi üç ayda milli dövlətçilik ənənələrimizin inkişafına mühüm töhfələr verən Xalq Cümhuriyyəti özündən sonrakı dövrdə də Azərbaycanın taleyinin müəyyənləşdirilməsində misilsiz rol oynadı. Belə ki, sovet hakimiyyətinin və ittifaq dövlətinin süquta uğraması ərəfəsində, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyinin bərpasına nail oldu və milli dövlətçilik ənənələrini dirçəltməyə başladı. "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilməklə yanaşı, sovet dövrünün nailiyyətlərinə sahiblik də öz əksini tapdı.

Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması, ilk növbədə, SSRİ-nin süqutu nəticəsində yaranmış tarixi şəraitlə bağlı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mərhələyə münasibət bildirərkən Sovet İttifaqının məhz milli siyasətdə yol verilən yanlışlıqlar fonunda dağıldığını söyləyib: "SSRİ böyük dövlət qismində düzgün aparılan milli siyasət hesabına mövcud oldu. Amma 1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini başa düşmürdülər, ya da bilərəkdən zərərli addımlar atırdılar ki, bunların arasında separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması da var idi".

Lakin təbiidir ki, bu proseslər ictimai-siyasi şəraitdən, mental xüsusiyyətlərdən asılı olaraq və proseslərə təsir göstərə bilən tarixi şəxsiyyətlərin mövqeyi baxımından hər bir ölkədə fərqli cəhətləri ilə seçilir. O cümlədən Azərbaycanda da müstəqilliyə aparan yolun konkret tarixi mərhələləri və özünəməxsus xüsusiyyətləri vardır.

Əsl tarixi həqiqət odur ki, ulu öndər Heydər Əliyev 1987-ci ildə SSRİ kimi nəhəng bir dövlətin ali hakimiyyət orqanlarında tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ona qarşı ədalətsiz münasibətdən məyus olmuş Azərbaycan xalqının sovet quruluşuna inamı sarsıldı. Bu hadisə xalqımızın müstəqillik düşüncələrinə ilk təkan oldu. Çünki Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyi dönəmində (1969-1982-ci illər) milli mənafeləri əzmkarlıqla qoruyan qurucu lider kimi xalqın böyük rəğbətini qazanmışdı.

Müstəqilliyin əsasları yaradılmışdı...

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı sayəsində sonrakı illərdə elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdi.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1978-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, azərbaycançılıq ideyasının formalaşması istiqamətində atılan addımlar, peşəkar hərbçilərin hazırlanması işinə xüsusi diqqət yetirilməsi və bir çox digər məsələlər milli azadlıq ideyasının gerçəkləşməsinə istiqamətlənmişdi. Bu baxımdan inamla demək olar ki, həmin dövr eyni zamanda milli özünüdərkin möhkəmlənməsi mərhələsidir. Təsadüfi deyil ki, o zaman ittifaq miqyasında iqtisadi cəhətdən özünü tam təmin edə bilən iki respublikadan biri məhz Azərbaycan idi ki, bu da heç kimdən asılı olmadan müstəqil yaşamaq imkanı deməkdir. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur".

Xalqımıza qarşı törədilən 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində də ulu öndər öz qətiyyətli mövqeyini bildirdi, bunu bəşəriyyətə qarşı cinayət kimi səciyyələndirdi, qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını tələb etdi. Həmin hadisələrdən bir neçə ay sonra Naxçıvana gedən Heydər Əliyev noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi və siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Azərbaycan Respublikasının suverenliyinin hələ rəsmi bəyan olunmadığı bir vaxtda, SSRİ-nin saxlanması ilə bağlı referendumun Naxçıvan ərazisində keçirilməsinə imkan verməyən ulu öndər Naxçıvanda sovet rejiminin ləğvinə nail oldu və üçrəngli bayrağımızı qaldırmaqla Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolun təməlini qoydu.

