MÜDRİK VƏ QƏTİYYƏTLİ LİDER, YENİLMƏZ XALQ,  QÜDRƏTLİ ÖLKƏ
SİYASƏT

MÜDRİK VƏ QƏTİYYƏTLİ LİDER, YENİLMƏZ XALQ,  QÜDRƏTLİ ÖLKƏ

Dövlət başçımızın Kəlbəcər və Laçına  səfəri yeni hədəflərin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza növbəti dəfə səfər edib. Laçına təkrar, Kəlbəcərə isə ilk dəfə olaraq reallaşdırılmış bu səfərin önəmi böyükdür. Belə ki, səfər gedişatında dövlət başçısının verdiyi bəyanatlar, açılışını etdiyi tikinti layihələri, yeni müəssisələrin bünövrəsinin qoyulması, bir sözlə, səfərin hər məqamı xüsusi əhəmiyyət daşıyır. Özəlliklə də işğaldan azad edilmiş ərazilərimizdə, mürəkkəb relyefə malik yerlərdə nəhəng infrastruktur layihələrinin icra edilməsi çox çətin və mürəkkəb olsa da, bir o qədər də qürurvericidir.

Qarabağın, bu gözəl yurdun otuz ilə yaxın davam etmiş işğalı zamanı aldığı yaraları görmək bizi çox ağrıdır. Önəmlidir ki, bu gün müstəqil Azərbaycan dövləti zaman baxımından olduqca qısa bir müddət ərzində icra miqyası böyük layihələri həyata keçirmək niyyətindədir.  Kəlbəcər və Laçının siması yenilənəcək, müasirləşəcək və eyni zamanda, öz qədimliyini, tarixiliyini qoruyub saxlayacaq.

Azərbaycanın dövlət başçısının Kəlbəcər və Laçın rayonlarına səfəri məhz qalib ordunun Müzəffər Ali Baş Komandanının bəyanatları olaraq yadda qaldı. Cənab İlham Əliyev bölgədə hazırda mövcud olan hərbi-siyasi vəziyyəti qiymətləndirdi, bədnam qonşumuz Ermənistana və onun “göz yaşlarını” silənlərə konkret mesajlar verdi. Burada dövlətimizin əldə etdiyi nailiyyətlər, malik olduğumuz qüdrət və gələcəyə hesablanmış fəaliyyət planımız ifadə olundu.

Ölkəmizin qarşısında dayanan hədəf və bu hədəfə çatmağımızın yolu dövlət başçımız tərəfindən kifayət qədər aydın izah olundu. Azərbaycan öz haqq-hüquqlarını heç kimə güzəştə getməyəcək, haqq etdiklərini mütləq geri alacaq. Bu yolda dövlətimizə mane olmaq niyyətində olanların aqibəti isə ağır olacaq. Azərbaycan hər zaman qurub-yaradan tərəf olub, erməni vandalları tərəfindən dağıdılmış, viran qoyulmuş müqəddəs torpaqlarında hazırda misli görünməmiş tikinti-quruculuq işləri aparılır, xarüqələr yaradılır.

Artıq qeyd etdiyimiz kimi, Kəlbəcər və Laçın rayonları mürəkkəb coğrafi quruluşa, relyefə malikdir. Nəzərə almaq lazımdır ki, bu mürəkkəb relyef orada müdafiə olunan tərəf üçün daha əlverişlidir, hücumda olan tərəf isə üzüyuxarı hərəkət etdiyindən, xeyli dərəcədə daha böyük çətinliklər və itkilərlə üzləşə biləcəyindən bu onun üçün çox əlverişsizdir. 44 günlük Vətən müharibəsində məhz Laçın və Kəlbəcər rayonların genişmiqyaslı döyüşlər aparılmadan azad edilməsi xüsusilə qeyd edilməlidir. Azərbaycan Prezidentinin diplomatik məharəti, şanlı Ordumuzun qüdrəti, 44 gün içində əldə edilmiş Zəfər və bu zəfərə aparan uğurlu hərbi nəticələr işğalçını  anlaşmaya gəlməyə, üç rayonu tərk etməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycanın Silahlı Qüvvələri Kəlbəcər istiqamətində döyüşlərin ilk günlərində irəliləyişlərə nail olmuşdu. Belə ki, Murovdağ və ətrafındakı strateji yüksəkliklər azad edilmiş, bununla da düşmənin Basarkeçər-Kəlbəcər yolundan istifadəsinin qarşısı alınmış, bir sözlə, düşmənin hərəkətləri məhdudlaşdırılmışdır. Ordumuzun igid əsgərləri nəinki düşmənin, heç kimin təsəvvür etmədiyi uğurlar və üstünlüklər qazanmışdı. Lakin həmin uğurları Kəlbəcərin bütün ərazisi boyu davam və inkişaf etdirmək çoxsaylı itkilər olmadan qeyri-mümkün idi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi uzaqgörənliyi də məhz bu məqamda özünü büruzə verdi.  Rəşadətli Azərbaycan Ordusu müharibə ilə islah etdi, düşməni danışıqlar masasına oturtdu və öz iradəsini diktə etdi. Müharibədən əvvəl əldə olunmuş hərtərəfli inkişaf, nəhəng iqtisadi potensiala əsaslanmaqla dövlətimiz, xalqımız həm qalib gəldi, həm də bu gün nəhəng tikinti-quruculuq layihələri həyata keçirir. Kəmfürsət erməni xalqı hələ tam ayılmayıb, qaragüruhçuların bəd niyyətlərinə uyur, öz məkrli planlarında hələ eşələnir, bir-biri ilə didişir. Azərbaycan isə torpaqların azadlığından abadlığına doğru hər gün irəliləyir. Ən müasir yollar salınır, körpü və tunellər inşa edilir, dəmir yolu çəkilir, hava limanı tikilir.

“Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq” - dövlət başçısının bu sözləri qürurvericidir.

Bizə fərəh hissi yaşadan Müzəffər Ali Baş Komandana,  qəhrəman Ordumuza xalqımız çox minnətdardır. Bu sözlərdə qətiyyət, siyasi və hərbi-strateji müdriklik ifadə olunur. Ermənistanda cücərdilməyə başlanan “revanşizm” meyillərinə verilən aydın və kəskin cavabdır. 

Bu gün Azərbaycan ötən əsrin 80-ci illərin sonu - 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. Deməli, Kəlbəcər, Laçın və digər rayonlarımız da tam fərqlidir. Qüdrətli ölkə, müdrik lider, vətənpərvər xalq - məhz bu vəhdət Azərbaycanın daha xoş, daha firavan və daha xoşbəxt gələcəyini təmin edəcək. Bu gün işğaldan azad edilmiş torpaqlarımız talanmış ola bilər, amma dövlət başçısının poladdan da möhkəm siyasi iradəsi, Azərbaycanın hərbi qüdrəti, xalq-iqtidar birliyi ölkəmizin ərazi bütövlüyünü etibarlı qorunmağa zəmanət verməyə qadirdir.

Azərbaycanın qələbəsi Ermənistanın yalançı mifini ani surətdə, sabun köpüyü kimi yox etdi. Ermənilərin “qalib millət”, “qüdrətli erməni ordusu” və bu kimi sərsəmləmələrinə son qoyulub. Sübut olunub ki, onilliklərlə bütün dünyada dilənən erməni lobbisinin qiyməti bir qara qəpiyə də dəymir. ATƏT-in həmsədr ölkələri başda olmaqla, siyasi, hərbi dəstək və s. işğalçını haqq etdiyi “Dəmir yumruq”dan xilas edə bilməyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu təkcə “keçilməz Ohanyan xətti”ni dağıtmayıb, həm də gerçəkləri, həqiqəti azad edib. Bu gün ermənilərin güvəndiyi hərbi texnika və sursatlar Hərbi Qənimətlər Parkımızdadır. Cəmi 44 gün içində 10 min fərarisi olan Ermənistan ordusunun mənsubları o fərarilərin qoyub getdiyi hərbi təyinatlı texnikaların hazırkı vəziyyətini, koordinatlarını açıq səma altında yerləşən həmin muzeydə əyani şəkildə görə bilər. 44 gündə Azərbaycan ordusunda bir əsgər belə fərarilik etməyib. Bu, nədən belə oldu? Bu sualın cavabını bilmək istəyənlər anlamalıdır ki, yalnız cənab İlham Əliyev kimi dövlət başçısı olan məmləkətdə vətənpərvər nəsil yetişə bilər. Bəs ermənilər haqqında nə bilirik? Cənab Prezident həmin bu mövzu ilə bağlı vurğulayır: “Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər”.

Azərbaycanın müdrik lideri “ermənilər qədim tarixə və mədəniyyətə malikdir, Qafqazda mədəniyyət ocağıdır” kimi eybəcər bir mifinin nə qədər mənasız olduğunu da Kəlbəcərdə həqiqətlərin dili ilə ifadə etdi: yerlə-yeksan olunmuş şəhər və kəndlər, dağıdılmış qəbirlər, sökülmüş dini ibadət yerləri - düşmənin əsl simasını göstərir. Belə “mədəniyyət”, belə “qədimlik”, belə “ocaq” olmur.

“Biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır”, “Biz harada lazım bilsək, orada da duracağıq”, “Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar” - cənab İlham Əliyevin bu bəyanatları dövlətinə və xalqına bağlı olan hər bir vətənpərvər Azərbaycan vətəndaşında öz gələcəyinə sonsuz  əminlik yaradır. İşğaldan azad etdiyimiz Zəngilanda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Erməni vandallarının talan etdiyi yerlərdə “ağıllı kəndlər” möcüzəvi sayılacaq qədər qısa müddət içində qurulub, tikiləcək. Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər artıq seçilib. Xatırladaq ki, Ağdam şəhərinin baş planı təsdiqlənib, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda gerçəkləşəcək.

Sirr deyil ki, toponimlər insanların, xalqların və millətlərin yaşadıqları məkana olan bağlılığının məhsuludur. Toponimlər həm də xalqın tarixi yaddaşıdır. Cənab Prezidentin Kəlbəcər və Laçına səfəri zamanı qədim yurd yerlərimizin öz tarixi adıyla adlandırılması haqqında həm mətbuat nümayəndələrindən, həm də ictimaiyyətdən istəməsi bu baxımdan çox önəmlidir. Dövlət başçımızın bu məsələni xüsusilə qeyd etməsi dövlətin tariximizə verdiyi yüksək dəyərin təzahürü, eyni zamanda Ermənistana ciddi bir xəbərdarlıqdır. İşğaldan azad edilmiş bölgələrimizdə 28 il boyunca erməniləşdirilən toponimlərin milliləşdirilməsi istiqamətində ciddi iş aparılmalıdır.

Hazırda 400-ə yaxın toponimin milliləşməsi üçün sözügedən ərazilərimizin adlarının düzgün yazılışının müəyyən edilməsi və onların bərpa olunması istiqamətində fəaliyyətə başlanılıb. Daha effektiv olması məqsədilə bu işə işğaldan azad edilən bölgələrimizdən olan alimlərimiz cəlb edilib. İnanırıq ki, ən qısa zamanda bu istiqamətdə aparılan elmi işlər yekunlaşacaq və bizim kənd və qəsəbələrimiz öz tarixi adlarına qovuşacaq.

Emin QASIMOV,

“Respublika”.