Mülahizələr və təkliflər: Ekosid və urbisid bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərdir
MÜSAHİBƏLƏR

Mülahizələr və təkliflər: Ekosid və urbisid bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərdir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızın 30 illik işğalına son qoydu. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı beynəlxalq cinayət kimi tanınan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 (Sülh və insanlıq əleyhinə cinayətlər) və 17-ci (Müharibə cinayətləri) fəsillərinə daxil olan maddələrlə məsuliyyət yaradan təcavüzkar müharibə, soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətləri kimi bir sıra əməllər törədilmişdir. Lakin təəssüf ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində işğal dövründə Qarabağın və ətraf rayonların ekosisteminə genişmiqyaslı ciddi ziyan vurulmasına, yerli əhalinin yaşayışını mümkünsüz etmək məqsədilə şəhərlərin, digər iri yaşayış məskənlərinin qəsdən tamamilə dağıdılmasına görə məsuliyyət müəyyən edən müstəqil normalar mövcud deyildir. Ekosid və urbisid cinayətlərinin tərkibinə daxil olan bəzi hərəkətlər yalnız 116-cı maddədə (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) müharibə cinayətləri olaraq göstərilmişdir.

İstər tədris prosesinin təşkilində, istərsə də elmi-tədqiqatların həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Elmi Şurasının ötən il dekabr ayının 26-da keçirilmiş iclasında bu gün böyük aktuallıq kəsb edən və ictimai təhlükəliliyi ilə cəmiyyəti narahat edən "ekosid" və "urbisid" kimi əməllərin kriminallaşdırılmasının zəruriliyi müzakirə edilmiş, müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 104-1 və 104-2-ci maddələrin əlavə edilməsi haqqında təkliflər hazırlanmış və Azərbaycan Respublikasının Milli Məclisinə, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərilmişdir. Hüquq fakültəsi tərəfindən cinayət qanunvericiliyinin təkmilləşdirilməsi və inkişafı istiqamətində hazırlanmış təkliflər barədə daha dolğun məlumat almaq üçün əməkdaşımızın BDU-nun Hüquq faklültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyevlə söhbətini oxucularımıza təqdim edirik.

– Zaur müəllim, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərimizin 20 faizinin işğalı zamanı törədilmiş bir sıra əməllər müstəqil cinayət növləri kimi kriminallaşdırılmayıb və mövcud cinayət qanunvericiliyi üzrə yalnız digər əməllərin tərkib hissələri kimi cinayət məsuliyyəti nəzərdə tutulur. Bu kontekstdə ətraf mühitə qarşı talama və məhvetmə, qısaca desək, "ekosid" haqqında fikirlərinizi öyrənmək istərdik.

– Cinayət hüququnda bu və ya digər əməlin kriminallaşdırılması və ya dekriminallaşdırılması dövlətin cinayət-hüquqi siyasəti ilə bilavasitə əlaqədardır ki, bu da müxtəlif tarixi-siyasi dövrlərdə dövlətin apardığı xarici və daxili siyasət, cəmiyyətin obyektiv tələbləri ilə müəyyən edilir. Bu baxımdan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə Ermənistan tərəfindən torpaqlarımızın işğalı zamanı ətraf mühitə vurulmuş genişmiqyaslı ziyanın real həcmini əks etdirən və bu əməllərin düzgün tövsifinin həyata keçirilməsinə zəmin yaradan "ekosid" adlı cinayət tərkibinin əlavə edilməsi çox vacibdir.

Ekosid, ilk növbədə, beynəlxalq hüququn termini kimi qəbul edilməlidir, çünki birincisi, onu tənzimləyən normalar beynəlxalq normativ aktlardan qaynaqlanır, ikincisi, beynəlxalq təhlükəsizliklə bağlıdır. İlk dəfə olaraq "ekosid" anlayışı "Ətraf mühitə təsir vasitələrinin hərbi və ya hər hansı digər düşmənçiliklə istifadəsinin qadağan edilməsi haqqında" 1977-ci il tarixli Cenevrə Beynəlxalq Konvensiyasında təsbit edilmişdir. Ekosidə aid digər müddəa isə 1949-cu il Cenevrə Konvensiyalarına əlavə olan 1977-ci il tarixli I Əlavə Protokolun 55-ci maddəsində "təbii mühitin hərbi əməliyyatların aparılması zamanı geniş yayılmış, uzunmüddətli və ciddi zərərdən qorunması" prinsipi formasında göstərilmişdir. Bu baxımdan, ekoloji təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi olaraq elə bəşəriyyətin təhlükəsizliyi deməkdir.

