Müqəddəs amal uğrunda
Region

Müqəddəs amal uğrunda

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi... Bu zirvə hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli və ləyaqətli insanlar bu zirvəyə yüksələ bilərlər. Ölümü ilə əbədilik qazanan qəhrəman şəhidlərdən Goranboy rayonu Qarqucaq kənd sakini şəhid Aslanov Rəşad Taryel oğlunun məzarı ziyarət olundu.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, dövlət rəsmiləri və bir qrup ictimai fəallar Qarqucaq kəndində şəhidin ailə üzvləri ilə birgə onun məzarı önünə tər gül dəstələri düzüblər. Ruhuna dualar oxunub, əziz xatirəsi anılıb. Haqqında xoş xatirələr dilə gətirilib.

Qeyd olunub ki, 44 günlük müqəddəs Vətən savaşında qəhrəman oğullarımız günlərlə soyuq səngərlərdə ölümlə göz-gözə dayanaraq, canlarıyla sipər oldular ana torpağa... Azərbaycanın qürurverici zəfər tarixini yazdılar ki, bu şərəf salnaməsi min illərin o üzündə belə qürurla vərəqlənsin... Onların qanı yerdə qalmadı. "Dəmir Yumruq" əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi və şəhidlərin qisası lazımınca alındı. Bu igidlərin ruhu bu gün çox rahatdır. Bu da hamının təsəllisidir. Sonra Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailələrinə bildirib ki, dövlət daim onların yanındadır. Şəhidin ailə üzvləri, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".