Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub
Digər xəbərlər

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub

17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) əməkdaşlarının peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, MSN-in yaradılmasının 16-cı ildönümü və nazirlik işçilərinin peşə bayramı günü münasibətilə müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi ilə nazirliyin kollektivi dekabrın 17-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyan nazirliyin kollektivi əbədiyaşar liderin xatirəsini dərin ehtiramla yad edib.

Ümummilli Liderimizin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin da məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra MSN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Nazirliyin "Üfüq" İstehsalat Birliyinin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıq, igidlik, mübarizlik və cəsarət nümunələrini əbədiləşdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış "Tarix yazan qəhrəmanlar" kitabının təqdimatı olub.

Tədbirin rəsmi hissəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunmuş "Salam, silah" filmi nümayiş etdirilir.

Müdafiə sənayesi naziri Mədət Quliyev tədbirdə çıxış edərək bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. Nazir bildirib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə 2005-ci il dekabrın 16-da dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Mədət Quliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev hələ SSRİ dövründə hərbi təyinatlı zavodların Azərbaycanda yaradılmasına xüsusi diqqət və qayğı göstərib. Məhz həmin dövrdə Ulu Öndərin şəxsi təşəbbüsü və səyi nəticəsində Bakıda və digər bölgələrdə çoxlu sayda müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılıb.

Nazir qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən düzgün aparılmış işlər nəticəsində başa çatmaq üzrə olan 2021-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilmiş ümumi məhsul həcminin 60 faizindən çoxunu ixraca yönəltmək mümkün olub. Bunun nəticəsində Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilməklə ümumi istehsal həcmi 2020-ci illə müqayisədə 10 faiz artıb.

Tədbirin sonunda Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan bir qrup əməkdaşa döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.

AZƏRTAC