“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri
Hüquqi aktlar

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri

Azərbaycan Respublikasının

2021-ci il 14 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir.

Maddə 1. Medalın ümumi təsviri

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) qızılı rəngli, hamar şüalı və səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca “MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ” sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində səkkizguşəli ulduz təsvir olunmuşdur. Yazılar və ulduzlar qızılı rəngdədir.

2.2. Daxili çevrənin üzərində qızılı rəngli fonda üç sətrə bölünməklə “MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA GÖRƏ” sözləri yazılmış və sözlərin altında snayper tüfəngi təsvir edilmişdir. Yazı və tüfəng fonunda Azərbaycan Respublikasının xəritəsinin konturları təsvir edilmişdir.

2.3. Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində dörd sətrə bölünməklə qızılı rənglə “AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ” sözləri həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst hissəsinə 40 mm x 5.5 mm ölçüdə qızılı rəngli metal lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində mərkəzdə 15 mm enində qızılı rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 5 mm enində zeytun rəngli, 2 mm enində qızılı rəngli və 4 mm enində zeytun rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.