Müqəddəs vəzifə borcu
Region

Müqəddəs vəzifə borcu

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş  polkovnik-leytenant Vidadi Xəlilovun  ildönümü qeyd olunub. Mərasimdə  Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri,  ağsaqqallar və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin məzarı önünə toplaşan mərasim iştirakçıları  xatirəsini ehtiramla yad ediblər, önünə gül dəstələri düzüblər. Rayon icra hakimiyyətinin başçısı mərasimdə çıxış edərək şəhid Vidadi Xəlilovun qısa və mənalı ömür  yolundan, dövlət  tərəfindən  polkovnik-leytenanta verilən təltiflərdən, ailəsinə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları 44 günə darmadağın etdi və  məğlub olduğunu etiraf edən düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi.  Bu, Azərbaycan hərb tarixinin ən parlaq  və şanlı səhifəsi idi.

Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin  “N”  saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə vəzifə borcunu  şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.  Polkovnik-leytenant Vidadi Xəlilov rəhbərlik etdiyi  əsgərləri ilə birlikdə  II Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olub. O, 2020-ci il oktyabrın 30-da Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ünvanlayıb.

 Maarif RZAYEV,

“Respublika”.