Müharibə əlillərini təmsil edən qeyri-hökumət təşkilatları ilə yeni sosial dəstək tədbirləri müzakirə olunub
Sosial həyat

Müharibə əlillərini təmsil edən qeyri-hökumət təşkilatları ilə yeni sosial dəstək tədbirləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müharibə əlilləri və iştirakçılarını təmsil edən qeyri-hökumət təşkilatları ilə görüş keçirilib. Görüşdə "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev, təşkilatın nümayəndəsi və qazilər.az saytının rəhbəri Rey Kərimoğlu, "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, nazir müavinləri Anar Əliyev, Anar Kərimov və aidiyyəti struktur bölmələrin nümayəndələri iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb. Bildirilib ki, ötən ay Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlarla ölkəmizdə 2,1 milyon insana dəstək olan yeni sosial islahat paketi reallaşdırılıb.

Həmin islahat paketinin tərkib hissəsi kimi, dövlət başçısının tapşırıqları ilə yeni mühüm sosial müdafiə proqramları - 1991-1997-ci illərdə aldıqları xəsarət nəticəsində Qarabağ müharibəsi əlili statusu almış şəxslərə birdəfəlik ödəmənin verilməsi, Vətən müharibəsinin iştirakçılarına "Müharibə veteranı" adı verildikdən sonra Prezidentin aylıq təqaüdünün təyin edilməsi nəzərdə tutulub.

Hazırda aidiyyəti qurumlarla birgə həmin sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün aparılan işlər barədə məlumat verilib.

QHT rəhbərləri müharibə əlilləri və iştirakçıları ilə bağlı yeni sosial dəstək tədbirlərinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıblar. Birdəfəlik ödəmənin verilməsi üçün təklif olunan mexanizmlər, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsi və digər məsələlər QHT rəhbərləri ilə müzakirə edilib.

AZƏRTAC