Müdafiə Nazirliyi: Ermənistan tərəfinin Qaragöl ətrafında Azərbaycan Ordusu bölmələrinin guya təxribat törətməsi barədə yaydığı məlumat yalandır
Digər xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan tərəfinin Qaragöl ətrafında Azərbaycan Ordusu bölmələrinin guya təxribat törətməsi barədə yaydığı məlumat yalandır

Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Qarşı tərəf bu kimi yalan məlumatlarla törədə biləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

 

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Ermənistan tərəfinin yaydığı dezinformasiyalara münasibət

Azərbaycan Ordusunun bölmələrinin Naxçıvan Muxtar Respublikası istiqamətində guya atəş açması nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Qeyd etdiyimiz kimi, bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində mövqeləri atəşə tutulub.

Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçunun güllələnməsi faktını ört-basdır etməkdir”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

 

Hazırda Azərbaycan sülhməramlılarının həyatı üçün təhlükə yoxdur

Kabil beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil. Şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyin təmin olunması məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

 

Kəlbəcər istiqamətində  mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-sı saat 18:45-dən 19:30-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan, Kəlbəcər və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 16-sı saat 19:55-dən 20:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kəlbəcər rayonunun Yellicə və Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz isə saat 21:20-dək qarşı tərəfin Basarkeçər rayonunun Aşağı və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutulub.

Bundan əlavə saat 21:35-dən 22:28-dək qarşı tərəf Çəmbərək rayonunun Ləzgiqaya və Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı və Qalakənd yaşayış məntəqələrindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

AZƏRTAC