Müdafiə Nazirliyi komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
Digər xəbərlər

Müdafiə Nazirliyi komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılacaqlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul ediləcək.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanacaq və onlar ixtisaslarına uyğun əməliyyat (komando) hərbi hissələrində müvafiq vəzifələrə təyin olunacaq.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən kursa qəbul olunmaq barədə qəbul komissiyasının sədrinə ünvanlanan ərizə, şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1, çap edilmiş 2 nüsxədə), xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, təhsil haqqında sənədin, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin, nikah haqqında (evli olduqda) şəhadətnamənin, uşaqların (uşağı olduqda) doğum haqqında şəhadətnamələrinin surətlərinin notarial qaydada təsdiq edilmiş 1 nüsxəsini, evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə), 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə), qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış və hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surətini (1 nüsxədə) təqdim etməlidirlər.

Sənədlər fevralın 28-dən martın 19-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 76 ünvanında yerləşən "Qızıl Şərq" hərbi şəhərciyində (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) qəbul ediləcək.

Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum edilmiş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

AZƏRTAC