Muğan qəsəbəsində görüş
Region

Muğan qəsəbəsində görüş

Hacıqabul rayonunun Muğan qəsəbəsi respublikamızın abad yaşayış məkanlarından biridir.

Bakı-Tbilisi magistralının üzərində yerləşən qəsəbə son illərdə tikilən yaraşıqlı evləri aran bölgəsində yerləşməsinə rəğmən, yaşıllığa bürünmüş həyət-bacaları ilə diqqəti cəlb edir. Muğan sakinləri işgüzar, zəhmətə qatlaşan insanlardır. Əhalinin əksər hissəsi neft sahəsində, "Azərsun" Holdinqin təsərrüfatlarında, qəsəbədəki asfalt zavodunda, Kür Su Kəməri İdarəsində çalışır, ticarətlə məşğul olur. Bütün bunlara baxmayaraq, qəsəbə sakinlərini narahat edən məsələlər də var ki, onlar bu günlərdə Muğanda keçirilən səyyar görüşdə müzakirə mövzusu oldu. Rayon icra hakimiyyəti başçısının aparatı ilə yanaşı, görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri, sakinlər iştirak etdilər.

Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə danışdı. Sakinlər nəqliyyat problemini, qəsəbədəki məhəllələrarası yolların yenilənməsinə ehtiyac olduğunu vurğuladılar.

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutuldu.

Tofiq HÜSEYN,

"Respublika".