Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün potensial imkanlar mövcuddur
Siyasət

Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün potensial imkanlar mövcuddur

Ölkəmizlə əlaqələrin inkişafında yeni səhifə açan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səfəri ümumən uğurlu olmuşdur

“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin mahiyyəti barədə intensiv və dərin fikir mübadiləsi aparmaq - bu, müzakirə olunmuş birinci məsələdir. Çünki biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək”. Aİ-nin Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət  verdiyini ifadə edən bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana  səfəri  çərçivəsində  bildirib.

Ölkəmizdə  innovasiya, peyk, həmçinin, infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə, Bakı limanında, həmçinin, regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə  tanış olduğunu xatırladan Ş.Mişel vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək niyyətindədirlər. Bütövlükdə səfər və səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlərin yaratdığı təəssürat belə deməyə  əsas verir ki, bunun üçün potensial imkanlar mövcuddur, Aİ ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq qurulub.

Bildiyimiz kimi, Şarl Mişelin Azərbaycana səfəri Cənubi Qafqaza, protokol qaydalarına tam riayət edilməklə, region ölkələri Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrılmaqla baş tutub. Halbuki, əvvəllər bu cür səfərlərdə protokol qaydalarına tam əməl  olunmamışdı. Həmişə  ikili standartların şahidi olmuşuq. Elə Almaniya kansleri Angela Merkelin, Fransanın keçmiş prezidenti Fransua Olandın regiona səfəri zamanı  bu balansın  gözlənilməməsini xatırlamaq  kifayət edər. Amma bununla yanaşı, ölkəmizə səfər bəzi  özəllikləri ilə yadda qaldı. İlk öncə onu qeyd etmək lazımdır ki, Şarl Mişel paytaxtla yanaşı,  Azərbaycanın rayonlarına da səfərlərində  Şamaxıdakı Cümə məscidini ziyarət etmişdi. Şübhəsiz ki, bu Avropa İttifaqı Şurası Prezidentinin xalqımızın mənəvi dəyərlərinə ehtiramı, İslam dininə xüsusi hörmətinin əlaməti kimi dəyərləndirilməlidir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı ölkələrdən biridir. Azərbaycan etibarlı və məsuliyyətli ölkə olaraq uzun müddətdir ki, Avropanı xam neftlə təchiz edir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan tarixi “Cənub” qaz dəhlizi ötən il tam istifadəyə verildikdən sonra Azərbaycan eyni zamanda Avropanı təbii qazla da təchiz edən ölkəyə çevrildi. Şarl Mişel də ölkəmizə səfəri çərçivəsində Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək bu əməkdaşlığın yeni texnologiyalar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Azərbaycanda həm rəqəmsal texnologiyalara, həm də iqlim dəyişikliyinə cavab verən iqtisadi inkişaf mövcuddur ki, bu da Avropa İttifaqının marağındadır. Ölkəmizin inkişaf səviyyəsi və  perspektivləri ilə ətraflı tanış olan qonaq “Azərkosmos” ASC-ni ziyarət etmiş, İpək yolu, Ələt  Azad İqtisadi zonası ilə bağlı təqdimatlara və başqa tədbirlərə də qatılmışdır. Bütün bunlar isə gələcək əməkdaşlıq əlaqələrinin inkişafında mühüm əhəmiyyət daşıyır. Şarl Mişel deyib: “Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet - iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”.

Bir vacib məqamı da qeyd etmək lazımdır. Ölkə başçısının da qeyd etdiyi  kimi, bundan sonra Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur: “Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”. Şarl Mişel Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi  məsələləri “mübahisə” adlandırmışdır. Avropa İttifaqı Şurasının prezidentinin çıxışında səsləndirdiyi fikirlərdən də aydın görünür ki, Aİ  Vətən müharibəsindən sonra yaranmış yeni  reallıqları başa düşür və nəzərə alır. Azərbaycanla qurum arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə  yüksəldilməsi barədə  danışan Şarl Mişel bu sahədə mövcud vəziyyəti, Azərbaycanın regionda əhəmiyyətini, ikitərəfli əlaqələrin inkişaf perspektivlərini düzgün qiymətləndirir. Prezident İlham Əliyevlə  təkbətək  görüşü, aparılan yüksək səviyyəli danışıqlar bu münasibətlərin geniş spektrini əhatə etmişdir. Hər iki tərəf siyasi əlaqələrin mövcud vəziyyətindən razılıqlarını bildiriblər. Qurum  ölkəmizin işğaldan azad olunmuş ərazilərində “smart village” kimi müasir texnologiyaya malik layihələrdə iştirak etməli, sadələşdirilmiş viza rejimindən azad viza rejiminə keçməlidir.

“İkinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır”, bunu Avropa İttifaqı Şurasının Prezidenti Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib. Şarl Mişel qeyd edib  ki, onlar üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir: “Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir. Siz haqlı qeyd etdiniz ki, çox sayda Şərq Tərəfdaşlığı ölkələrinə səfərim bir işarədir. Bu, Avropa İttifaqının bu regionda apardığı işinin işarəsidir, mesajıdır. Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir”. İnfrastrukturun əhəmiyyətini vurğulayan Şarl Mişel bunun, xüsusən də daşımalara, onların müxtəlif marşrutlarına aid olduğunu, bu mövzunu da müzakirə etdiklərini, belə olan  halda, həmçinin, Avropa İttifaqının  regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusunu diqqətə çatdırıb.

Göründüyü kimi, Azərbaycanla Aİ arasında əlaqələrin inkişafında yeni səhifə açan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səfəri ümumən uğurlu olmuşdur.

Mustafa KAMAL,

“Respublika”.