Müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət ediblər
Sosial həyat

Müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət ediblər

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi və  müharibə veteranları  27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirib. İkinci Şəhidlər Xiyabanını ziyarət edən veteranlar və məktəblilər qarşısnda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova şəhidlərimizin Vətən müharibəsindəki qəhrəmanlığından danışıb, Azərbaycan xalqının öz igid övladları ilə fəxr etdiyini bildirib. Fatma Səttarova qeyd edib ki, hər kəs vətəninin, torpağının, dövlətinin qədrini bilməli, öz bayrağına, öz Prezidentinə sadiqlik nümayiş etdirməlidir.

Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsindən, düşmən üzərində əldə edilən tarixi zəfərin önəmindən danışıb. Vətən müharibəsində qazanılan zəfərin 30 illik erməni işğalına son qoyduğunu vurğulayan Cəlil Xəlilov əsrlər sonra da bu tarixi zəfərin qazanılmasında xidmətləri olan şəxslərin ehtiram hissi ilə yad ediləcəyini bildirib. Sədr müavini BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirəsindəki çıxışında Prezident İlham Əliyevin növbəti dəfə ali tribunadan erməni faşizmini ifşa etdiyini bildirib, hər bir soydaşımızın dövlət başçısına, onun xalqımızın, dövlətimizin haqq işi uğrunda apardığı mübarizəyə dəstək verməsinin vacib olduğunu söyləyib.

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən veteranlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Seymur ƏLİYEV,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi.