Müqəddəs vətən borcu
Region

Müqəddəs vətən borcu

Xalqımızın  mərd, igid, qeyrətli  Vətən övladlarının  misilsiz  şücaəti, qanı, canı bahasına  30 ilə yaxın erməni dığaların tapdağına dönən  Qarabağımız 44 günə  azad edildi. Qazanılan bu şanlı zəfər tariximizə   1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olmuş Ceyhun Akif oğlu Səfərovun  adı da yazıldı. O, Vətəninin şərəfi naminə  şəhidlik zirvəsinə ucalmaqla müqəddəs bir ömür yaşadı. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları da qəhrəmanın döyüş meydanında  yağıya qarşı göstərdiyi şücaətdən bir nümunə oldu.

Ceyhun  Səfərov orta məktəbi bitirib bir müddət  təsərrüfatla məşğul olur. Sevdiyi  işdə böyük  həvəslə, vəcdlə çalışır. El-obaya fayda verməklə bərabər  ailəsinə də yaxşı qazanc aparır. Günləri maraqlı, mənalı keçsə də,  düşmən işğalında qalan Qarabağın taleyinə çox yanır...

Yurdunun torpağına, daşına sevdalı olan Ceyhun 2013-cü ildə  Ordu sıralarına gedir. İlk gündən cəbhə bölgəsində Vətənin  keşiyində durmağı özünə şərəf sayır. Əsgərlərə, komandirlərə  bildirir ki, yağı düşməndən qisas almamış ürəyim rahatlıq  tapmaz. Xidmət etdiyi müddət ərzində Ceyhunun Vətən, torpaq  sevgisinə hamı əhsən deyir.  Həqiqi hərbi xidməti başa vuranda  onun cəsurluğu, igidliyi, mərdliyi  dillərdə qəhrəmanlıq nəğməsinə dönür.

 Doğma kəndinə qayıdan Ceyhun  yenidən zəhmət meydanına atılır. Onun halal əməyi, saf əməlləri  el-obaya sevinc gətirir. İllərin səfində insanların gözündə ucalan Ceyhun  öz xoşbəxtliyini xalqına gərək olmaqda, bir də  Qarabağın azadlığında görür. Odur ki, İkinci Qarabağ müharibəsinə könüllü qatılır. Vətənin haqq savaşının birinci günündən əlinə silah alıb dığalarla döyüşür. Həmişə də odun-alovun içinə  qalib  gəlmək istəyi ilə atılır. Füzuli, Cəbrayıl, Zəngilan  döyüşlərində böyük şücaət göstərir, sözün əsl mənasında  dığalara qan uddurur.

Vətən sevdalısı  20 oktyabr 2020-ci ildə Cəbrayıl  istiqamətində  gedən ağır haqq savaşımızda şəhid olub əbədiyyətə  qovuşur. Son nəfəsdə də Zəfər günümüzə inamla  erməni dığalardan qisas ala bilir.

Zəfər ORUCOĞLU.