Müharibə yaralarına məlhəm qoyulur
Sosial həyat

Müharibə yaralarına məlhəm qoyulur

Adi bir həqiqətdir ki, Ermənistanı müdafiə etmək faşizmi müdafiə etmək deməkdir.  İkinci Qarabağ müharibəsində Avropanın, xüsusilə Fransanın müdafiə etmək istədiyi Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutub. Yüzlərlə dinc insan, o cümlədən uşaqlar, qocalar, xəstələr həlak olub.  Düşmənin atəşi nəticəsində yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz,  müqəddəs ocaqlarımız,  qəbiristanlıqlarımız da zərər görüb.  İşğaldan azad edilən ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi,  həm də mənəvi yaddaşımızı silmək istəyiblər. Nə qədər çalışsalar da,  fəqət buna nail ola bilməyiblər.

Ağdam 1-ci və 2-ci Qarabağ müharibələrində 6 min nəfərə yaxın şəhid verib. Bu torpaq şəhid qanı ilə suvarılıb,  yüzlərlə insan əlil olub, dinc insanlar ev-eşiyindən didərgin düşüb.

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində ən çox ziyan çəkən rayonlardan biri də Ağdamdır.  Məlumat üçün qeyd edək ki, Ermənistan bu qədim şəhəri yer üzündən silib, mədəni, tarixi və dini abidələri dağıdıb, yüz min nəfərdən çox insan məcburi köçkünə çevrilib. Vətən müharibəsində də rayonun əlimizdə qalan kəndləri ən çox dağıntılara məruz qalıb, 8 nəfər dinc sakin həlak olub, 300 nəfərdən çox adam yaralanıb.  

Erməni hərbçilərinin genişmiqyaslı təxribatları nəticəsində rayonun Qaradağlı, Çəmənli, Əfətli, Xındırıstan, Üçoğlan, Çıraqlı, Əhmədağalı və digər kəndlərində evlər dağılıb, adamların təsərrüfatına ciddi ziyan dəyib. Təkcə Birinci Baharlı qəsəbəsində ötən il sentyabrın 27-dən noyabrın 10-dək 13 ev,  məktəb və uşaq bağçası dağılıb,  2 ev yanıb,  50-dən artıq evə,  3 mağazaya ziyan dəyib,  3 nəfər mülki şəxs yaralanıb.

Şanlı Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən dərhal sonra dövlətimizin başçısının tapşırığı ilə dağılan evlərin, mülki tikintilərin, ziyan çəkmiş təsərrüfatların bərpa işlərinə başlanılıb.  Ağdamın bir neçə kəndində vətəndaşlara məxsus dağılmış evlərin tikintisi və bərpası artıq yekunlaşıb.

Qeyd etdiyimiz kimi,  rayon ərazisində xeyli sayda dağılmış yaşayış evi təmir edilib,  vətəndaşlara dəymiş ziyan dövlət tərəfindən tam ödənilib. Düşmən mərmisinin tamamilə yerlə yeksan etdiyi onlarla ev isə yenidən tikilib. Təbii ki, bu diqqət və qayğı adamlara sevinc bəxş edib, onlar bir ağızdan dövlətin himayəsindən razılıq edirlər.

Bu günlərdə yolumuz müharibədə ziyan çəkən Çəmənli kəndinə düşdü.  Kənddə  tikinti-təmir işləri yüksək keyfiyyətlə və həm də sürətlə aparılır. Həmsöhbət olduğumuz adamlar dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə razılıqlarını bildirdilər. Kənd sakinləri bildiriblər ki,  istər müharibə dövründə,  istərsə də sonrakı aylarda dövlətin dəstəyini daim hiss ediblər.

Zərərçəkmiş kənd sakini Muxtar Şahbazov bildirdi ki,  yeni tikilən evlər əvvəlkindən qat-qat yaraşıqlı və müasirdir. Nə gizlədim, əvvəl evimiz köhnə,  şəraiti isə yaxşı deyildi.  Amma indi tikilən evdə hər bir şərait nəzərə alınıb.  Həm evin özü genişdir, həm də otaqlar kifayət qədərdir.  Ölkə rəhbəri,  Qalib Ali Baş Komandan cənab İlham Əliyevə ailəmiz, həmkəndlilərim adından dərin minnətdarlığımı bildirirəm.  Var olsun dövlətimiz,  bizi tək qoymadı,  çətin günlərdə bizə sahib çıxdı. Yeni evimizin sevincini yaşayırıq,  fəxr edirəm ki,  mən Qalib ölkənin vətəndaşıyam.

Evləri dağılan, təsərrüfatları ziyan çəkən kənd sakinlərinin razılığı, ürək sözləri, sevinc hissləri demək olar ki, üst-üstə düşür. Uşaqdan-böyüyə hamının üzündə qürur və təbəssüm var.  Müharibənin ilk günlərində kəndə nə qədər mərmi düşsə də, çəmənlililər evlərini tərk etməyib, necə deyərlər, kəndin çırağının sönməsinə imkan verməyiblər, bir yumruq kimi birləşib ordumuza dayaq durublar. İndi onlar yeni evlərinə köçürlər, gözaydınlığı və hərarətli sözlər bu evlərə sonsuz sevinc gətirib. Yaşlı bir qadın Prezidentimizə, birinci xanım Mehriban Əliyevaya daha yaxşı günlər arzu edərək ağbirçək xeyir-duasını dönə-dönə bildirərək dedi: Onlar bir daha sübut etdilər ki, həmişə xalqın yanındadırlar.

Ağdamlıların ürək sözləri və sevinci hopmuş yazını dövlətimizin başçısı,  Qalib Ali Baş Komandan İlham Əliyevin sözləri ilə bitirmək yerinə düşər:

Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.  Həm döyüş meydanında,  həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik.  Füzuli,  Cəbrayıl,  Zəngilan,  Qubadlı,  Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik.  Bayrağımızı o torpaqlara sancmışıq,  bayrağımızı dalğalandırmışıq.  Bu gün bütün dünya gördü ki,  Azərbaycanın gücü nədən ibarətdir.  İndi tariximizin yeni səhifəsidir.  Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək.  Bu,  asan olmayacaq,  çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik.  Bütün binalar,  zavodlar,  tarixi abidələr,  sosial infrastruktur yerlə yeksan edilib.  Beləliklə,  biz hər şeyi sıfırdan etməli olacağıq.

Bəli, düşmənin dağıtdığı evlərin yerində daha gözəli,  daha yaraşıqlısı tikilir və sahiblərinə təhvil verilir. Ağdamda müharibə yaralarına məlhəm qoyulur, xoş gələcəyə inamlı addımlar atılır.

Salman ALIOĞLU,

 “Respublika”.