Müstəqil Azərbaycanın sələfi
Siyasət

Müstəqil Azərbaycanın sələfi

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut edib

Birinci Dünya müharibəsi başa çatdıqdan sonra yaranmış gərgin siyasi mühit, Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılması müstəqil Azərbaycan dövlətinin qurulmasına zəmin yaratdı. Dünyəvi, demokratik dövlət kimi tarixə düşən, "İstiqlal Bəyannaməsi"nin elan olunması ilə yaranan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb bir ictimai-siyasi şəraitdə fəaliyyət göstərərək dövrünün mütərəqqi dövlət təsisatlarının yaradılmasına nail olmuş, cəmi 23 ay yaşasa da, xalqın qəlbində azadlıq və istiqlal duyğularını oyatmış, onun müstəqil yaşamağa, dövlətçilik ənənələrini yaşatmağa qadir olduğunu sübut etmişdi.

Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, dövlət müstəqilliyinin əldə edilməsində, demokratik quruluş yaratmaq istiqamətində mühüm rol oynayan, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsuli-idarə prinsiplərinə əsasən qurulan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımızın milli azadlıq, müstəqillik və demokratiya arzularını özündə əks etdirən parlaq bir tarixdir. Bu tarixi yazanlar isə müstəqil Azərbaycan amalı uğrunda mübarizə aparan xalqımızın mütərəqqi fikirli ziyalıları - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov kimi bir çox dövlət xadimləri olmuşdur.

1918-ci il may ayının 27-də Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclasında yaradılan Müvəqqəti Milli Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə edildi. Azərbaycan Xalq Cümhuriyyəti İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi. Milli Şuranın may ayının 28-də keçirilən birinci iclasında isə Azərbaycanın müstəqilliyi barədə qərar verildi və bu qərarı hüquqi cəhətdən təsdiqləyən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul olundu. Həmin dövrdə Bakı və Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərsə də, Gəncə və Gəncə quberniyası AXC milli hökumətinin tərkibində idi. Türk ordusunun Gəncəyə daxil olması ilə iyun ayının 16-da AXC hökuməti Tiflisdən Gəncəyə köçdü. Bir gün sonra Milli Şura buraxıldı və Müəssislər Məclisi çağırıldı. Azərbaycan Xalq Cümhuriyyəti İcra Komitəsinin sədri Fətəli xan Xoyski milli hökumətin təsbit olunması üçün qardaş Türkiyənin köməyinə ehtiyac olduğunu bildirdi. Bu məqsədlə türk ordusunun 5-ci və 15-ci diviziyaları Gəncəyə göndərildi. Osmanlı və AXC qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə çaldıqdan sonra qısa müddət ərzində Kürdəmir və Şamaxını da azad etdi və bununla da Bakı Xalq Komissarları Şurası süquta uğradı. Azərbaycan Milli Şurası bərpa olundu və noyabr ayının 9-da ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qəbul olundu. Dövlət bayrağının üç rəngi - türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını təmsil edirdi. Noyabrın 17-də isə müttəfiq qoşunlar Azərbaycana daxil oldu. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışı oldu və müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov 120 üzvdən ibarət parlamentin sədri seçildi. Çoxpartiyalılıq prinsipi əsasında qurulmuş parlamentdə qəbul edilən qanunvericilik aktları, qərarlar milli müstəqilliyin möhkəmləndirilməsinə, siyasi-iqtisadi inkişafa, mədəniyyət və maarif sahəsində irəliləyişə, Azərbaycan dövlətçiliyinin, xüsusən də parlament mədəniyyətinin formalaşmasına yönəldilmişdi. Fəaliyyəti dövründə parlamentdə 130 iclas keçirilmiş, iclaslarda ölkənin daxili və xarici siyasəti, ordu quruculuğu ilə bağlı 270 müxtəlif məsələyə baxılmış, müzakirəyə çıxarılan qanun və qərar layihələrinin təqribən 230-u qəbul edilmişdir. Ölkənin qanunvericilik orqanı ana dilimizi Azərbaycanın dövlət dili elan etmiş, dövlət rəmzlərini - respublikanın himnini, bayrağını təsdiq etmiş, dövlət gerbinin yaradılması işinə başlamışdır. Dövlət quruculuğu ilə bağlı parlament "Azərbaycan vətəndaşlığı haqqında", "Milli Bankın yaradılması haqqında", "Müəssislər Məclisinə seçkilər haqqında", "Bakı Dövlət Universiteti haqqında", İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin təsis edilməsi, ölkədə 7 müəllim və 1 qadın seminariyasının, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sisteminin yaradılması, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xaricə göndərilməsi barədə və s. qanun və qərarlar qəbul etmişdir.

