MÜDRİK LİDERİN PARLAQ ZƏFƏRLƏR ƏNƏNƏSİ
Siyasət

MÜDRİK LİDERİN PARLAQ ZƏFƏRLƏR ƏNƏNƏSİ

Müharibələr müxtəlif olur, o cümlədən iqtisadi, siyasi, informasiya. Və onların hər birində qələbənin əhəmiyyətini özünə uyğun qiymətləndirmək mümkün deyil. Xüsusən də ərazisinin beşdə biri qonşu dövlətin işğalı altında olmuş ölkəmiz üçün. Bədnam qonşularımız, onların Avropadakı havadarları hakimiyyətdə olmuş simaların ayrı-ayrı dövrlərdə dəyişməsinə baxmayaraq, status-kvonu qeyri-müəyyən müddətə saxlamağa ümid edərək, özlərini gülünc vəziyyətə saldılar.

2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş "Dağlıq Qarabağ münaqişəsində yeni tendensiyalar" adlı debatı hamımız izlədik. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan üz-üzə görüşdü. Bu, onların arasında olan ilk söhbət deyildi. Əvvəlki üzbəüz və qiyabi bütün şifahi təmaslar isə mütləq şəkildə dövlətimizin başçısının qələbəsilə başa çatırdı.

Üstəlik, bunu hətta Ermənistan ekspert birliyi də etiraf etmiş və təəssüflə Paşinyanın Azərbaycan Prezidentinin rəqibi kimi açıq-aşkar zəifliyini bildirmişdilər. Yeri gəlmişkən, Münhendəki debatların nəticələrindən sonra erməni ekspertlər arasında da buna bənzər dəyərləndirmələr verilmişdi. Çünki İlham Əliyevlə Paşinyanın fərqli siyasi çəki dərəcələrində olması çox açıq surətdə özünü büruzə verirdi.

İş o yerə çatmışdı ki, Paşinyan Qarabağın dağlıq hissəsinin coğrafi xəritəsindən xəbərsiz olduğunu nümayiş etdirmişdi. O, çıxışı zamanı Azərbaycanın əvvəlki Şaumyan (Goranboy) rayonunu keçmiş Dağlıq Qarabağa aid etmişdi. Azərbaycan Prezidenti İlham Əliyev buna dərhal reaksiya verdi. "Şaumyan rayonu Dağlıq Qarabağın bir hissəsi deyil", - deyə cənab İlham Əliyev Paşinyana bildirmişdi.

Paşinyan mövzudan uzaqlaşmağa çalışsa da, dövlətimizin başçısı bir daha bildirdi ki, Şaumyan rayonu Qarabağın dağlıq hissəsinə aid deyil. Və sonra Ermənistanın baş naziri üzr istəməli oldu. Cənab Prezidentin bu addımı həm də tez-tez təkrarlanan "Qarabağı Azərbaycanda bolşeviklər yaradıb" erməni yalanının ifşası oldu. Cənab İlham Əliyev buna da dərhal sərt münasibət bildirmişdi. O vurğuladı ki, "Qafqaz Bürosunun" sənədində "Qarabağı Azərbaycanın tərkibində saxlamaq" qeyd olunmuşdu.

Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin sadəcə olaraq cavab verməyə heç nə ilə cürət etmədiyi növbəti parlaq arqumentini də səsləndirdi. Doğrudan da erməni tərəfinin bildirdiyi kimi, hər şeydə günahkar bolşeviklərdirsə, niyə ermənilər şəhərin adını "Stepanakert" kimi saxlayırlar, çünki bu, Şaumyan -  bolşevik, Stalinin dostudur?! Axı, bu şəhərin tarixi adı "Xankəndi"dir.