Azərbaycan Respublikası müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa etsə də, bu tarixi nailiyyəti əldə saxlamaq asan deyildi. Yeni müstəqil dövlətlərlə bərabər Azərbaycan Respublikasının da dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması isə, sadəcə, beynəlxalq hüquq normalarının formal qanuni təzahürü idi.

Dövlətçiliyimizə qarşı təhlükələr

Yenidən müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının qarşısında bu tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət kursunun hazırlanıb həyata keçirilməsini və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi.

Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə heç bir iş aparılmadı. O dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi həddinə çatan qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altında qoymuşdu. Digər tərəfdən, təcavüzkar Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yaranan keçmiş Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın üzərində dururdu. Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayrı-ayrı mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər.

1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgələrinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxartdı. Strateji cəhətdən ən əhəmiyyətli ərazilərin bir-birinin ardınca itirilməsi daha çox AXC-Müsavat cütlüyünün xalqımıza və müstəqil dövlətçiliyimizə qarşı xəyanətkar mövqeyi ilə əlaqəli idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin hadisələrə siyasi qiymət verərkən bunu hakimiyyət uğrunda gedən çirkin mübarizənin nəticəsi kimi dəyərləndirmişdir: "Kəlbəcərin, Şuşanın və Laçının işğal altına düşməsində AXC-Müsavat tandeminin çox böyük mənfi rolu olmuşdur… O vaxt onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi… Öz doğma torpaqlarını ermənilərə təhvil verərək AXC-Müsavat satqın cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldi".

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanında bu hadisələrin dolğun siyasi qiyməti verilmişdir: "Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı. Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət aydın, ardıcıl və prinsipial bir kursun olmaması idi. Dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında deyil, məsul vəzifə sahiblərinin qrup maraqlarını ifadə edən təsadüfi bəyanatlar, əksər hallarda bir-birini inkar edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulurdu".

AXC-Müsavat cütlüyünün əsl siması bu antimilli qrupun hakimiyyətdə olduğu bir il ərzində tam şəkildə üzə çıxdı. Daxili və xarici siyasətdə buraxılan səhvlər onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirdi. Xalq aclıq və səfalət içində idi. Ölkənin maliyyə imkanları tamamilə tükənmişdi. Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illəri ərzində yaratdığı fundamental maddi və mədəni nailiyyətlər qısa müddətdə məhv edilmiş, sərvətlər talan olunmuş, işbazlar tərəfindən xaricə satılmışdı. Ümumiyyətlə, ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik hökm sürürdü. Belə düşünülməmiş və səriştəsiz siyasət vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin ölkə daxilində öz nüfuzunu itirməsinə gətirib çıxartdı. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı.

Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi bir dövr kimi səciyyələndirilə bilər. Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında Prezident İlham Əliyev o illəri xarakterizə edərkən ölkənin tamamilə idarəolunmaz vəziyyətdə olduğunu xatırladıb: "Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı..."

Yeni dövlət quruculuğu

Belə ağır şəraitdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıtması mövcud hakimiyyət boşluğunu aradan götürdü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.

Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq üçün təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı qəti addımların atılmasından ibarət idi. Milli Ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı. Cəbhə bölgələrindəki yeni vəziyyət, uğurlu Horadiz əməliyyatından sonra təşəbbüsün ələ alınması erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə olundu, münaqişənin dinc yolla aradan qaldırılması üçün ilkin şərait yarandı.

Müharibənin dayandırılması, ölkədaxili vəziyyətin nizamlanması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, regionda qonşu dövlətlərlə yaranmış gərginliyin aradan qaldırılması və münasibətlərin normal məcraya salınması Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirən amillərdən oldu.

Ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ona münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan ilk neft kontraktları imzalandı. Ölkənin çoxsaylı sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.

Azərbaycanda başlanmış bu işlər dövlətçiliyimizin əleyhinə olan daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlər göstərildi. Azərbaycan dövlətinin qətiyyəti, bütün xalqın qızğın dəstəyi ilə bu təhlükəli cəhdlərin qarşısı alındı. Görülmüş tədbirlər nəticəsində Azərbaycanda zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək ənənəsinə və separatizm meyillərinə son qoyuldu. Bununla da Azərbaycan dövlət müstəqilliyinin keyfiyyətcə yeni bir mərhələsinə daxil oldu, dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq üçün ictimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edildiyi ölkəyə çevrildi.