Lakin hazırda ekosidin beynəlxalq hüquqi-normativ anlayışı yoxdur, yalnız doktrinal anlayışlar verilir. 2021-ci ildə "Stop ekosid" beynəlxalq fondunun dəstəyi ilə bir qrup beynəlxalq hüquqşünas alim tərəfindən ekosidin Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda təcavüz, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilə yanaşı, beynəlxalq cinayətlərin beşinci növü kimi müəyyən edilməsi haqqında müraciət hazırlanmışdır. Ekosidin avtonom beynəlxalq cinayət kimi Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əlavə edildiyi təqdirdə bu cinayətə görə beynəlxalq mühakimə tətbiq oluna biləcək. Bununla da genişmiqyaslı ekoloji fəlakətə səbəb olan hərəkətlər sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən beynəlxalq cinayət kimi qiymətləndiriləcək. Doktrinada həmçinin, ekosidin insanlıq əleyhinə olan cinayətlər sisteminə daxil edilməsi və beynəlxalq cinayətlərin müstəqil bir növü kimi tanınması təklif olunur. Ekosidin avtonom beynəlxalq cinayət kimi normativ əsası olmasa da, hazırda bəşəriyyətin təhlükəsizliyinə yönəlmiş müstəqil cinayət növü kimi bir sıra dövlətlərdə, o cümlədən Vyetnam, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Rusiya, Qırğızıstan və Qazaxıstanda kriminallaşdırılmışdır.

Azərbaycan    Respublikasının          Cinayət Məcəlləsində müxtəlif ekoloji cinayətlərə görə məsuliyyət müəyyən olunduğu halda, təəssüf ki, "ekosid" ümumilikdə sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən və genişmiqyaslı ekoloji fəlakətə səbəb olan əməl kimi kriminallaşdırılmamış, yalnız müharibə cinayətlərinin sistemində "ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma" kimi 116.0.2-ci maddədə ifadə olunmuşdur.

Milli cinayət qanunvericiliyində olan bu boşluq aradan qaldırılmalı, ekosid cinayətinə görə hüquqi şəxslərin məsuliyyəti müəyyən olunmalıdır. Fikrimizcə, 104-1-ci maddə Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində (Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növü) göstərilən əməllərin siyahısına da daxil edilməlidir. Tərəfimizdən təklif edilən 104-1-ci maddə 116.0.2-ci maddəyə münasibətdə ümumi və xüsusi norma kimi qəbul olunmalıdır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslinə 104-cü maddədən sonra aşağıdakı məzmunda 104-1-ci maddənin əlavə edilməsini təklif edirik:

"Maddə 104-1. Ekosid

Flora, fauna və ya digər bioresursların kütləvi məhv edilməsi, atmosferin, torpaq və su ehtiyatlarının zəhərlənməsi, habelə ekoloji fəlakətə səbəb olan və ya belə fəlakətin baş verməsi təhlükəsi yaradan digər əməllər törətmə - ... ildən ... ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

– Hazırda beynəlxalq müstəvidə "urbisid" kimi yeni bir cinayət tərkibi geniş müzakirə obyektinə çevrilib. Bir hüquqşünas olaraq fikirləriniz oxucularımız üçün maraqlı olar.

– Soyqırımı termininə bənzər yaranmış "urbisid" sözü şəhərlərin qəsdən dağıdılmasını, məhv edilməsini ifadə edir. "Urbisid" termini hüquqi cəhətdən nisbətən yeni termin olsa da, tarixdə dəfələrlə belə hadisələr baş vermişdir. Romalılar tərəfindən Karfagenin yerlə-yeksan edilməsi, İkinci Dünya müharibəsi zamanı Polşanın Varşava şəhərinin, Almaniyanın Drezden şəhərinin, Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin bombalanması ətrafdakı hər şeyin bilərəkdən məhv edilməsi məqsədini daşıyırdı. Suriyada baş verən silahlı münaqişələr nəticəsində qədim tarixə malik olan Hələb şəhəri ciddi dağıntılara məruz qalmışdır. Hələb şəhərinin qəsdən dağıdılması bəzi alimlər tərəfindən urbisid kimi qiymətləndirilmişdir.

Ermənistanın Azərbaycan ərazilərinin 20 faizdən çox hissəsinin işğalından əvvəl 50 mindən çox əhalisi olan Ağdam şəhəri hələ 2008-ci ildə "Lonely Planet" jurnalı tərəfindən "Qafqazın Hirosiması" adlandırılmış, 2010-cu ildə isə Əl-Cəzirənin internet nəşri Ağdamı "ruhlar şəhəri" siyahısına daxil etmişdir. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ağdamın işğalını qəti şəkildə pisləyən və Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamənin qəbul edilməsinə baxmayaraq, işğalçı Ermənistan buna məhəl qoymamışdır. İşğal nəticəsində Ağdamda bütün yaşayış evləri, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələri, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar talan edilmiş, dağıdılmış və yandırılmışdır. İşğal zamanı Ağdam şəhərində yerləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi, Kəngərlidəki XIV əsrin yadigarı olan türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Şahbulaq qalası kimi tarixi-memarlıq abidələri dağıdılmışdır.

Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasəti nəticəsində Azərbaycan Respublikasının 12 min kvadratkilometrlik ərazisində ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 7093 ictimai bina, 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 tibb müəssisəsi, 4 sanatoriya-müalicə kompleksi, 2000 km qaz xətti, 7568 km su xətti, 34 paylayıcı qurğu, 76940 elektrik xətti, 5198 km avtomobil yolları, 348 ədəd körpü, 28980 km kabel-kanalizasiya qurğuları, Azərbaycan Dəmir Yollarının Yevlax-Ağdam-Xənkəndi, İmişli-Mincivan-Ağbənd və digər sahələrinin ümumilikdə 325,8 km hissəsi, bu sahələrdə olan stansiya binaları, dispetçer məntəqələri məhv edilmiş, 2389 sənaye obyekti dağıdılmış, yararsız hala salınmış və qarət edilmişdir. Bir əsas faktı da qeyd etmək lazımdır ki, Azərbaycan şəhərləri - Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və s. Varşava, Dubrovnik, Sarayevodan fərqli olaraq tank döyüşlərinin və ya havadan bombalanmanın nəticəsində deyil, 1994-cü il 14 may tarixindən sonra, yəni "atəşkəs" haqqında razılıq əldə olunduqdan sonrakı işğal dövründə qəsdən, planlı şəkildə Ermənistan tərəfindən 100 faiz dağıdılmış, bütün kommunikasiya və infrastrukturları ilə birgə məhv edilmişdir. Müqayisə etsək görərik ki, keçmiş Yuqoslaviyanın ərazisində ən çox dağılan şəhərlərdən hesab olunan Mostarda isə binaların 90 faizdən çoxu dağıdılmışdı.

Hazırda urbisid cinayəti yalnız beynəlxalq humanitar hüququn normalarının və bəzi hallarda müharibə cinayətlərinin tərkib hissəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi də hələ ki, bu mövqedədir. Lakin Azərbaycan şəhərlərinin məhv edilməsinin fərqli xüsusiyyəti var. Şiddətli silahlı döyüşlərin nəticəsində dağıdılan Varşava, Drezden, Dubrovnik, Sarayevo və s. şəhərlərdən fərqli olaraq Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri Ermənistan tərəfindən işğal dövründə qəsdən planlı şəkildə tamamilə dağıdılıb, bütün kommunikasiya, infrastrukturları ilə birgə məhv edilmişdir. Fikrimizcə, məhz buna görə Azərbaycan urbisid əməlini müstəqil normada kriminallaşdıran ilk dövlət olmalıdır.

Urbisid cinayətinin avtonom xarakterini nəzərə alaraq təklif edirik ki, bu cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin VII bölməsində 16-cı fəsildə təsbit olunsun. Eyni zamanda urbisid cinayətinə görə hüquqi şəxslərin də məsuliyyəti müəyyən olunmalı və 104-2-ci maddə Cinayət Məcəlləsinin 99-4.5-ci maddədə göstərilən əməllərin siyahısına daxil edilməlidir.

Soyqırımı və ekosid cinayətləri ilə mahiyyətcə, ictimai təhlükəliliyinin xarakteri ilə oxşar olan urbisid cinayətinə görə məsuliyyət normasını Cinayət Məcəlləsinə əlavə olunan 104-2 maddədə aşağıdakı məzmunda təklif edirik:

Maddə 104-2. Urbisid

Əhalinin yaşayışını mümkünsüz etmək məqsədilə qəsdən genişmiqyaslı dağıntılar, söküntülər törətmə nəticəsində şəhərin yaşayış və qeyri-yaşayış binalarını, kommunikasiya xətlərini və yaşayış üçün vacib olan digər infrastruktur obyektlərini tamamilə məhv etmə - ... ildən ... ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Ermənistan tərəfindən Azərbaycanda törədilən beynəlxalq cinayətlərin spesifikasını nəzərə alaraq Cinayət Məcəlləsində ekosid və urbisid müstəqil cinayət növləri kimi təsbit olunmalıdır. Bir sözlə, Azərbaycan Respublikasının son 30 ildə üzləşdiyi beynəlxalq cinayətlər günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini zəruri edir. Bu, beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməli, cinayətkarlar layiq olduqları şəkildə cəzalandırılmalıdır.

– Maraqlı söhbətə, ətraflı məlumata görə təşəkkürümüzü bildiririk.

– Sağ olun.

Söhbəti yazdı:

Mehparə ƏLİYEVA,

"Respublika".