Mühəndis-istehkam qoşunlarının hazırlığı yoxlanılıb
Digər xəbərlər

Mühəndis-istehkam qoşunlarının hazırlığı yoxlanılıb

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev müdafiə nazirinin tapşırığına əsasən, mühəndis-istehkam qoşunlarının hərbi hissələrində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmələrin döyüş hazırlığını yoxlayan Baş Qərargah rəisinə şəxsi heyətin mühəndis qoşunlarında silahlanmaya qəbul olunmuş müasir mühəndis texnikası və avadanlığından səmərəli istifadə bacarıqlarını təkmilləşdirdiyi məruzə olunub.

General-mayor Anar Kərimov mühəndis bölmələrinin fəaliyyəti ilə bağlı brifinq təqdim edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, yeni yaradılan mühəndis taborlarının komplektləşdirilməsi işləri sürətlə davam etdirilir. Qardaş Türkiyədən gələn mütəxəssislər tərəfindən onların hazırlığı yüksək şəkildə həyata keçirilir.

Azad edilən ərazilərin mühəndis-istehkam bölmələri tərəfindən minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinin də davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni yolların çəkilməsi üzrə mühəndis işləri icra olunur.

Sonra hərbi hissənin təlim poliqonunda mühəndis-istehkamçılar təlim-məşq nümunələri nümayiş etdirib.

Azad olunan ərazilərimizdə mühəndis işlərinin daha da sürətli aparılması ilə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.

AZƏRTAC