1995-ci il noyabrın 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu və yeni müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. Müstəqil Azərbaycan Konstitusiyası ölkəmizdə yeni dövlət quruculuğu, dövlətçilik fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yaratdı. Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu.

Ölkədə demokratik islahatlar kursu müəyyən edildi və bu istiqamətdə ardıcıl iş həyata keçirilməyə başlandı. Milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda demokratik dövlət yaradılması üçün yeni iqtisadi sistemin formalaşması, iqtisadiyyat sahəsində demokratik islahatların həyata keçirilməsi zərurəti ön plana çəkildi. Bazar iqtisadiyyatının formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması, neft strategiyasının ardıcıl surətdə həyata keçirilməsi yolunda böyük iş aparıldı. Prezident İlham Əliyev ulu öndərin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında onun Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdir: "1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir... Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etsin".

Beləliklə, müstəqilliyin gerçək əlamətlərini Azərbaycan dövləti və xalqı 1991-ci ilin oktyabrından yox, 1993-cü ilin iyunundan sonra dadmağa başladı. Bu tarixi yollara nəzər saldıqca bir daha əmin olursan ki, Heydər Əliyevin dediyi "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" tezisi hər bir dövr üçün aktuallığını qoruyub saxlayır. Tarixi ədalət naminə "Müstəqillik Günü haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

Müstəqilliyimizi möhkəmləndirən Zəfər

2003-cü ildən etibarən dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirilən siyasi kurs yeni, daha yüksək mərhələyə qədəm qoydu. Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən cənab İlham Əliyev islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu.

Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu ilk növbədə məhz onun bənzərsiz fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmiz yeni nəsil müasir və sivil dövlət modelini dünyaya təqdim edir. İndi Azərbaycan beynəlxalq səviyyədə gedən proseslərdə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına sədrlik edir, beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmiş Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ən nüfuzlu mövqelərdən birinə sahibdir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı Dövlət proqramları əhalinin yüksək sosial rifahını, hüquq və azadlıqlarını təmin etmişdir. Müstəqil siyasətin təmin edilməsinə xidmət edən milli qanunvericiliyin ən yüksək standartlar əsasında təkmilləşdirilməsi və dövlət quruculuğunun yeni mütərəqqi ideyalar əsasında qurulması prioritet istiqamətlər sırasındadır.

Ən əsası isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü siyasi iradəsi, sərkərdə qətiyyəti, hərbi-siyasi və diplomatik məharəti sayəsində Ermənistanın 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğradılaraq, 30 ilə yaxın işğal altından saxladığı torpaqlardan qovulması ilə dövlət müstəqilliyinin ən vacib elementlərindən biri olan ərazi bütövlüyü təmin edilmişdir. Tarixi Zəfər nəticəsində yaranan yeni reallıqlar ölkəmizin dövlət müstəqilliyinin toxunulmazlığına və əbədiliyinə daha güclü zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə dövlət müstəqilliyinin ölkəmiz üçün ən böyük dəyər olduğunu bildirərək müzəffər sərkərdə kimi siyasi iradəsini bir daha nümayiş etdirmişdir. Dövlətimizin başçısı Azərbaycanı mümkün təhlükələrdən qoruyacağını bir daha bəyan edərək demişdir: "Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq...Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik... Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm!"

Müstəqil siyasət, qətiyyətli siyasi iradə - Azərbaycanın dövlətçilik ənənələrinin əbədiyaşarlığını təmin edəcək ən mühüm amillərdir. Düzgün siyasət və xalqımızın qalibiyyət ruhu müstəqil dövlətçiliyimizin davamlı inkişafı üçün sarsılmaz zəmindir.

Əli HÜSEYNLİ,

Milli Məclis sədrinin birinci müavini.