MÜSTƏQİL AZƏRBAYCANIN UĞURLU GƏNCLƏR SİYASƏTİ
Digər xəbərlər

MÜSTƏQİL AZƏRBAYCANIN UĞURLU GƏNCLƏR SİYASƏTİ

1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü elan edildi. Bu tarixi qərar Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran xalqımızın ümummilli liderinin ölkə gəncliyinə diqqət və qayğısının bariz nümunəsidir.

Ulu öndərin gənclər siyasətini uğurla davam etdirən qalib ölkənin başçısı, Prezident İlham Əliyev 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bu il fevral ayının 1-də müvafiq sərəncamlar imzalamışdır. Belə ki, ölkə başçısının Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən, dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyət göstərən bir qrup gənc "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.     

1994-cü ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.

Vurğulamaq lazımdır ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum ümummilli liderin gəncliklə bağlı müəyyən etdiyi strategiyanın təntənəsi oldu.

Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli yönündə həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-cı illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradırdı.

Gənclər siyasəti bu gün də Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində mühüm Dövlət proqramları qəbul edilir.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət həyata keçirməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 28-də "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"nı təsdiq edib.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

Davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.

Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişaf, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan, 44 günlük Vətən müharibəsindən şərəflə çıxması Azərbaycan gəncinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayişi idi. Bununla torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən gənclərimiz Prezident İlham Əliyevin onlara olan etimadını layiqincə doğrultdular.

Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu gün Laçın-Xankəndi yolunda böyük fədakarlıq göstərən gənclərimiz düşmənə yenə də gözdağı verirlər. İki aya yaxındır ki, əsasən, gənclərdən ibarət olan azərbaycanlı ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolu üzərində dinc aksiyanı davam etdirirlər. Gənclərin bu fədakarlıqlarını yüksək qiymətləndirən dövlət başçısı 2023-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində müxbirin sualını cavablandırarkən deyib: "İlk növbədə o gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər".

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı olmuş, bu təbəqəyə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə yüksəltdiyi gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib.

Bəli, bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, dövlətin daim diqqət və qayğısı ilə əhatə olunan gənclərin müstəqil Azərbaycanın inkişafı yolunda rolu böyükdür.

Nurəngiz ADİLQIZI,

"Respublika".