Muğanlıda nar yığılır
Region

Muğanlıda nar yığılır

Kürdəmir rayonunun Muğanlı kəndinə şöhrət qazandıran gülöyşə narı bu yerin sakinləri üçün əvəzsiz nemətdir.  Rayon mərkəzindən 12 kilometr aralı olan Muğanlı kəndinə 8 kilometr Bakı-Tbilisi magistralı, 4 kilometr kənd yolu ilə getmək mümkündür. Kəndin min nəfərə yaxın əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Həyətyanı sahələrdə becərilən, susuzluğa və isti havaya davamlı olan nar bağları kiçik aqrotexniki xidmət sayəsində bol məhsul verir və bu məhsul muğanlılara normal qazanc gətirir. Əldə olunan məhsulun əsas alıcıları kənddən 4 kilometr aralı Bakı-Tbilisi magistralından keçən Gürcüstan və Azərbaycan vətəndaşları olur. Muğanlı kəndində nardan hazırlanan “Nar şərabı” da öz keyfiyyətinə görə brend məhsuldur. Narı Kürdəmirdə və ətraf rayonlarda şirə zavodlarına təhvil verənlər də az deyil.

Bu günlərdə Muğanlıda nar yığımına başlanıb. Kürdəmir Rayon Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə bağlardan yüksək məhsuldarlıq əldə olunur. Narı kənd əhalisinin istəyinə uyğun olaraq ünvanlara çatdırmaq üçün bağbanlar texniki vasitələrlə təmin edilib.

                                            Tofiq HÜSEYN,

                                           “Respublika”.