Muğla sakini: Azərbaycanlı yanğınsöndürənlərin bizimlə çiyin-çiyinə mübarizə aparması çox qürurvericidir
MÜSAHİBƏLƏR

Muğla sakini: Azərbaycanlı yanğınsöndürənlərin bizimlə çiyin-çiyinə mübarizə aparması çox qürurvericidir

Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi işində azərbaycanlı qardaşlarımızın burada bizimlə çiyin-çiyinə mübarizə aparması olduqca qürurvericidir.

Bu sözləri Muğla vilayətinin Köyceğiz rayonunun Pınar kəndinin sakini Məhəmməd Gönül AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi üçün fədakarlıqla mübarizə aparmalarından danışan M.Gönül bildirib: “Yanğınların söndürülməsində bizə köməyə gəldiklərinə görə azərbaycanlı qardaşlarımıza çox təşəkkür edirik. İnsanların bir-birinə doğmalığı məhz belə anlarda, çətin günlərdə daha çox hiss olunur. Biz həqiqətən də bir millət, bir can, bir qardaşıq. Mən bu qardaşlığı, doğmalığı gördükdən sonra nə qədər xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. Ötən gün azərbaycanlı yanğınsöndürənlərin Çayhisar kəndində meşə zonasında yanğınların söndürülməsində göstərdikləri şücaət və fədakarlıq gözlərimi yaşartdı. Onlar özlərini alovun içinə ataraq yanğının evlərimizə gəlib çatmasını qarşısını aldılar. Azərbaycanlı yanğınsöndürənlərin bu fədakarlığını ömür boyu unutmayacağam”.

Xatırladaq ki, baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.

AZƏRTAC