Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri üçün bayram konserti təşkil olunub
Sosial həyat

Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri üçün bayram konserti təşkil olunub

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına daim ən yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, aidiyyəti dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə mütəmadi qaydada yaxından maraqlanırlar.

Dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı onlara böyük sevinc hissi bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyaraq şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.

AZƏRTAC xəbər verir ki, iyulun 21-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı münasibətilə bayram konserti təşkil olunub. Tədbirdə 50-dən çox şəhid ailəsi, Müdafiə Nazirliyinin nümayəndələri, incəsənət nümayəndələri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu ehtiramla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova tədbir iştirakçılarını başda Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq, Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbir diləyib, Qurban bayramı münasibətilə təbrik edib.

Zümrüd Səmədova bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Öz canları, qanları ilə qəhrəmanlıq dastanı yazan, xalqımıza tarixi zəfər sevincini yaşadan oğullarımızın həyatı və şərəfli döyüş yolu gəncliyimizə örnəkdir. Onları daim yad etmək, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim vətəndaşlıq və mənəviyyat borcumuzdur.

Şəhid ailələrinin üzvləri dövlətimiz və Müdafiə Nazirliyi tərəfindən şəhidlərimizin xatirəsinə göstərilən yüksək diqqət və qayğıya, ailələrinin diqqət mərkəzində saxlanılmasına görə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra şəhid övladlarına bayram hədiyyələri və sovqatları təqdim olunub. Tədbir Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın ifası ilə davam edib.

AZƏRTAC