Mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıran tarixi şəxsiyyət
Siyasət

Mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıran tarixi şəxsiyyət

Heydər Əliyev öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda ümummilli lider səviyyəsinə yüksəlmiş və dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyətdir. Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük azərbaycanlı olub. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. İstər sovet hakimiyyəti zamanı işlədiyi və fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik respublikaya, müstəqillik illərində isə dinamik inkişaf edən sənaye dövlətinə çevirib, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb.

1990-cı ilin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda milli vətəndaş qarşıdurmasının vüsət aldığı, etnik separatizmin baş qaldırdığı, torpaqlarımızın bir-birinin ardınca işğal olunduğu, ölkənin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürükləndiyi, sosial-siyasi böhranın günü-gündən dərinləşdiyi bir vaxtda Heydər Əliyevin öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıdıb, milli vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyinin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirib. Nə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti - öz xalqının milli azadlıq və müstəqillik uğrunda mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs verib, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdıb və xüsusi qurtuluş missiyasını üzərinə götürərək milli dövlətçiliyin xilaskarına çevrilib.

1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi ilə milli inkişafın əsasları yaradılmış - daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edilmiş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin banisi və qurucusuna çevrilib. Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilən nadir tarixi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasını yaratmaqla sivil, demokratik, çoxpartiyalı dövlət sisteminin formalaşdırılmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına misilsiz töhfələr verdi, Azərbaycanın nüfuzlu beynəlxalq qurumlar və dünyanın aparıcı ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqları, Azərbaycanın mənafeyi naminə misilsiz işlər görüb, dahi rəhbərin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən neft strategiyası, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, dostluğun və qardaşlığın möhkəmlənməsinə xidmət edir. Ümummilli liderin yüksək ideyaları, amalları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Hazırda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti "öz doğma xalqına sədaqətli xidmətin və onun yolunda hər cür fədakarlığa hazır olmanın" əsl nümunəsinə çevrilib. Bizim bütün nailiyyətlərimizin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurla davam etdirilməsi amili durur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ötən il xalqın ümummilli lideri, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib. Mətndə deyilir: "Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb - bizim 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib".

Ulu öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirmişdir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin Prezident İlham Əliyevin yüksək dinamizm, əzmkarlıqla davam etdirməsi, həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil dövlətimiz iqtisadi inkişaf potensialına görə bütün dünyada liderə çevrilmiş, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyi möhkəmlənmişdir. 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlətimizin başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Xalqımızın arzularını gerçəkliyə çevirməyi bacaran Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik bacarığı, qətiyyəti ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində erməni faşizminin məhvi, tarixi ədalətin bərpa edilməsi, torpaqlarımızın əsl sahiblərinə qaytarılması, bir sözlə, düşmən üzərində tarixi Qələbə, Zəfər böyük geosiyasi məkanda proseslərin bütöv məcrasını tamamilə dəyişmişdir. Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirmişdir. Ulu öndər Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bərabər, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur. Dinamik inkişaf edən, müasirləşən, milli dəyərlərə sadiq Azərbaycan bu günün reallığıdır. Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir".

Əliyar ƏSGƏROV,

"Bank olmayan kredit təşkilatı İDK"

MMC-nin baş direktoru.