Müqəddəs amal uğrunda can verməyə hazırıq
Region

Müqəddəs amal uğrunda can verməyə hazırıq

Vətən müharibəsində sentyabrın 28-də verilən məlumatda qeyd olunurdu ki, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd "OSA" zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə düşmənin 3 silah-sursat anbarı məhv edilib. Təbii ki, belə ürəkaçan məlumatlar igid oğullarımızın qəhrəmanlığının, düşmənə nifrətinin, qisas hissinin nə qədər güclü olduğundan xəbər verirdi. Həmin qəhrəman oğulların cərgəsində İlham Abbasov da var idi. 22 yaşlı gənc Vətən torpaqlarının azadlığı uğrunda başlanan savaşda hünər və cəsarət göstərib.

İlhamın valideynləri Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində Füzuli rayonunun Dilağarda kəndindən didərgin düşüb. Ailə Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış çadır düşərgəsində məskunlaşıb. Yurd həsrəti ilə yaşayan ailədə 2000-ci il martın 13-də bir oğlan uşağı dünyaya gəlib. Adını İlham qoyublar. Lap uşaq yaşlarından İlham ata-anasının kədərli həyatını, onların nisgilini körpə qəlbi ilə hiss edib, evlərini işğal edərək dağıdan düşməndən qisas alacağı günü gözləyib. Üç yaşı olanda ailəsi Füzuli rayonundakı "Qayıdış" qəsəbəsinə köçüb. Orta məktəbi bitirdikdən sonra İlham həqiqi hərbi xidmətə çağırılıb. Tərxis olunduqdan sonra İlham öz arzusu ilə ordu sıralarında müddətdən artıq hərbi xidmətini davam etdirib.

Vətən müharibəsinin ilk günündə İlhamın xidmət etdiyi hərbi hissə döyüşlərə qatılıb. Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə İlham düşmənin müdafiə istehkamlarının yarılmasında iştirak edib. Torpaqlar işğaldan azad edildikcə əsgər və zabitlərin döyüş ruhu daha da güclənib, düşmənə daha ağır zərbələr endiriblər. Füzuli uğrunda gedən döyüşlərdə İlham qəhrəmanlıqla həlak olub. İlhamın döyüş dostları onun qisasını düşməndən alacaqlarına söz veriblər və deyiblər ki, uğrunda can verməyə hazırıq, Vətən!

Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun hərbi qulluqçusu İlham Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi İlham Abbasovun doğum günü həmyerliləri tərəfindən dərin ehtiramla yad edilib, əziz xatirəsi anılıb, məzarı başında ruhuna dualar oxunub. Anım mərasimində şəhidin ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin, Etika Akademiyasının Qarabağ nümayəndəliyinin əməkdaşları, müharibə veteranları, şəhidin dostları və qəsəbə sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdi. Vətənin bütövlüyü uğrunda canını sipər edərək ən ali məqama ucalan qəhrəmanlar Qələbə tarixin yazdılar, həm də gələcək nəsillər üçün örnək oldular. Qeyd edilib ki, bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub.

Salman ALIOĞLU,

"Respublika".