Müdafiə Nazirliyi rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılan məlumatların statistikasını açıqlayıb
Digər xəbərlər

Müdafiə Nazirliyi rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılan məlumatların statistikasını açıqlayıb

Bu il yanvarın 1-dən iyunun 30-dək Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında paylaşılan məlumatların statistikası, eləcə də mətbuat sahəsində görülən işlər barədə yarımillik hesabat hazırlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyinin www.mod.gov.az rəsmi internet səhifəsinin məzmunu və tərtibatı çevik informasiya yayımını həyata keçirmək üçün üç (Azərbaycan, ingilis və rus) dildə fəaliyyətini davam etdirib.

Hesabat dövründə Müdafiə Nazirliyi tərəfindən ümumilikdə 723 məlumat hazırlanıb. Bundan 565 məlumat rus, 550 məlumat isə ingilis dilinə tərcümə edilərək nazirliyin rəsmi internet səhifəsində, o cümlədən feysbuk, tvitter, teleqram, instaqram sosial şəbəkələrində və yutub kanalında yerləşdirilib.

Müdafiə Nazirliyinin yutub kanalında yerləşdirilən videolara yazılmış mətnlərin 372-si rus, 369-u ingilis dillərinə tərcümə edilib.

Hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 3418 foto və 429 videomaterial rəsmi internet səhifəsinə yerləşdirilib.

Kütləvi informasiya vasitələrindən (KİV) daxil olan 60 sorğu cavablandırılıb, bundan 15-i rus, 7-si isə ingilis dilinə tərcümə edilib. Hərbi hissələrdə çəkilişlər aparılması üçün televiziya kanallarının nümayəndələrinə 95 icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil olunan tədbirlərin işıqlandırılması məqsədilə informasiya agentliklərinin nümayəndələrinin 27 tədbirdə iştirakı təmin edilib.

Hesabat dövründə geniş ictimaiyyətin məlumatlandırılması və KİV-lə işin təkmilləşdirilməsi məqsədilə müxtəlif səpkili 14 media-tur keçirilib.

İşğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarının Mühəndis Qoşunları tərəfindən minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri media nümayəndələrinə praktiki nümayiş etdirilib. Jurnalistlər, həmçinin Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilən müasir mühəndis texnikasının fəaliyyətini səhra şəraitində izləyiblər.

Media-tur çərçivəsində jurnalistlər Ağdam rayonunda yeni quraşdırılan modul tipli hərbi hissələrdə yaradılan məişət şəraiti ilə də tanış olublar. Bundan əlavə, bu rayonun ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində də KİV nümayəndələri iştirak ediblər.

Xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı prosesinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılış mərasiminin mediada işıqlandırılması təmin olunub.

Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlimlər barədə mediada operativ xəbərlərin verilməsi məqsədilə jurnalistlərin təlimdə iştirakı üçün şərait yaradılıb.

Hesabat dövründə yerli və xarici KİV-in, həmçinin feysbuk, tvitter, teleqram, instaqram sosial şəbəkələri və yutub kanallarının monitorinqi zamanı maraq doğuran 8089 məlumat təhlil edilib. Onlardan 3533-ü Azərbaycan, 2663-ü Ermənistan, 255-i Rusiya, 33-ü digər xarici ölkələrin saytlarına, həmçinin 1605 məlumat isə sosial şəbəkələrə aiddir.

Qeyd edilən dövrdə aparılan xarici KİV-in monitorinqi zamanı maraq doğuran 11 məqalə ingilis dilindən tərcümə edilərək yerli KİV-də dərc olunması üçün hazırlanıb, həmin məqalələrdən 4-ü dərc olunub. Əlavə olaraq xarici ekspertlərdən alınmış üç müsahibə rus dilində hazırlanaraq yerli KİV-də dərc olunub.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Müdafiə Nazirliyinin pressmdmod.gov.az və apellyasiyamod.gov.az elektron poçt ünvanlarına 2986 müraciət daxil olub ki, bu müraciətlər də müvafiq qaydada istiqamətlər üzrə yönəldilib və cavablandırılıb.

Hesabat dövründə nazirliyin feysbuk səhifəsində 1087, instaqram səhifəsində 1087, teleqram səhifəsində 1082 məlumat paylaşılıb, tvitter səhifəsində isə 1087 tvit yerləşdirilib.

Bu ilin altı ayında Müdafiə Nazirliyinin yutub kanalına ümumilikdə 410 video yüklənib.

AZƏRTAC