Müdafiə Nazirliyi
Digər xəbərlər

Müdafiə Nazirliyi "Müharibə veteranı" adının verilməsi barədə müraciətlərlə bağlı açıqlama yayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi "Müharibə veteranı" adının verilməsinə dair daxil olan müraciətlərlə bağlı açıqlama yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Müharibə veteranı" adının verilməsi üçün məlumatların "Zəfər" altsistemi vasitəsilə portala daxil edilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən komissiyanın işi davam edir. Təqdim edilən sənədlər və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76 min nəfərin adı artıq "Zəfər" altsistemi vasitəsilə portala daxil edilib. 12 min 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.

"Müharibə veteranı" adının verilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən rəsmi qaydada cavablandırılır. Verilən cavabla qane olmayan bəzi vətəndaşlar sosial şəbəkələr vasitəsilə əsassız fikirlər səsləndirərək komissiyanın fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikir yaratmağa çalışırlar. Bildiririk ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, "Müharibə veteranı" adının verilməli olan bütün şəxslər barədə məlumatlar "Zəfər" altsistemi vasitəsi ilə portala daxil ediləcək", - deyə nazirliyin açıqlamasında qeyd olunub.

AZƏRTAC