Müstəqil Azərbaycanın uğurları ulu öndərin ideyalarının təntənəsidir
Siyasət

Müstəqil Azərbaycanın uğurları ulu öndərin ideyalarının təntənəsidir

Azərbaycan xalqı tarixən öz müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda mübarizə aparmış və bu yolda saysız qurbanlar vermişdir. XX əsrdə xalqımız müstəqilliyi əldə etmək imkanına iki dəfə müvəffəq oldu. 1918-ci ildə yaranmış və 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür sürmüş, sovet imperiyasının işğalçılıq siyasətinin qurbanı olmuşdur. Lakin dövlətçiliyimizin yaranması və inkişafında xalqımızın  tarixi taleyində böyük rol oynamışdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “...Ən böyük nailiyyət tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik əhvali-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir”.

1990-cı il 17 noyabr... Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin ilk sessiyası keçirilir. İclasın aparılması bir ağsaqqal deputat kimi Heydər Əliyevə həvalə olunub. Azərbaycanda ilk dəfə olaraq bu sessiyada milli dövlətçilik ənənələrinin dirçəldilməsi baxımından müstəqilliyə can atan xalqımız üçün böyük əhəmiyyət kəsb edən bir sıra qərarlar  qəbul edilir. Sessiya Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist”  sözlərinin çıxarılması, Naxçıvan Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul edir.

Həmin sessiyada ilk Azərbaycan Respublikasının rəmzi olan üçrəngli dövlət  bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında məsələyə də baxılır. Təklif qəti idi: -Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da Şərqdə ilk müstəqil dövlət kimi ucaltmış olduğu üçrəngli milli bayraq qəbul edilməli idi. Sessiyanın işini istiqamətləndirən Heydər Əliyev təklifi səsə qoyur və yekdilliklə, deputatların alqış sədalarıyla qəbul edilir. Bununla yanaşı, muxtar respublikanın Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyev demişdir: “Əgər 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının həyatında əlamətdar və tarixi bir hadisədirsə, biz bunu açıq deməliyik və bu, Azərbaycan dövləti tərəfindən müəyyən qədər qanuniləşdirilməlidir. Əgər biz bunu qəbul ediriksə, 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının devrilməsi pislənilməlidir, qeyri-qanuni hal kimi qəbul olunmalıdır”.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətində keçmiş Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış ağır vəziyyətə də öz birmənalı münasibətini bildirmişdi. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin birinci sessiyasındakı çıxışında Heydər Əliyev özünəməxsus məntiqlə Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələrin obyektiv təhlilini verərək, orada yaranmış gərgin vəziyyətin köklərini cəsarətlə açıb göstərmiş, onu müttəfiq respublikaların hüquqlarının tapdanması, mərkəzin imperiya siyasətinin nəticəsi kimi səciyyələndirmişdi.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilir. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edir. Bu münasibətlə “Həyat” qəzetinin redaksiyasına göndərdiyi teleqramda Heydər Əliyev deyirdi: “...Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı tərəfindən milli-azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır”.

Yeri gəlmişkən bir məqama da toxunmaq lazımdır. Belə ki, Azərbaycan Respublikası Ali Soveti oktyabrın 8-də işə başlayan növbədənkənar sessiyada Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi məsələsini dörd gün müzakirə etmiş, qərar verməyi bir həftə sonraya saxlamışdı, çünki SSRİ-nin süqutu bir çox qüvvələri qəti razı salmırdı, imperiyanın yenidən bərpasına ümid edənlər də çox idi. Necə deyərlər, “bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar tərəddüd içərisindəydilər. Zaman isə gözləmirdi...

Müstəqilliyimizin ilk illərində Azərbaycan parçalanmaq bir ölkə, bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi.  Azərbaycanda vətəndaş müharibəsi  başlamışdı.  Vətənin əldən getdiyi belə bir çətin məqamda ulu öndər Heydər Əliyev köməyə gəldi, ona üz tutan  xalqının ümid çırağını sönməyə qoymadı, vətənin dar günündə səsini xalqının səsinə qatdı. Əslində, o, Azərbaycanın dövlət müstəqilliyi elan edilənədək hələ Naxçıvanda işləyə-işləyə  müstəqillik, milli-azadlıq yolunda böyük işlər görmüşdü. Elə Naxçıvanda həyata keçirdiyi işlər müstəqilliyə gedən yolun  başlanğıcı idi. Bu da tarixi ədalətin  təntənəsi idi ki, keçən əsrin 70-80-ci illərində Heydər Əliyevin milli oyanış,  milli özünüdərk,  milli intibah cücərtilərindən  boy atıb yetişən  müstəqilliyinin qorunub saxlanması, inkişaf etdirilməsi və əbədiliyinin,  dönməzliyinin təmin olunması missiyasını da Azərbaycan xalqı öz milli liderinə həvalə etdi. Bununla da çağdaş  Azərbaycan tarixinin milli qurtuluş, həqiqi müstəqillik mərhələsi başladı.

Vaxtilə ABŞ siyasətçisi Z.Bjezinski demişdi: “Bu gün Azərbaycanı  idarə edə biləcək  yeganə şəxsiyyət Heydər Əliyevdir”. Bəli, Azərbaycanı,  onun dövlət müstəqilliyini Heydər Əliyev dühası, zəngin  dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi,  müdrik şəxsiyyət qətiyyəti,  Azərbaycan dövlətçiliyinə sədaqəti, Azərbaycan  xalqına sonsuz məhəbbəti xilas etdi.

Ulu öndər deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir”. O, dediyini əməli fəaliyyəti ilə də təsdiqlədi.

Həmin  dövrü xarakterizə edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyimizin bərpasının  30-cu ildönümü münasibətilə Azərbaycan  xalqına müraciətində demişdir: “Azərbaycan tarixinin bu ağır dönəmində  ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra  müstəqilliyin yenidən  itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə  ölkəmizin müstəqil daxili və xarici  siyasət strategiyasının   təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi,  demokratik islahatların  həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından  həlledici rola malik “Əsrin müqaviəsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı,  qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək  müvəffəqiyyətlərinə  yol açan cəsarətli addımlar atdı”.

Bu gün nəhəng regional və qlobal layihələrin  təşəbbüskarı  və fəal iştirakçısı olan Azərbaycan özünün milli  maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında  etibarlı tərəfdaş kimi tanınır. Bütün bunlar isə  Heydər Əliyev ideyalarının təntənəsidir.

Azərbaycan müstəqilliyinin  bərpasının 30-cu ilini 30 illik işğala son qoyan qalib ölkə kimi qeyd edir və bununla da bütün dünyaya göstərir ki,  müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!

Zümrüd QURBANQIZI,

“Respublika”.