Mühüm iqtisadi, siyasi, sosial və mənəvi əhəmiyyəti olan tarixi hadisə
Digər xəbərlər

Mühüm iqtisadi, siyasi, sosial və mənəvi əhəmiyyəti olan tarixi hadisə

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son 18 ilə yaxın bir dövrdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi, dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunması üçün iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafına yönəldilmiş çoxşaxəli iqtisadi islahatlar aparılır. Bu islahatlar prioritet istiqamətlər olan ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının yüksəldilməsi istiqamətlərinə yönəldilmiş kompleks tədbirlər üzrə həyata keçirilir və ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin daha da yüksəldilməsi istiqamətində mərhələlərlə mütəmadi aparılması təmin edilir.

Ölkədə milli iqtisadiyyatın sektorlarının dayanıqlı inkişafının təmin edilməsi, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması məqsədilə ölkə Prezidentinin təsdiq etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş zaman ardıcıllığı ilə icrasının təmin edilməsi, eyni zamanda, bu konsepsiyalara müvafiq islahatların sistemli aparılması son nəticədə ölkədə iqtisadi artımın dayanaqlığını təmin edərək iqtisadiyyatın real sektorunun inkişafını sürətləndirmişdir.

Bunlarla yanaşı, 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatının müxtəlif sahələrinin infrastrukturlarının bərpası və inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsini, Dağlıq Qarabağ regionunun iqtisadi-sosial inkişafını təmin edəcəkdir.

Qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsinin Azərbaycan xalqının Qurtuluş Günü - 15 İyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib hesab edilən Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi böyük əhəmiyyətə malikdir və xüsusi rəmzi mənası vardır. Şuşa Bəyannaməsi imzalanarkən ölkəmizin başçısı hər kəsin diqqətinə Qars müqaviləsini çatdıraraq bəzi məqamları qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə-Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır.

Bu Bəyannamənin ən vacib məqamlarından biri 15 iyun 2021-ci il tarixindən Bakı və Ankaranın hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi elan etməsidir. Müqavilənin digər vacib məqamlarından biri də iqtisadi-nəqliyyat məsələləri ilə bağlı olması, tarixi türk torpağı Zəngəzur dəhlizinin qeyd olunması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm faktordur. Eyni zamanda Bəyannamədə Cənub Qaz Dəhlizinin səmərəli istifadə olunması, intellektual nəqliyyat sistemləri texnologiyaları tətbiq etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə ərazisində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası, iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsi tədbirlərini nəzərdə tutur.

Azərbaycan və Türkiyə respublikaları arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi mühüm iqtisadi, siyasi, sosial və mənəvi əhəmiyyəti olan tarixi hadisədir. Bu sənəd iki ölkənin beynəlxalq münasibətlərinin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylərin göstərilməsində mühüm rola malikdir.

Məhəbbət MƏMMƏDOV,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin

iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor.