Müqəddəs vəzifə borcunu şərəflə yerinə yetirmiş igid
Region

Müqəddəs vəzifə borcunu şərəflə yerinə yetirmiş igid

Tərtərdə Vətən müharibəsi şəhidi Aysənan Abbasovun il mərasimi keçirilib. Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Aysənan Abbasov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aysənan Abbasov 30 sentyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. Tərtər rayonunun Seydimli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Aysənan Abbasov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Vəli VƏLİYEV,

"Respublika".