Müqəddəs zirvə
Sosial həyat

Müqəddəs zirvə

Vətən müharibəsi Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı,  şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Şəhidlərimizin keçdikləri qısa, keşməkeşli yollar göstərir ki, onlar bu şərəfli zirvəyə güclü iradəsi, əqidəsi, xarakteri ilə yüksəliblər. Odur ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bu gün hər kəsə örnəkdir. Şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

Şəhriyar Mirişli Vətən müharibəsinin ən gənc şəhidlərindəndir. Şəhriyar  Bəxtiyar oğlu Mirişli 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olub.
Şəhriyar Vətən müharibəsi başlayanda həqiqi hərbi xidmətinin altıncı ayını başa vurmuşdu. Qorxmazlığı və çevikliyinə görə XTQ-də xidmətə götürülən Şəhriyar Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərib.

 Vətən müharibəsində şəhidliyə yüksələn Şəhriyar Mirişli 18 illik qısa, lakin mənalı ömür sürdü. Mirişovlar ailəsinin sonbeşiyi, dörd qardaşın sonuncusu idi. Şəhidin atası Bəxtiyar Mirişov onun haqqında qürurla danışır: “Şəhriyar tərbiyəli, ağıllı, gülərüz oğul idi. Elə buna görə də hamı onu çox istəyirdi. Dörd oğlum var. Vətən müharibəsi başlayanda övladlarımdan ikisi - Ağacəfər və Şəhriyar döyüşlərə qatıldılar. Onlardan biri - Ağacəfər müharibədən qayıtdı, Şəhriyar isə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O, mənə müharibəyə getməmişdən əvvəl demişdi ki, “ata, mənimlə fəxr edəcəksiniz, ailəmizin, ata-anamın başına tac qoyacağam”. Bu tac sən demə, şəhadətə ucalmağın tacı imiş. O, şəhadəti ilə arzusuna çatdı. Mən də fəxr edirəm ki, qəhrəman oğul atasıyam”.

Şəhriyarın babası Ağacəfər dayı nəvəsinin şəhidlik zirvəsinə yüksəlməyindən fəxrlə danışır. Ağacəfər Mirişov deyir: “O, ən böyük zirvəyə çatıb, şəhidlik zirvəsinə. Allah şəhid ailələrinə səbir versin. Torpaq qanla alınmışdı, qanla da geri qaytarılmalı idi. 30 il gözlədiyimiz gün gəlib çatdı. İndi fəxr edirik ki, torpağımız bizdədir”.

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində əməliyyatlarda iştirak edən Şəhriyar oktyabrın 21-dən 22-nə keçən gecə şəhid olduğu döyüşdə düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını sıradan çıxararaq, yağılara sarsıdıcı zərbələr vurub. İndi bu igidliklərinə görə bütün qohumları Şəhriyarla qürur duyur.

2020-ci ilin oktyabrın 21-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub.
Şəhid Şəhriyar Mirişli oktyabrın 23-də Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamları ilə  Şəhriyar Mirişli ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhidlər, bu yurdun başı üzərində daim dalğalanacaq azadlıq bayraqlarıdır. Uğrunda can qurban verdiyiniz vətən sizi heç vaxt unutmayacaq. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır. 

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.    

                                                                                                      M.MİRZƏ,

                                                                                                  “Respublika”.