Müqəddəslik zirvəsi
Region

Müqəddəslik zirvəsi

5 avqust 2000-ci ildə dağlar diyarı Lerik şəhərində dünyaya gələn Altay Tahir oğlu Mövlanov 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır. 20 yaşında Altay əbədiyyət dünyasına qovuşmaqla özünə ürəklərdə yuva qurub. Qərinələr keçəcək, gələn nəsillər tərəfindən Altay Vətənini özündən artıq sevən igid, mərd döyüşçü, layiqli vətəndaş kimi ehtiramla xatırlanacaq. Dövlət tərəfindən layiq görüldüyü "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları onun keçdiyi şərəfli yolu əks etdirəcəkdir.

Doğma Lerik şəhərində Vətən, torpaq sevgisi ilə boya-başa çatan Altay 2018-ci ildə əsgər yaşına çatanda sevinir. Axı, işğal olunmuş əzəli yurd yerimiz Qarabağ torpaqlarından erməni faşistlərini qovmaq onun ən böyük arzusu idi. Elə bu məqsədlə Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür. Ön cəbhədə xidmət edir və bunu özünə şərəf bilir. Həm də səmimiliyi, mərdliyi Altaya əsgər və zabitlərin hörmətini qazandırır. O, hərbi təlimlərdə döyüş igidliyinə görə fərqlənir, eyni zamanda nümunəvi xidməti ilə əsgər yoldaşlarında Vətənə, torpağa məhəbbət hissi yaradır.

Altay əsgərliyi başa vurub Lerik şəhərinə qayıdır. Bir aydan sonra düşməndən qisas almaqdan ötrü yenidən hərbiyə yazılır. İkinci Qarabağ müharibəsi başlanır. Lerikin qartal balası əlinə silah alıb ilk gündən odun-alovun içinə, vuruşa atılır. Vətəni öz qanı bahasına yaşadan qeyrətli oğullardan biri də o olur.

Hər qarış Vətən torpağı uğrunda canından-qanından keçməyə hazır olan Altay Füzuli istiqamətində gedən ağır döyüşlərdə rəşadətlə, mətanətlə savaşır və erməni dığalarının neçə-neçə texnikasını sıradan çıxarır, canlı qüvvəsini məhv edir. Oktyabrın 18-də isə "Vətən yaşasın", - deyə polad sinəsini gülləyə sipər edir. Və torpaq uğrunda axıtdığı qan qəhrəman əsgəri əbədiyyətə qovuşdurur. Onun qısa həyat yolu xalqı üçün Vətənə sevgi simvoluna dönür.

Zəfər ORUCOĞLU.