Bununla yanaşı, dili topuq vuran baş nazir o dərəcədə həyəcanlanmışdı ki, ingilis dilində "Qarabağ Azərbaycanın bir hissəsidir" kəlməsini sələndirmişdi. Necə deyərlər, dəlidən doğru xəbər. Sonra guya səhv edirmiş kimi, ifadəsini dəyişməyə çalışmışdı. Lakin, necə deyərlər, artıq gec idi. Çünki Qarabağ həqiqətən Azərbaycandır və bu həqiqəti hamıdan inandırıcı, qüdrətli və tərəddüdsüz səsləndirən məhz cənab Prezidentimiz idi.

Müzakirənin ana xəttini təyin edən Azərbaycan Prezidenti Paşinyanın primitiv yalanlarını mükəmməl ifşa edərək ona beynəlxalq təşkilatların qətnamələri və digər sənədləri ilə tanış olmağı tövsiyə etdi. Və həqiqətən də  bu sənədlər isə təsdiqləyir ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, Ermənistan isə işğalçı ölkədir. Erməni silahlı birləşmələrinin ölkəmizin işğal olunmuş bütün ərazilərindən tezliklə çıxarılması tələb olunur.

Cənab İlham Əliyevin daha bir çox uyğun ifadəsi ondan ibarət idi ki, ermənilər Ermənistanda öz müqəddəratını təyin ediblər və əgər ikinci dəfə öz müqəddəratını təyin etmək istəyirlərsə, qoy Azərbaycandan kənarda başqa yer tapsınlar. Bu, əsl master-klass idi! Necə ki, faktiki olaraq, nüfuzlu beynəlxalq auditoriya qarşısında Ermənistanın hakimiyyət orqanlarının, o cümlədən indiki rəhbərliyinin siyasətini ifşa edən Azərbaycan Prezidentinin Münhendəki çıxışı da məhz belə tərzdə davam edirdi.

Azərbaycan Prezidentinin sözlərinə görə, Ermənistanın bütün rəhbərləri status-kvonu saxlamağa çalışırlar. "Heç vaxt!" - İlham Əliyev bunu qətiyyətlə və əminliklə bildirdi. Bu, özünü parlaq strateq və müdrik siyasətçi kimi sübut etmiş və artıq Ermənistan üzərində tarixi Zəfərimizin ilk anlarını reallaşdıran, təcrübəsi və intellekti ilə auditoriyanı heyran edən bir siyasətçinin sözləri idi.

Bəli, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusunun "məğlubedilməz" mifi ilk dəfə 2016-cı ilin aprelində dördgünlük müharibə zamanı, sonra isə 44 günlük Vətən müharibəsində tamamilə darmadağın edildi. 2016-cı ilin aprelindən sonra isə bir sıra ən mühüm strateji yüksəkliklər Azərbaycan tərəfindən nəzarətə götürüldü. Həmin məğlubiyyət Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyana kürsüsü və hakimiyyəti bahasına başa gəldi. Təsadüfi deyil ki, cənab İlham Əliyev hər zaman Ermənistanın işğalçı, faşist mahiyyətini açıb göstərir.

Münhendə biz Paşinyanın necə qorxu ilə gözünü yayındırıb yan tərəfə baxaraq dövlətimizin başçısı ilə debata getdiyini gördük. Yazıq görünməmək üçün hər şeyi etməyə çalışırdı. Ancaq bu da uğursuzluğa məhkum olan bir taktika idi. Çünki Azərbaycan artıq Ermənistan üzərində nəhəng iqtisadi, say, siyasi və hərbi üstünlük əldə etmişdi. Parlaq Zəfərimizə isə bir neçə ay qalırdı.

2020-ci ilin fevralında Münhen şəhərində cənab Prezident hər birimiz üçün əsas məqsədə - Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqlarımızın geri qaytarılmasına yaxınlaşmaq baxımından mühüm olan Azərbaycanın diplomatik qələbəsini əldə etdi, kimin-kim olduğunu bütün dünyaya nümayiş etdirdi.

Emin QASIMOV,

"Respublika".