Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib

İyunun 23-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda Təşkilatın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov Şuşa Bəyannaməsi, onun tarixi-siyasi əhəmiyyəti ilə bağlı çıxış edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında Şuşa Bəyannaməsini müxtəlif aspektlərdən şərh edib, onun iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova “Şuşa Zirvəsinin tarixi zəmini və əhəmiyyəti” mövzusunda məruzə edib, Şuşa Bəyannaməsinin tarixi önəminə diqqət çəkib.

Akademik Ziyad Səmədzadə “Türkiyə və Azərbaycan iqtisadi əməkdaşlığı müasir vəziyyət və çağırışlar” mövzusunda çıxışında Azərbaycanın və Türkiyənin daim bir-birinin marağını qətiyyətlə müdafiə etdiyini bildirib, bununla bağlı konkret nümunələr göstərib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi uğura imza atdığını qeyd edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə açdığını bildirib, bu əməkdaşlığın türk dünyasının birliyi və tərəqqisi baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb.

Konfrans iştirakçıları 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində böyük zəfər qazanan, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunması təklifini irəli sürüb, bununla bağlı yekdil mövqe ifadə ediblər.

Hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı tədbirdə mahnılar oxuyub.

Konfransın sonunda dövlətimizin başçısına müraciət ünvanlanıb.

Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə ünvanlanan müraciətin mətnini oxuyub.

Müraciətdə Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin hazırda ölkələrimizin həyatının bütün sahələrini əhatə etməklə ardıcıl və dinamik inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri hazırda bu münasibətlərin əsasını təşkil edən möhkəm təməl prinsiplərinə çevrilib.

Azərbaycan-Türkiyə münasibətlərinin son vaxtlar inkişafının yeni mərhələsinə - müttəfiqlik səviyyəsinə ucalmasının xüsusi vurğulandığı müraciətdə bildirilib ki, 44 günlük müqəddəs Vətən müharibəsi bunun əyani və birmənalı təsdiqi olub. İyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsinin ölkələrimiz arasında qardaşlıq missiyasının zirvəsi olduğu qeyd edilib.

Xüsusi vurğulanıb ki, Bəyannamədə nəzərdə tutulan genişmiqyaslı tədbirlər hər iki qardaş ölkə ilə yanaşı, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, uzunmüddətli sülhün təmin edilməsinə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, sosial inkişafa mühüm töhfə verəcək. Bəyannamə, eyni zamanda, 44 günlük Vətən müharibəsində azad edilərək tarixi sahiblərinə qaytarılmış Qarabağın təqdimatı, onun tacı olan Şuşanın və digər rayonların həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin siyasi qarantıdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Bəyannamə həm də bu tarixi şəhərin Azərbaycana məxsusluğunu bir daha dünyaya nümayiş etdirdi.

Müraciətdə əzəli torpaqlarımızı erməni faşistlərinin işğalından azad edərək doğma Azərbaycanımıza, onun xalqına, o cümlədən veteranlara yaşatdığı Böyük Zəfər qüruruna, bu gün Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə görə konfrans iştirakçıları, o cümlədən veteranlar adından Prezident, Müzəffər Ali Baş Komandana dərin minnətdarlıq və qəti dəstək ifadə olunub.

AZƏRTAC