Hökumətin Dövlət Müdafiə Komitəsi yaradıldıqdan sonra 1919-cu il iyunun 13-də Bakı zəhmətkeşləri ingilis qoşunlarının ölkədən çıxarılması tələbi ilə mitinq keçirdi və mitinqin səhəri günü komitə tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. İyun ayının 27-də parlamentdə Azərbaycan ilə Gürcüstan arasında imzalanmış "Ərazi bütövlüyünün birlikdə qorunması haqqında" müqavilə təsdiq edildi. İngiltərə-İran müqaviləsinə görə isə İran ölkəmizə olan ərazi iddialarından əl çəkdiyini bəyan etdi və bundan sonra 1918-ci ildə Bakı Soveti tərəfindən dəvət olunan ingilis qoşunları ölkəni tərk etməyə başladılar. Eyni zamanda, Tiflisdə Azərbaycan ilə Ermənistan arasında bütün münaqişələrə son qoyulması və sərhədlərin müəyyənləşdirilməsinin sülh yolu ilə həll edilməsi barədə müqavilə imzalandı. Parlament tərəfindən "Azərbaycan vətəndaşlığı haqqında" qanunun qəbulu ilə yanaşı, həmçinin hökumətin yeni tərkibi də təsdiq edildi.

1920-ci ildə Sovet Rusiyası tərəfindən ölkəmizə qarşı təhlükə getdikcə artırdı. Belə ki, Rusiya ağqvardiyaçı Denikin ordusuna qarşı hərbi ittifaq bağlamağa sövq etmək və Azərbaycanı öz daxili işlərinə qarışdırmaqla gələcəkdə ölkəmizin işğalında siyasi gediş etmək məqsədi güdürdü. Lakin AXC xarici işlər naziri Fətəli xan Xoyski RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerinin əsas məqsədinin nədən ibarət olduğunu anlayaraq bunu Rusiyanın daxili işi olduğunu və Azərbaycanın müstəqil dövlət olaraq başqa bir dövlətin daxili işlərinə müdaxilə etmədiyini bildirdi. Əslində, Fətəli xan Xoyski Azərbaycanın Rusiyanın daxili işlərinə qarışmadığını bildirməklə, eynilə də Rusiyadan da bunu tələb edirdi.

Hökumətin bəzi üzvləri AXC-nin həyata keçirdiyi siyasətə qarşı müxalifətçi mövqe tuturdular. Belə ki, parlamentdə fəaliyyət göstərən və xalqın mənafeyini müdafiə edən aparıcı fraksiya Müsavat fraksiyası idi. Bu fraksiya demokratik bitərəflər qrupu ilə birlikdə parlamentin və hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir, milli mənafe ilə bağlı bütün qanun və qərarların qəbul edilməsində həlledici rol oynayırdı. Lakin müsavatçılar fraksiyası parlamentdə aparıcı rol oynasa da, hökumətin süqutunun qarşısını təkbaşına alacaq gücdə deyildi. Parlamentdə ikinci əsas fraksiya isə İttihad fraksiyası idi. Eyni zamanda, sosialistlər bloku da fəaliyyət göstərirdi ki, bu blokun üzvləri Azərbaycanın Rusiya Sovet Federativ Sosialist Respublikasına birləşdirilməsini, Qırmızı ordunun ölkəmizə əsl azadlıq gətirə biləcəyini, iqtisadi və sosial islahatların yalnız sosializm quruluşu şəraitində mümkün olacağını təbliğ edirdilər. Sosialistlər bloku, həmçinin bolşeviklərin Şimali Azərbaycanı işğal etmək planlarının reallaşdırılmasında yaxından iştirak edirdilər. Bu baxımdan, AXC-də təmsil olunan siyasi qüvvələrin birgə fəaliyyətinin mümkün olmaması, pərakəndəlik, fraksiyaların fərqli mövqelərdə olması sovet qoşunlarının Azərbaycanı işğal etməsinə münbit şərait yaratdı.

Bununla da 1920-ci il aprel ayının 27-də XI qızıl ordunun qüvvələri Bakı əməliyyatını həyata keçirdi. Qafqaz cəbhəsi komandanlığının əmrinə əsasən XI qızıl ordunun komandanı Mixail Karloviç Levandovski aprelin 27-də Azərbaycan sərhədini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi. Samur körpüsündən keçən III Beynəlmiləl zirehli qatarı azsaylı Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya doğru hərəkət etdi və ikisaatlıq qanlı döyüşlərdən sonra Yalama stansiyası ələ keçirildi. Həmin gün Azərbaycan Parlamentinə AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyətin təhvil verilməsi barədə ultimatum verildi. Parlament rus ordusunun Anadolunun köməyinə gedəcəyi, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qoruyacağı, milli ordunun olduğu kimi saxlanacağı, siyasi partiyaların azad şəkildə fəaliyyət göstərəcəyi, eyni zamanda keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkillərinin təqib olunmayacağı, həmçinin dövlət qulluqçularının iş yerlərinin saxlanacağı təqdirdə hakimiyyəti kommunistlərə verdi. Və AXC Parlamentinin fəaliyyəti başa çatdı. 1920-ci il aprelin 28-də dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələr nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Mehparə ƏLİYEVA,

"Respublika".