Müharibə veteranları ilə görüş
Region

Müharibə veteranları ilə görüş

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bir qrup müharibə veteranı ilə görüş keçirib.

Görüşdə ilk öncə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, Vətən müharibəsində olduğu kimi, ötən iki il ərzində ordumuz düşmənin bütün təxribatlarına layiqli cavab verdi. Bütün dünya ordumuzun gücünün, qüdrətinin, xalqımızın dövlət başçısı ətrafında bir yumruq kimi birləşməyinin şahidi oldu. Məhz xalqın birliyi, ordunun gücü sayəsində düşmən ağır itkilər verdi. 12-13 sentyabr təxribatlarında xalqımızın birliyi, ordunun gücü bir daha düşməni geri çəkilməyə məcbur etdi.

Milli Məclisin deputatı Tamam Cəfərova qeyd edib ki, ordumuz Azərbaycan xalqının 30 ilə yaxın davam etmiş vətən, torpaq həsrətinə son qoydu, torpaqlarımız düşmən işğalından azad edildi. Bu qələbə Prezident cənab İlham Əliyevin həmişə vurğuladığı kimi, şəhidlərimizin canları, müharibə əlillərinin sağlamlığı, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Hər bir azərbaycanlı bu qələbə sevincini xalqımıza yaşadanlara minnətdardır. Dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, müharibə əlillərinə, torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır.

Müharibə iştirakçıları dövlətin onlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Görüşdə müharibə veteranlarını narahat edən məsələlərlə və qayğıları ilə maraqlanılıb, bu istiqamətdə birgə müzakirə aparılıb. Bəzi məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.

M.QULUYEV,

"Respublika".